Uşaq tərbiyəsində valideynin rolu - SÖZÜ VƏ ƏMƏLİ NÜMUNƏDİR
Valideynlərin uşaqların təlim-tərbiyəsinə böyük maraq göstərməsi təbiidir. Siz istəyirsiz ki, uşaqlarınız vicdanlı, ədəbli, təmkinli şəxs kimi böyüsünlər, cəmiyyətdə mədəni və mütərəqqi düşünən insanlar kimi layiqli yer tutsunlar. Lakin valideynlər bir şeyi dərk etməlidirlər: onların ümidləri o zaman gerçəkləşə bilər ki, xoş arzular konkret əməllərlə əvəz olunsun.
Başqa sözlə, uşaqlarınızın uğur əldə etməsindən ötrü siz özünüz zəruri müsbət keyfiyyətlərə və məziyyətlərə malik olmalısınız. Alimlərin ümumi fikirinə görə, valideynlərin sözləri və əməlləri uşaqlara böyük təsir göstərir. Məhz valideynlər uşaqların mənəviyyatını, rəftarını, dəyərlər dünyasını, şəxsiyyətini formalaşdırır. Burada ananın məziyyətləri və tərbiyə məsələlərində mövqeyi daha güclü təsirə malikdir. Valideynlərin dediyi sözlər və etdikləri əməllər uşağın davranış tərzində əks olunur.
Bir çox uşaq psixoloqları, uşaqların, demək olar ki, bütün davranış qaydalarını təqlid və müşahidə yolu ilə mənimsədiklərini söyləyirlər. Ona görə də biz uşaqda valideynlərin və onunla ünsiyyətdə olan digər şəxslərin davranış və rəftarının güzgü tək əksini görə bilərik.
Valideynlərin hər bir əməli, onlar tərəfindən deyilmiş hər bir söz uşaqların təlim-tərbiyə prosesində əhəmiyyətlidir. Əgər valideynlər uşaqların doğruçu böyüməsini, pis sözlərlə dillərini murdarlamamasını ürəkdən istəyirlərsə, onların özləri də evlərində yalan və qeybətdən qaçmalıdırlar.
Əgər siz uşağınıza yalan danışmağın pis hərəkət olduğunu, yalançının özünü başqaları qarşısında alçaltdığını söylədiyiniz halda, onun yanında yalan danışırşınızsa, onda o sizin sözlərinizdəki riyakarlığı dərk edəcək, sizin bütün öyüd-nəsihətləriniz dərhal unudulacaq, günəş şüaları səhər dumanını dağıtdığı kimi səpələnəcəkdir.
Məsələn, ata uşağa öyrədir ki, yalan insan üçün çox böyük qüsurdur, yalan danışmaq olmaz, hər zaman və hər məsələdə doğruçu olmaq lazımdır və s. Bu zaman kimsə qapını döyür. Ata oğlunu qapıya göndərir və ona deyir ki, əgər onu soruşsalar desinki evdə yoxdur. Bu hərəkətdən sonra atanın öyüd-nəsihəti uşağın tərbiyəsinə müsbətmi təsir edəcək ?
Valideynlər öz uşaqlarına mənəviyyatla bağlı nə deyirlər desinlər və nə öyrədirlər öyrətsinlər, özləri ilk növbədə gündəlik həyatlarında həmin mənəvi prinsipləri gözləməlidirlər. Əks halda şəxsi nümunəyə əsaslanmayan öyüd-nəsihətlər vaxtın əbəs yerə itirilməsindən başqa heç nəyə gətirib çıxarmayacaqdır.
Əksər valideynlər səhvən elə hesab edirlər ki, balaca uşaqlar "hələ çox şeyi dərk etmirlər”.
Əksinə, uşaqlarda təqlid etmə meyli hər şeyi bilmək həvəsi ilə birləşir, hansı ki, o qədər güclüdür ki, onlarda hər şeyi bilmək və hər şeyi görmək arzusunu daim gərginlikdə saxlayır. Heç nə bu həssas, fəal, diqqətcil və hər şeyi bilmək istəyən varlığın nəzərindən gizlədilə bilməz.
Suyu odun üstünə qoyduğumuz andan o yavaş-yavaş qızır, qaynama nöqtəsinə çatana kimi özündə istilik "toplayır”. Suyun qaynamasından ötrü müəyyən vaxt lazımdır. Eyni hadisə uşaqlarla da baş verir. Onlar erkən çağlarından başlayaraq, ətraflarında gördüklərini və eşitdiklərini sanki süzgəc kimi toplayırlar. Budur vaxt yetişir və onların topladığı hər şey özünü göstərməyə və bəhrə verməyə başlayır.