Xəbərlər / Tədris işləri üzrə dr/müavini / Təşkilat işləri üzrə dr/müavini
04 yanvar 2020
2 857


Məktəb tərbiyəsi yoxsa tərbiyə məktəbi

Məktəb tərbiyəsi  yoxsa  tərbiyə məktəbi

 

Biz hər bir insana kiçik yaşlarından vətənə və əməyə məhəbbət, yaşlılara hörmət, yoldaşlıq və kollektivçilik, davranış mədəniyyəti, gözəllik hissi aşılamalı, onlarda biliyə maraq və dərketmə qabliyyəti, müstəqillik və intizam kimi yüksək əxlaqi keyfiyyətləri inkişaf etdirməliyik. Bu məktəb islahatının tələbidir.

Araşdırmalar göstərir ki, uşaqda mənəvi keyfiyyətlərin formalaşmasında ailə mühiti mühüm rol oynayır. Bu heç də səbəbsiz deyil. Çünki uşağın ilkin tərbiyəsi ailədən başlanır. O, ailədə necə yaşamağı, özünü necə aparmağı öyrənir, eşidir və hiss edir. Uşaq həyatı demək olar ki, əyani surətdə öyrənir. Buna görə də uşağın tərbiyəsi onun hansı ailədə böyüməsindən, valideynlərinin şəxsi keyfiyyətlərindən çox asılıdır. Daha doğrusu, valideyn öz davranış və hərəkətləri ilə uşaqlarına nümunə göstərir. Əgər ata hər gün evə sərxoş gəlirsə, aydın məsələdir ki, o, ailə başçısı kimi vəzifəsini yerinə yetirə bilməyəcək. Ailədə intizam pozulacaq. Hərc-mərclik yaranacaq, qarşılıqlı hörmət və tərbiyə məsələsi unudulacaq. Bunun nəticəsində də ailədə çətin tərbiyə olunan uşaqlar yetişəcək.

Məktəb həyatı bir çox yeniyetmə üçün çox sıxıntılı keçir. Heç ev həyatı da məktəbdən yaxşı deyil. Onlar məktəbdə, evdə tez-tez qorxu hissi keçirirlər. Uşaqlardan biri deyir: "Mən hər axşam yaxınlaşanda qorxmağa başlayırdım. Onun (yəni atasının) evə ayıq gəldiyi gün mənim üçün toy-bayram idi. Atam evə sərxoş gələndə, gərək biz vəziyyəti onun vəziyyətinə uyğun quraydıq. Belə olmasaydı sifətimizə zərbə dəyəcəkdi. Onun bu vəziyyəti məni də dəyişdirmişdi. Artıq yalan da danışırdım, əsəbləşirdim. Hamı təəccüblənirdi, görəsən mən nə üçün belə kobudam, saymazam, əsəbiyəm? Onlar haradan bilsinlər ki, mən həmişə sərxoş atamın kobud sözlərini, söyüşlərini, yalan danışmağını eşitmişəm”.

Ancaq bilmək lazımdır ki, bu cür taleli yeniyetmələr təkcə atası içən, narkoman olan və ya valideynləri boşanmış ailələrdə meydana gəlmir. Əksinə də olur. İctimai vəziyyəti pis olmayan ailələrin başçıları iş yerlərində özlərini yaxşı göstərirlər. Ancaq onlar səhərdən-axşamadək işlə məşğul olduqlarından bəzən uşaqlarına nəzarəti unudurlar. Valideynləri ola-ola uşaqlar bir növ yetim qalırlar. Nəticədə yaxşı işləyən valdeyn bəzən yaxşı valideynlikdən uzaqlaşmış olur.

Ailə mikromühitində uşaqların tərbiyəsində ananın rolu əvəzolunmazdır. Pedaqoqlardan birinin sözüylə desək, ana təbii tərbiyəçidir. Onun uşağa təsiri misilsizdir. Buna görə də ana hər bir hərəkəti ilə uşaqlara nümunə olmalıdır. Təəssüf ki, bəzən analar bu tələblərə cavab vermirlər. Uşaqlarına tələbkarlıq göstərmir, onlar ictmai qaydaları pozduqda belə günahı övladlarında yox, məktəbdə görürlər. Unutmaq olmaz ki, uşaqların tərbiyəsində ailə ilə məktəb birgə iş aparmalıdır. Hər bir valideyn bilməlidir ki, onun böyütdüyü uşaq təkcə özü üçün yox, Vətən üçün, xalq üçün gərəkli olmalıdır. Buna görə də valideynlər uşaqlarına müntəzəm nəzarət etməli, onların əyləncəsi, kiminlə oturub-durmaları ilə yaxından maraqlanmalıdırlar.

