Bu kimin günahıdır - cəmiyyətin, yoxsa ailənin?
- Niyə siqaret çəkirsən?
- Dərddən-sərdən. Siqaret çəkəndə dərdim azalmır, amma başım qarışır.
Bu gün 13 yaşlı uşaqlar da siqaret çəkirlər. Siqaretin azyaşlılara satılması cinayət sayılsa da, Azərbaycanda əlində siqaret olan uşaqların sayı az deyil. Küncdə-bucaqda gizləndiklərindən çox gözə çarpmasalar da, sayları getdikcə artır. Bəziləri də küçədə tanış ailənin uşağını əlində siqaret görəndə “əşi, cavan uşaqdır, çəkir, çəkir də” deyib yanından ötüb gedirlər.
Belələrindən soruşanda ki “niyə çəkindirmirsiniz?”, deyirlər ki, “biz də cavan olmuşuq”. Ay qardaş, indi siz, biz cavan olub, bu səhvi etmişiksə, gərək elə bütün gənclik də belə davam edə? Məsələnin bu tərəfinə daha sonra gələcəyik.
Sosial platformalarda yetkinlik yaşına çatmayan qız və oğlanların damağına siqaret qoyaraq canlı yayım açması dəhşətdir. Hələ kişi söyüşü söyən, bu yaşda oğlanlarla öpüşmə səhnələrinin videosunu paylaşan yeniyetmə qızları demirəm.
Bu kimin günahıdır - cəmiyyətin, yoxsa ailənin?
Uşaqlara tərbiyə verən ata-ana və nənə-babaların, iki nəslin yaşadığı dövrlə paralellər aparsaq, təxminən 40 il əvvəl ilə bu gün arasındakı “inkişaf”ın, daha dəqiq desək, uçurumun səbəbi nədir?
https://baku.tv/az/dunyaa/54302/
Böyük marketlər şəbəkələri istisna olmaqla, köşklərdə, kiçik mağazalarda azyaşlılara sərbəst şəkildə siqaret satışı ilə mübarizə aparılır deyilsə də, öz gözümün şahidiyəm, rahat-rahat da satılır.
Biri deyir, “dədəm göndərib”, biri deyir, “babam göndərib”, mağaza sahibi də dədənin-babanın dostu, qonşusu çıxırsa, vəssalam, yaşıl işıqdır. Mağaza sahibləri inzibati məsuliyyətə cəlb edilmir, cərimə olunmurlar.
Psixoloq Aytən Ələkbərova Oxu.Az-la söhbətində deyir ki, yetkinlik yaşına çatmayanlar arasında siqaret çəkən, alkoqollu içki içən və hətta əxlaqsız hərəkətlərə yol verən oğlan və qızların sayının artmasının ilkin səbəbi ailələrdə olan nizamsızlıqdır.
Özlərini zəngin həyat tərzi sürürmüş kimi təqdim edirlər…
“Digər tərəfdən, sosial şəbəkə bunun üçün ən uyğun yerdir. Bəzən sosial şəbəkədə özünü zəngin kimi göstərməyə çalışan şəxslərin əksəriyyəti kirayə mənzillərdə qalır, heç öz avtomobilləri yoxdur, olanlar isə lizinqdədir. Onları izləyənlər isə bu cür həyat tərzinə meyil etdiklərindən, həyat tərzlərini korlayaraq onların sıralarına qoşulurlar.
Bir uşağın hər dediyini edən valideynlər də görürük. Bu, birbaşa özbaşınalığa icazə verməkdir, güvənmək deyil. Bu cür davranış uşağın şüursuz addımlar atmasına səbəb ola bilər.
Belə uşaqlara 7-11-ci siniflərdə oxuyan məktəblilər arasında daha çox rast gəlinir. Hər bir işin başında ailə dayanır, ailə övladına dost olarsa, planlı şəkildə hər şeyi idarə edərsə, gələcəkdə biz bu cür hərəkətlərə yol verən yeniyetmələrlə qarşılaşmarıq”.
https://baku.tv/az/dunyaa/54308/
Uşaqlar “Tik-Tok”da yaşca özlərindən böyük insanlarla “oyun” oynayırlar
Psixoloq yeniyetmələrin sosial şəbəkələrdən təyinatı üzrə istifadə etmədiklərinə diqqət çəkərək bildirib ki, onlar yaşca böyük insanların etdiklərini təkrarlamağa çalışırlar:
“Bu kimi davranışlar əslində doğru deyil. Onlar müxtəlif oyunlar oynayırlar, “uduş” məbləği üçün, hədiyyələr üçün xoşagəlməz davranışlara yol verirlər. Yeniyetmələr, gənclər həmin şəxsləri örnək götürürlərsə, bunu xaotik edirlər. Hətta deyərdim ki, özlərini o insanlara bənzədən yeniyetmələr fərqinə varmadan bunu edirlər və buna şüursuz hərəkət deyirik”.
Qeyd edək ki, müxtəlif dövrlərdə lentə alınan videogörüntülər sosial şəbəkələrdən götürülüb. Şəxslərin yetkinlik yaşına çatmadıqları nəzərə alınaraq üzləri blur edilib.