Uşaqlar niyyətini niyə gizlədir? - TÖVSİYƏ
Anadan doğulmuş uşaq mükəmməllikdən son dərəcə uzaqdır. Bu təkcə köməksizlik deyil, həqiqətdə mükəmməl olmamaq və hətta şərə meyillilikdir. O, tərbiyə edilməli, mükəmmələşdirilməli, onun təbii meyli istiqamətləndirilməli və əgər ehtiyac varsa, elə formalaşdırılmalıdır ki, onun fiziki və mənəvi sağlamlığı təmin olunsun.
Balaca uşaqlar əməllərinin çoxunu gizlincə etməyə cəhd edirlər. Onlar xeyli səy göstərirlər ki, öz əməllərini analarından gizlətsinlər və başladıqları işi sona çatdırsınlar. Uşaqlara təsir göstərməzdən əvvəl, tərbiyəçi, bu davranışın səbəbini dərk etməlidir. Bu da ona öz vəzifəsini daha yaxşı yerinə yetirməkdə köməklik edərdi.
Müəllifin nəzərincə, uşağın gizli əməlləri onunla izah edilə bilər ki, təbii instinktlər balaca uşaqları onlar üçün maraqlı olan, həzz gətirən və onlarda hər şeyi bilmək həvəsini qızışdıran şeylərə güclü və hərisliklə can atmağa məcbur edir. Onlar tez-tez nəyisə götürmək, əldə etmək, almaq impulsuna müqavimət göstərə bilmir, məqsədlərinə çatmaqdan ötrü məqbul hesab etdikləri istənilən vasitədən istifadə edirlər və bununla da böyüklərin qoyduğu tələbləri və qadağaları pozmuş olurlar.
Balaca uşaq meyvə ilə dolu vazaya baxır. Onların iyi, rəngi və dadı onu özünə cəlb edir. İnstinkt həmin an ona necə hərəkət etməyin yollarını və ardıcıllığını pıçıldayır. Daxili səs deyir: " Bu qəşəng, qırmızı, şirəli almanı götür”.
O, əlini uzadır, lakin anasının ciddi xəbərdarlığını eşidir: "Əl dəymə. Bu qonaqlar üçündür. Birdən, çaşıb götürərsən, ha”.
Uşaq iki ziddiyətli məsələ qarşısında qalır: bir tərəfdən iştaha onu narahat edir, digər tərəfdən isə cəzalandırılmaqdan qorxur. Daxili mübarizə çox vaxt onunla qurtarır ki, istək ananın qorxunc xəbərdarlığına üstün gəlir. Deyə bilərik ki, "nəfsi onu azdırır” və onun qulağına pıçıldayır: "mənim balam, sən necə də bu meyvələrin, qəşəng almanın, şirəli gilasın və dadlı əriyin dadına baxmaq istəyirsən, lakin sən bunun nəticəsindən qorxursan. Onları gizlincə götürmək daha yaxşı olardı, anan sənə tərəf baxmayanda götürərsən, onun xəbəri olmayacaq”.
Beləliklə, qərar qəbul olunur və uşaq anasını "aldatmağa” çalışır. O, vazaya yaxınlaşıb, xoşuna gəldiyi meyvələri götürüb yeyir. Sonra heç bir şey olmamış kimi anasının yanına qayıdır və özünü elə göstərir ki, sanki ananın xəbərdarlığı ona təsir etmişdir. Ana uşağın hərəkətlərindən, onun "itaətkarlığından” razı qalır. Lakin sonra meyvə vazasına yaxınlaşarkən, meyvələrin azaldığını görür və o, ailənin qalan üzvülərindən şübhələnir. Ailə konfliktini xəlvəti guşədən izləyən "sakit və məsum” uşaq pis iş gördüyünü düşünmür və özünü inandırır ki, onun heç bir günahı yoxdur. "Mən meyvə istəyirdim, ona görə də onu yedim. Əgər anam yad adamları, qonaqları məndən, öz doğma balasından üstün tutursa, onda o özü pis iş tutur”.