Bəzi valdeynlər uşaq dəcəllik etdikdə onu başa salmaq, tənbeh etmək əvəzinə həyətə oynamağa göndərirlər. Nəticədə belə uşaqlar fürsətdən istifadə edərək özü xarakterdə olan uşaqlara qoşulur, ictimai binaların dəhlizlərində səs-küy salır, qapı-pəncərələri sındırırlar və s.

Öz vətəndaşlıq borcuna biganə və laqeyd olan adamlar haqqında V.A.Suxomlinski yazıb: "Tərbiyəli adam o şəxsdir ki, ətraf aləmi yalnız gözləri ilə deyil, ürəyi ilə də görür, ürək kar və kordursa gözlər heç nəyi görməyəcək. Emosional nadanlıq laqeydlik, insafsızlıq yaradır. Belə laqeyd və nainsaflar insanlar arasında yaşasalar da özlərini tənha hiss edirlər. Belələri ən incə tərbiyə aləti olan sözün təsirinə qarşı kardırlar".

Bu gün hər yerdə "Planetimiz təhlükədədir, insanlıq hərbi, ekoloji təhlükə nəticəsində məhv olmaqdadır” sözləri eşidilməkdədir. Bu vəziyyətdə insan həyatının qiyməti daha da artmış olur. Hər şeydən əvvəl indiki nəslə və gələcək nəslə təmiz hava, çiçəklənən torpaq, təmiz su, meşə sərvətini qoruyub saxlamaq lazımdır. Problem çoxdur. Ən əhəmiyyətlisi insanın fiziki və mənəvi sağlamlığını qorumaqdır.

Tərbiyə və təhsil işi yüngül şəraitdə getmir. İqtisadi, ekoloji problemlər, hüquq pozuntuları, cinayətkarlıq fövqalədə situasiya yaradır. Gənclər və yeniyetmələr arasında oğurluq, dalaşma, tüfeylilik, intihar, narkomaniya, alkoqolizm (neqativ halların hamısı deyil) halları ilə az qala hər gün qarşılaşırıq. Gənclərimiz bir çox cinayəti böyüklərin təsiri altında edirlər. Əqli, fiziki cəhətdən formalaşmamış bəzi yeniyetmələr cinayətkar ünsürlərin təsiri altına düşərək fahişəliklə, avaralıqla, oğurluqla məşğul olurlar.

Əfqanıstan, İraq, Suriya, Liviya və başqa yerlərdə bir-birinə oxşar cinayətlər, xüsusi amansızlığı ilə fərqlənən millətlərarası münaqişələr də bütövlükdə gənclərə, yeniyetmələrə, uşaqlara pis təsr göstərir. Qorxulusu odur ki, bu hadisələrdə çoxlu gənc, yeniyetmə iştirak edir. Terrorçu İŞİD qruplaşmasının nələr törətdiyi hamıya bəllidir. Onlar hətta kiçik yaşlı uşaqlara tapanca, bıçaq verib  cinayət yollarını öyrədir, zəif müstəqilliyə malik, öz davranışını idarə etməyi bacarmayan yeniyetmələrdən istifadə edirlər. Tərbiyə və təhsil, təhsil və tərbiyə verərkən məktəb yaxşılıq etməyi öyrətməli və təhlükəli bəlanı gizlətməməlidir.

