Valideynlər aralarında yaranan fikir ayrılığını uşağa hiss etdirməməlidir
Uşaqların düzgün tərbiyəsi cəmiyyətimiz üçün ən mühüm amillərdən biri hesab olunur. Valideynlərin daha çox karyera ilə məşğul olması, uşaqlarına elə də çox vaxt ayıra bilməməsi nəticəsində uşaqların böyük əksəri yaşına uyğun olmayan məlumatlar alaraq, psi yollara istiqamətlənir. Mövzu haqda daha ətraflı danışmaq üçün psixoloq Tünzalə Verdiyevaya müraciət etdik.
-Ailədaxili tərbiyə necə olmalı, valideynlər daha çox hansı nüanslara diqqət yetirməlidir?
-Tərbiyə geniş anlayışdır. Uşağın tərbiyəsində ətraf mühit, təhsil müəssisələri (bağça,məktəb ,məktəbdənkənar tərbiyə müəssisələri), informasiya vasitələri və s ilə yanaşı əsas missiya ailənin üzərinə düşür.Valideynlər arasında uşaqların tərbiyəsi ilə bağlı həmrəylik olmalıdır. Valideynlər aralarında yaranan fikir ayrılığını uşağa hiss etdirməməlidir.
Bu gün Azərbaycanda ənənəvi ailə modeli dağılmaq üzrədir
-Ümumiyyətlə bu gün Azərbaycan ailəsində valideynlərin uşaqlara verdiyi tərbiyəni necə qiymətləndirmək olar?
-Bu gün Azərbaycanda ənənəvi ailə modeli dağılmaq üzrədir. Bu vəziyyət öz mənfi təsirini uşaqların tərbiyəsində də biruzə verir. Şəxsiyyətlərarası və şəxsiyyətdaxili ziddiyyətlər valideyn- övlad münasibətlərində uçurumlar yaradır. Hansı ailədə ata, ana və digər ailə böyükləri (baba, nənə) uşağın tərbiyəsində müsbət şəxsi nümunə göstərirsə o ailədə sağlam düşüncəli və cəmiyyətimiz üçün yararlı şəxsiyyətlər yetişir.
Uşaqları maraqlandıran sualları yaşlarına uyğun olaraq düzgün cavablandırmaq lazımdır
-Uşağın tərbiyəsi üçün hansı amillərə diqqət yetirmək lazımdır?
-Həm ailədə, həm də məktəbdə uşağa şəxsiyyət kimi yanaşmaq lazımdır. Hər bir uşağın fərqli fərdi xüsusiyyətləri var. Temperament tipinə və xarakterinə görə bir-birindən fərqlənən uşaqların tərbiyəsində fərdiliyi tapmaq yüksək valideynlik bacarığı tələb edir. Hələ ana bətnindəyikən uşağın fiziki və fizioloji tərbiyəsi, lap kiçik yaşlarından estetik tərbiyyəsi, maraq və meylləri formalaşır. Artıq 2 yaşında uşaq hansı cinsə mənsub olduğunu (oğlan,qız) dərk edir. Deməli bu dövrdən etibarən onların cinsi tərbiyəsi ilə məşğul olmaq, uşaqları maraqlandıran sualları yaşlarına uyğun olaraq düzgün cavablandırmaq lazımdır. Əmək tərbiyəsi hər bir yaşda ardıcıl və mütəmadi aparılmalı, həyatı bacarıqlar, özünəxidmət vərdişləri formalaşdırılmalıdır.
Uşağın fiziki, fizioloji və psixi inkişafında, düzgün tərbiyyə olunmasında ata qayğısı və ana nəvazişi mütləqdir
-Uşağın tərbiyəsi daha çox hansı tərəfdən asılıdır?
-Birmənalı olaraq uşaqların tərbiyəsində hər iki valideynin rolu vacibdir!
Təəssüflər olsun ki, bəzən valideynlər bir-birini təqsirləndirir...Atalar "mənim vəzifəm pul qazanmaq, çörək dalınca qaçmaqdır, uşağı tərbiyə etmək anasının işidir" deyib məsuliyyətdən kənarda qalmaq istəyirlər. Uşağın fiziki, fizioloji və psixi inkişafında, düzgün tərbiyə olunmasında ata qayğısı və ana nəvazişi mütləqdir. Hər iki valideynin diqqət və qayğısı ilə əhatə olunmuş uşaq özünü dəyərli hiss edir, daha inamlı böyüyür.
Onlar sosial şəbəkələrdə saatlarla vaxt keçirir, məkrli insanların təsiri altına düşür
-Bugunki uşaqların tərbiyə sistemini, onların düşüncə tərzlərini, hərəkətlərini nə formalaşdırır?
-Bütün dövrlərdə nəsillərarası ziddiyyətlər olub.Yaşlılar yeni nəsli valideynlərinə deyil, müasir zəmanəyə oxşamaqda günahlandırıblar. Bu gün uşaqların formalaşmasında ailə dəyərləri, məktəbdə təhsil, təlim-tərbiyə ilə yanaşı cəmiyyətin, ətraf mühitin və yaşıdlarının təsiri vardır.Ucqar kəndlərdən, kiçik qəsəbələrdən fərqli olaraq şəhərdə, xüsusilə də paytaxtda yaşayan uşaq və yeniyetmələr daha çox internetdən təsirlənir. Əlbətdə müasir dövrü komputer və mobil rabitəsiz təsəvvür etmək mümkün deyil. Uşaqlar dərslərini hazırlayarkən hər hansı bir məlumatı, informasiyanı internet resurslarından asanlıqla əldə edirlər. İKT dən istifadə vaxt itkisinin qarşısını alır. Digər tərəfdən isə internetdən istifadə uşaqların tərbiyəsində mənfi rol oynayır. Onlar sosial şəbəkələrdə saatlarla vaxt keçirir, məkrli insanların təsiri altına düşür. Elə onların təkidi ilə də evdən qaçır, zərərli vərdişlərə meyil göstərirlər. Müxtəlif saytlara daxil olub, yaşlarına uyğun olmayan informasiya alırlar.
http://olaylar.az