Uşaq hər gün onun diqqətini özünə cəlb edən müxtəlif əşyalar və hadisələrlə üzləşir və o, onların mahiyyətini dərk etməyə çalışır. Addım-addım o, kiçik kəşflər edir və öz bilik ehtiyatını zənginləşdirir. Müəyyən müddətdən bir musiqi aləti kimi melodiya səsləndirən divar saatı uşağın diqqətini özünə cəlb edir. Hər şeyi bilmək həvəsi onu bu qəribə şeyi araşdırmağa məcbur edir, halbuki saata toxunmaq ona qadağan olunmuşdur. Ailənin böyük üzvülərinin evdə olmaması ona öz planını həyata keçirməyə imkan verir. O saatın asıldığı divara tərəf gedir, stulun üstünə çıxır və saatı yerindən tərpədir. Saatın başına gələnlərdən artıq danışmağa ehtiyac yoxdur.
Qısası, gizli niyyətli davranışın əsasında həzzlər əldə etmək istəyi durur. Böyüklərdə oxşar davranışı araşdırmayacağıq, belə ki, onun da əsasında oxşar motivlər durur. Analoji hallarda böyüklər də özlərini uşaqlar kimi aparırlar, onlar da öz ehtiyaclarını ödəməkdən və ya həzzlər əldə etməkdən ötrü uşaqlar kimi əxlaq normalarını, göstərişləri pozmağa meyillidirlər.
Uşaqlarda gizli niyyətli davranışın qarşısını almaqdan ötrü bəzi tövsiyələr aşağıdakılardır:
1. Ana ailənin büdcəsini nəzərə almaqla, uşağı dəyərli qida ilə təmin etməli, onu gigeniya qaydalarına və sağlam həyat-tərzinə öyrətməlidir. Başqa sözlə, haqlara uyğun olaraq, uşağın alınan və evə gətirilən yeməli, içməli və geyməli hər bir şeydən öz payı vardır.
Heç nəyi gizlətmək və ya gizlində saxlamaq olmaz, çünki ananın istənilən gizlin işi uşaqların gizlin işinə səbəb olur. Niyyəti gizli saxlamaq olduqca sirayətedicidir: o böyüklərdən uşaqlara keçir. Məsələn, ana evə meyvə gətiribsə, o uşağın payını ayırıb ona verməlidir. Uşaq əmin olmalıdır ki, öz payını almışdır, yerdə qalanları isə başqalarınındır. Valideynlərə şirniyyatın uşaqlardan gizlədilməsi adətindən imtina etməyi məsləhət görərdim. Lakin ana uşağa nəzarət etməli, əgər o nəfsinə qarşı dura bilmirsə və qadağanı poza bilərsə, ehtiyatla və tədbirlə onun hərəkətlərini düzəltməlidir.
Fərz edək ki, uşaq şkafdan peçenye, pirojna və ya konfet götürür. Bu zaman ananın reaksiyası kobud və sərt olmamalıdır. Təmkinlilik birinci addım kimi zəruridir, sonra əlverişli vaxt seçib, bunu ona xatırlatmaq və irad tutmaq olar. Bir qədim ərəb mütəfəkkiri demişdir: "yasaqlanan arzu olunandır”. Uşaq müəyyən edəndə ki, ona qarşı heç bir ədalətsizlik edilmir, şkaf açıq saxlanılır və onun şkafdan konfet və ya meyvə götürmək istəyinə ciddi məhdudiyyətlər qoyulmayıb, tədricən "onun gözləri qarnı kimi tox olacaq” və o, qaydalara tabe olmağı, nəfsə müqavimət göstərməyi, başdan çıxaran şeylərdən özünü saxlamağı öyrənəcəkdir.
2. Uşaqların hər şeyi bilmək həvəsini təmin etməkdən ötrü, bu marağı yaradan mürəkkəb şeylər haqqında onların məlumatlılıq səviyyəsini yüksəltmək lazımdır. Məsələn, valideylər uşağa ucuz saat ala bilərlər və əgər o, onun iş prinsipini öyrənmək arzusunda olarsa, saatı onun sərəncamına da vermək olar. Beləliklə, onun hər şeyi bilmək istəyi təmin olunacaq, arzuların şiddəti tədricən aşağı düşəcəkdir. Valideynlər uşaqda qəfildən yaranmış, ani və dəyişkən görünən faydalı marağı möhkəmlədə də bilərlər.
Bizim nəzərdən keçirdiyimiz misallar və tərbiyə qaydaları valideynlərə yalnız sadə əyani tövsiyələr kimi təqdim edilir. Valideynlər özləri uşaqlarının gizli niyyətlərinin qarşısını almaqdan ötrü ağıla, sağlam düşüncə və toplanmış təcrübəyə uyğun olaraq yollar axtarmalıdırlar.