Təhsilin humanistləşdirilməsi bu gün xüsusi əhəmiyyət kəsb edir. Uşaqlarda insanı, təbiəti, ana vətəni sevmək birdən-birə yaranmayıb. Bunlar kiçik yaşlardan ailədə və məktəbdə tərbiyə vasitəsilə məqsədəuyğun şəkildə hər gün öyrədilib. Böyüyən gənc nəslə diqqəti artırmaqla daha çox müvəffəqiyyət qazanmaq olar. Tərbiyəni müəllim dərsdə  və ya dərsdənkənar məşğələdə verməlidir. Ola bilər ki, neytral qalsın (kömək etməsin). Burada hər şey müəllimdən, onun peşəsini sevməsindən, məqsədinin nə olduğunu başa düşməsindən, çətin tapşırıqları həll etmə bacarığından asılıdır. Bu iş müəllimdən dərin və hərtərəfli bilik, nəzakət, dərindən mühakimə yürütmək bacarığı tələb edir.
 
Müəllimin göstərdiyi şəxsi nümunədən çox şey asılıdır. Kimsə sinifdə pis vəziyyətə düşübsə, kimsə sinifdə ağlayırsa, kimisə əsəbləşdiriblərsə, uşaqlara bədxahlq barədə danışın. Bədxahlıq keçici xəstəlikdir. Ətrafdakıları da xəstələndirir. Uşaqlara danışın, təbiətlə cəmiyyət bir-biriylə əlaqədardır. Bir nəfərə pis olan, müxtəlif vaxtlarda hamı üçün pis olur. Harada ki, yaxşılıq, mərhəmət, ürəyiaçıqlıq, insanpərvərlik və s. yoxdursa, orada pislik meydan açar, başqalarına da yoluxar. Başqasına zərər verən adama başa salınmalıdır ki, savaş – geniş miqyaslı zorakılığa çevrilə bilər. Yaxşılıq elə bir gün işığı, isti yağışdır ki, onun sayəsində ətraf gül-çiçəyə bürünər.

Məktəbin öz divarları arasından bilərəkdən "orta” səviyyəli uşaqlar buraxmağa haqqı yoxdur deyiriksə, onda bu, tərbiyə prosesinin humanistləşdirilməsi deməkdir. Hər yeniyetmənin öz taleyi, öz həyatı var. Birisi hələ ibtidai məktəbdən inkişaf edir, yaxşı oxuyur, ictimaiyyətçidir, nə işlə məşğul olursa hamısının öhdəsindən gəlir. Digəri idman seksiyaları üçün yararlı deyil, məktəbdənkənar müəssisələrə getmir, məktəb proqramını yerinə yetirmir.
 
Bəzi uşaqlar sinif yoldaşlarına belə etinasızdırlar və bu cür uşaqlar üçün bir üsul qalır: küçə kampaniyasında özünü təsdiq etmək. Bu isə onların kriminal qruplaşmalara qoşulması təhlükəsini artırır. İndi burada çox şey müəllimdən asılıdır. Əgər müəllim vəziyyəti qiymətləndirmirsə, şagirdlərin kollektivdə avtoritetinin möhkəmləndirilməsinə qayğı göstərmirsə, onda müəllim özü sinif yoldaşlarının uşağa pis münasibət bəsləməsinə şərait yaradır. Sinfə gələrkən müəllim deyir: ”Yenə də filankəslər tapşırığı hamıdan pis yerinə yetiriblər”. Sinif uşaqları çevrilib həmin uşaqlara baxırlar. Müəllimin gözündə bu uşaqlar heç nə etməyə qadir olmayanlardır.

Axı başqa yollar da var. Hər halda bu uşaqlarda da hər hansı bir yaxşı keyfiyyət olmamış deyil. Həmin keyfiyyətlərdən istifadə edib müvəffəqiyyət qazanmaq olar. İmkan vermək olmaz ki, sinifdə dərs proqramını mənimsəməkdə geri qalanlar olsun, hətta 2-3 nəfər də olsa. Axı öyrənmək uşaq fəaliyyətinin əsas növüdür. Bu növdən uşaq mütləq müvəffəqiyyət qazanmalıdır ki, özünə inamı itirməsin, kollektivin gözündən düşməsin.

