Bu gün Dədə Şəmşirin 132 yaşı tamam olub
Azərbaycan mədəniyyətinin, mənəviyyatının ən dərin qatlarında yaşayan, sazın səsi ilə ruhumuza hopan bir sənət var - aşıqlıq. Aşıqlığın klassik anlamı blkə də, aşiq olmaq, sevmək, fəda olmaq deməkdir.
Bu sənətin fədailərinə DƏDƏ deyirlər. Dədə Ələsgər, Dədə Şəmşir...
Bu gün Dədə Şəmşirin 132 yaşı tamam olur. Çox qəribədir, Dədə Şəmşirin yaradıcılığına diqqət etdikdə ona yaş verməkdə aciz qalır adam.
Şeirləri elə dərinliklərə gedib çıxır ki, düşünürsən o, Azərbaycanın ən yaşlı adamıdır.
Digər bir şeirini oxuyursan, bu dəfə fikrin dəyişir, elə bilirsən ki, Dədə Şəmşir ya gəncdir, ya da hələ doğulmayıb. Dədəliyin sehri adamı tutur.
Dədə Şəmşir bir ruhdur.
Dədə Şəmşir bir Kəlbəcərdir.
Kəlbəcər deyiləndə ilk yada düşən, göz önünə gələn Murovdu, Dəlidağdı, Tərtərdi, Dədə Şəmşirdi.
Bu gün Kəlbəcərin azaddır, DƏDƏ...
Sənin ruhun da azaddır, şaddır...
Öz ocağında, öz tüstüsündə DƏDƏmizi ziyarət etmək nəsibimiz olsun.