Anasından polisə şikayət edən 10 yaşlı qız: “Dedi ki, siqaretsiz gəlsən, səni evdən atacağam” - VİDEO
Sığınacağa gətirilən qız onu ən çox incidənin anası olduğunu deyir.
Bu barədə məlumat Qadın və Uşaq Sığınacağı tərəfindən paylaşılıb.
Belə ki, uzun müddətdir sığınacaqda qalan 10 yaşlı qız dünən sığınacaqdan uşaq evinə gedəcəyini öyrənib, ağlayıb:
“Anam məni incidirdi. Deyirdi ki, get, pul tap, gətir. Mən edə bilmədiyimi deyəndə məni vururdu. Nənəm gizli-gizli mənə pul verirdi. Deyirdim ki, guya salfet satmışam. Amma heç vaxt salfet satmamışam. Axırda dedim ki, mən polisə deyəcəyəm. Ondan sonra 1 ay anam mənə yaxşı davranmağa başladı. Harasa gedirdi, 2-3 gün sonra gəlirdi. Evə gələndə mənim istədiyim şeyləri alırdı. Bir həftə sonra yenə dedi ki, get, salfet sat və 50 manat toplamamış gəlmə evə. Gələndə də bir paket siqaret al, yoxsa səni evdən atacağam. Mən də gedib polislərə şikayət etdim”.
10 yaşlı qız deyir ki, əvvəl babası onu gəzməyə aparardı:
“Hər ad günümdə maşınla gəzməyə aparırdı. Hər yeri tanıyırdım. Ona görə “Şamaxinka” adlanan ərazidəki 19-cu Polis Bölməsinə şikayət etdim. Oradakı polis dedi ki, biz “motodrom”a (Xocəsən tərəf) baxmırıq. Sonra məni 40-cı bölməyə gətirdilər. Axşam orda qaldım, günorta məni sığınacağa gətirdilər. Burada yaxşıyam. Arada qardaşım üçün darıxıram. Bura gələndən mənə hər şey alıblar, hər yerə aparıblar. Bundan sonra istəyirəm ki, qardaşımla birlikdə Almaniyaya gedim. Çünki ora çox gözəldir”.