Onsuz da uşaq dərsdə formal oturub. Əslində o özünü heç kəsə lazım olmayan, heç kəs tərəfindən tanınmayan kimi hiss edir. Yeniyetmə şagird sayına daxil olmasına baxmayaraq, demək olar ki, oxumur, onu faktiki olaraq heç kəs öyrətmir. Müəllimlər deyirlər onun öyrənmə qabliyyəti yoxdur, öyrənmək istəmir. Faktki olaraq uşaq gizlində qalır. Demək, belə müəllimlərdə yeniyetmənin çətin həyatını düzəltmək marağı yoxdur. Elə bunun nəticəsidir ki, orta məktəblərdə ədəbsizliyə yol verilir, papiros çəkənlərin sayı get-gedə artır. İş o yerə çatıb ki, məktəblərə psixotrop maddələr də gətirilir. Uşaqlar kənar yerlərdə oğurluq edir, dilənçiliklə məşğul olurlar.

Bərdə şəhərində təzə doğulmuş uşağın yolun ortasına atılması onu göstərir ki, insanlar bəzən heç heyvanların etmədiyini edirlər. Atanın arvadını, oğlunu, qızını, yaxud qardaşın bacısını, atasını, anasını öldürməsi nə deməkdir? Heyvanlar bu sahədə daha mərhəmətlidirlər. Bütün bunlar pis tərbiyənin acı nəticəsidir.

Tərbiyədən danışarkən heyvanlara da müraciət etmək məsləhət görülür. Heyvanlar haqında danışığa şagirdlər maraqla qulaq asırlar. Qəribə səslənsə də, uşaqlar heyvanlardan çox şey öyrənə bilərlər. Heyvanların öz ailələrinə necə qayğı ilə yanaşması, erkəklərin öz balalarını və dişi cinsi qətiyyətlə qoruması, sürünü müdafiə etmək üçün cəsarətlə canlarından keçməsi… bütün bunlar ibrətamizdir.

Maraqlısı odur ki, erkək cins heç vaxt dişi cinsə savaş açmır. Böyüklər öz balalarının şıltaqlığına dözür, onlara bütün həyatı boyu lazım olacaq vərdişləri aşılayır. Ancaq körpələr böyüdükdə onlardan müəyyən şeyləri də tələb edirlər.

Mənəvi tərbiyəyə aid Suxomlinskinin "Anaların bağı” yazısında göstərilir ki, birinci sinif şagirdlərinə payızda gül şitili paylanır. Al və ək, qulluq et, gözəllik yarat. Atana, anana, babana, nənənə sevinc gətir. Vaxt çatır, gül şitili uşaqların əməyi sayəsində böyüyür. Uşaqlar onlardan dəstə tutub böyüklərə, valideynlərə təqdim edirlər. Uşaqlar bu işləri görməkdən zövq alır, sevinc, fərəh hissi keçirirlər. Bu ən böyük sevincdir, yaradıcılıq sevincidir, onlar üçün əziz olan insanlar üçün yaxşılıqdır. Bu güllər nəinki başqaları, uşaqların valideynləri üçün də fərəhdir. Hansı ata-ana uşağının yetişdirdiyi güllərlə fərəhlənməz!

Suxomlinskinin mənəvi tərbiyə dərsini yadımıza salaq. O istəyirdi ki, məktəb ətrafdakılara qayğı hissi tərbiyə etməyi öyrətsin. Suxomlinski oğlan uşağına tapşırmışdı ki, nəzarət etsin, məktəb akvariumundakı lampa sönməsin. Akvariumdakı balıqlar donmasın. Oğlan gecələr gedib akvarium olan otağın pəncərəsindən baxıb, lampanın sönüb-sönmədiyini yoxlayırmış. Bu, artıq yaxşılıq etməyi öyrənmək deməkdir.

Suxomlinskinin pedaqoji təcrübəsi göstərdi ki, şagirdlərin təbiətə kollektiv qayğı tərbiyəsi öz ardıcıllarını da tapmaqdadır. Görkəmli pedaqoqun təcrübəsindən bir epizod. Uşaqlar meşənin kənarında oturublar, birdən onların diqqətini meşə sahəsindəki kanalın içərisində balaca bir şam bitkisi cəlb edir. O, bu yaxınlarda əmələ gəlib. Lakin sahədə onun məhv olma təhlükəsi var. Yamacdan süzülən yağış suyu gələcək yarğanın təməlini qoyub. Şam bitkisi yarğanın ortasındadır. Yarğan isə sahənin sıradan çıxması deməkdir. Müəllim uşaqlara deyir sahəyə diqqətlə baxın, bura bizim torpağımızdır. Axı məhsuldar torpaq bizim ən böyük sərvətimizdir, həyatımızın mənbəyidir. Mənbənin özünün də həddi-hüdudu var, vətənimizin məhsuldar torpağı kasıblaşsa, onda yeməyə heç nə tapa bilmərik. Bu məhsuldar torpaq heç kəsindir, torpaq xalqa məxsusdur.
 
