AzTehsil.com


Xəbərlər / Psixoloq / Valideyn
24 noyabr 2017
5 333


TƏRBİYƏDƏ ATANIN ROLU



"Necə ola bilər ki, bu cür gözəl valideynlərin belə dəhşətli uşaqları olsun?”.

 

Bu, yüksək əxlaq və nümunəvi davranışın təcəssümü olan valideynlərə dostları, tanışları, qohumları tərəfindən tez-tez verilən sualdır. Bir halda ki, hər bir nəticənin səbəbi var, onda biz də bunun izahını verməyə çalışaq.


1. Valideynlər, ilk növbədə atalar, öz uşaqlarının davranışına ya heç nəzarət etmir, ya da onların tərbiyəsinə kifayət qədər vaxt ayırmırlar. Onlar əsasən bütün vaxtı işdə olur və evə yorğun halda, yalnız dincəlmək və gün ərzində itirdikləri enerjini bərpa etmək məqsədi ilə qayıdırlar.

Ailədə uşaqların qayğısı yalnız ananın üzərindədirsə və bu məsələdə uşaqlara (xüsusən də oğlanlara) böyük təsiri olan atanın iştirakı və əməkdaşlığı cüzidirsə, belə ailəni bir ayağı üstündə durmağa cəhd edən insana bənzətmək olar. Məsələn, ağır iş günündən sonra ata işə qayıdır. O, bir müddət qəzet oxuyur, sonra gəzməyə gedir, ailəsi ilə birgə şam edir və sonra hansısa ictimai tapşırığı yerinə yetirməkdən ötrü yenə evdən gedir. Evə olduqca gec qayıdır, yatmağa getməzdən əvvəl mütaliə edir və yazır.


Bunu ailə hesab edə bilərikmi? Uşaqlar atanın varlığını hiss edirlərmi ? Ata onların təlim-tərbiyəsinə təsir göstərirmi? Yəqin ki, yox. Belə ata uşaqlarla söhbət etməkdən ötrü nə imkan tapır, nə də onların həyatı ilə maraqlanmaqdan, məsləhət verməkdən, onların sevincini, həyəcan və qayğılarını bölüşməkdən ötrü onun vaxtı var. Onu, işinin çoxluğundan qonaqları ilə danışmağa vaxtı olmayan ev sahibinə oxşatmaq olar. Bu cür şəraitdə ata uşaqlarını necə çoxsaylı fiziki və əqli pozulmalardan qoruya və düzgün tərbiyə edə bilər ? O, öz işi, mühazirələri, elmi məqalələri ilə cəmiyyətə xeyir verir, lakin bir məsələdə onun cəmiyyətə bəhrəsi az olacaq – bu onun uşaqların tərbiyəsində ailəsinə olan tövfəsidir.

 

Uşaqla az ünsiyyət edən, vaxtını evdən kənar maraqlara sərf edən ata ciddi səhvə yol vermiş olur. Ehtiyac və məhrumiyyətlər onda əməksevərlik tərbiyə etmişdir, lakin təəssüflər olsun ki, atanın bu təbii keyfiyyəti ailəyə məyusluqdan başqa heç nə vermir. Əgər başqa adamlar onda əxlaqlı, savadlı insan, vicdanlı işçi görürlərsə, öz doğma uşaqları onu laqeyd və onlarla ünsiyyətdən qaçan insan kimi tanıyırlar.

 

Ataların özlərini uşaqların təlim-tərbiyəsindən kənarlaşdırması yolverilməzdir. Onlar uşaqlarına diqqət ayırmağı özlərinin əsas vəzifələri hesab etməli və öz imklanları daxilində onların təlim-tərbiyələrində fəal iştirak etməlidirlər.

 

2. Ata tərəfindən diqqətin kifayət qədər olmaması, bu cür münasibətin bilavasitə nəticəsi olan uşaqların evdən kənar davranışına da təsir göstərir. Ata bir qayda olaraq, uşağın kiminlə ünsiyyət etdiyindən, yaşıdları ilə münasibətindən, istirahət və əyləncəni necə keçirməsindən xəbərsizdir.


Uşaqlarının evdə nə ilə məşğul olmasından xəbərsiz ata, şübhəsiz ki, onların evdən kənarda özlərini aparmasından da xəbərsizdir. Uşaq öz təbiətinə görə kamil varlıq deyildir, o hələ çox şey öyrənməli və bilməlidir, lakin əgər o valideynin rəhbərliyindən və nəzarətindən məhrumdursa, onun davranışı düzgün yoldan kənara çıxacaq və arzuolunmaz nəticələrə gətirib çıxaracaqdır.


Məqsədimiz ataları əhəmiyyətli işlərlə məşğul olmaq və ictimai həyatın yaxşılaşdırılmasından ötrü öz töhfələrini vermək fikrindən döndərmək deyildir. Lakin onların fəaliyyətində birinci yerdə həmişə ailə durmalı, atanın ən əhəmiyyətli vəzifəsi isə uşaqların təlim-tərbiyəsi olmalıdır. Bu daha böyük məsuliyyətdir.




Загрузка...