Sən, mən və biz bu torpaqlar üçün məsuliyyət daşıyırıq. Lakin kiçik şam ağacının bitdiyi yerdə yağış suyunun yarğan əmələ gətirəcəyi aydın görünür. 10 ildən sonra kanalda uzunluğu 1 metr, 30 ildən sonra 3 metr dərinliyində yarğan əmələ gələcək. Erroziya 20 hektarlarla məhsuldar torpağı məhv edəcək. Qonşu sahəyə baxın, orada şam ağacı yoxdur. Əvəzində məhsuldar olmayan gilli torpaqlar əmələ gəlib. Təbiətin dağıdıcı gücü artıq özünü göstərir.

Müəllim uşaqların gözlərindəki həyəcanı görür, onlar artıq ürəklərində fikirləşirlər: "Nə etmək lazımdır?” Bax, budur böyük düşüncənin qığılcımı. Belə anlar uşağın vətəndaşlıq həyatını hiss və həyəcanla doldurur. Uşaqlar sahədə gəzişir və düşünürlər: dağıdıcı axının qabağını necə kəsmək olar ki, suyun istiqaməti meşəyə yönəlsin və meşə torpağı suyun bir hissəsini içə bilsin. Qalan hissəsi isə qonşuluqdan keçən çaya, o da öz növbəsində gölməçəyə tökülsün. Onlar işə başlamaq qərarına gəlirlər.

Belə dərslərdə müəllimlər uşaqlara təbiəti, bütün canlıları sevdirirlər. Eqoizmin, laqeydliyin, şiddətin yaranmasına imkan verilməməlidir. Bu, təlim-tərbiyənin humanistləşdirilməsi yollarından biridir.

Tərbiyənin təbliğində televiziyanın rolu böyükdür Əfsuslar olsun ki, bizim televiziyalar tərbiyədən çox müğəniləri və onların ailələrini təbliğ edir. Mənəvi tərbiyəyə aid verilişlər gözə çarpmır. Halbuki indiki vaxtda təlim və tərbiyənin təbliği çox vacibdir.

Uşaqların tərbiyəsində onların asudə vaxtının səmərəli təşkili çox böyük əhəmiyyətə malikdir. Mütəfəkkirlər öz əsərlərində asudə vaxt anlayışını şəxsiyyətin hərtərəfli inkişafı üçün zəruri şərt kimi əsaslandırıblar. Onlardan biri asudə vaxtı "Dincəlmək, inkişaf etmək, bir insan, bir ailə sahibi və bir vətəndaş kimi öz hüquqlarından istifadə etmək üçün vaxt” kimi müəyyən edib. Uşaq asudə vaxtda nə edəcəyini dəqiq bilməlidir. Çalışmaq lazımdır ki, istirahət saatlarında onlar məktəbdənkənar tərbiyə müəssisələrinə getsinlər. Elə etmək lazımdır ki, bu müəssisələrdə uşaqların əylənmələri üçün yaxşı şərait yaradılsın, uşaqlar burada özlərini yad adam kimi deyil, evdəki kimi hiss etsinlər.

Mütəfəkkirlərdən biri yazıb: "Uşaqların ictimai həyəcanlarının çərçivəsini genişləndirmək lazımdır… Biz öz uşaqlarımızın tərbiyəsini həyatın mərkəzində qaynar həyatın köməyi ilə reallaşdırırıq”.

Əfsuslar olsun ki, gənclərimiz, yeniyemələrimiz, hətta uşaqlar belə dərs hazırlığına getdiyindən, asudə vaxtdan istifadə edə bilmirlər. Bu da onların sağlam böyümələri üçün böyük təhlükə yaradır.

Arif SADİQOV  Naxçıvan, Ali dərəcəli kimya-biologiya müəllimi
Navator.az
Məqalə Göndər








Загрузка...