"Şagirdlərə texnologiya fənnindən daha çox tarix dərsi vacib sayılmalıdır" - Ekspert
Gənc nəsli lazımi biliklərlə silahlandırmaq məqsədilə təhsilin məzmununda daimi yenilənmə gedir. Bu yenilik dərsliklərin hazırlanmasında, fənlərin əvəzlənməsində, tədris prosesinin qurulmasında özünü göstərir. Orta məktəblərdə tədris olunan əmək hazırlığı, rəsmxətt kimi fənlər artıq klassik hesab olunaraq texnologiya, təsviri incəsənətlə əvəzlənib.
Bəs, qloballaşan dünyanın tələblərinə cavab verən kadr hazırlamaq üçün şagirdlərə hansı fənlər tədris olunmalıdır?
"Təhsilin məzmunu cəmiyyətin yox, idarələrin rəyinə əsasən müəyyənləşdirilir”.
Bu sözləri AzEdu.az-a mövzu ilə bağlı açıqlamasında təhsil eksperti Şahlar Əsgərov deyib.
O bildirib ki, əsrin səciyyəvi cəhəti biliyə, texnologiyaya söykənməsidir. Ona görə də ümumtəhsil məktəblərində böyüməkdə olan gənc nəslə biliklə, texnologiyalarla bağlı fənlər tədris olunmalıdır:
"Həmişə vurğulayıram ki, bizim cəmiyyət riyaziyyatı gözəl bilməlidir. İndi isə orta məktəblərə proqramlaşma da fənn kimi əlavə edilməlidir. Məntiqi, tənqidi təfəkkürü inkişaf etdirən dərslərə daha çox üstünlük verilməlidir. Bu şagirdin düşüncəsini formalaşdırmaq üçün hökmən lazımdır. "Mən varlı olum”- yox, "biz varlı olaq”, "mən qalib gəlim” iddiası əvəzinə, "biz qalib gələk” düşüncəsini təbliğ etmək lazımdır. Çünki 10 nəfər fərdin milyarder olmağındansa, toplumun, dövlətin güclü olması daha yaxşıdır. Bununla millət heç nə qazanmaz, amma toplum güclü olsa, bu artıq inkişaf deməkdir”.
Texnologiya fənninin üstünlüyündən danışan Ş.Əsgərov qeyd edib ki,müstəqil ölkə vətəndaşı kimi hər kəs öz tarixini də gözəl bilməlidir. Çünki tarixini bilməyən insan vətənpərvər ola bilməz:
"Tarixi şəxsiyyətlər şagird üçün nümunədir. Bu məsələ elə təbliğ olunmalıdır ki, şagird qürur duymalıdır.Mən hesab edirəm ki, texnologiya fənnindən daha çox sevilən, hamımız tərəfindən qəbul edilən tarix dərsliklərimiz olmalıdır. Orta məktəb tarix dərslikləri ali məktəb vəsaitlərindən təkcə məlumatın həcmi ilə deyil, məzmunu ilə də fəqlənməlidir. Orta məktəblərdə tariximizin şərəfli səhifələri öz əksini tapmalıdır. Ali məktəb dərsliyində isə məğlubiyyətlərimiz analiz olunmalıdır. Tələbələrə başa salınmalıdır ki, bəzi səhvləri etdik və belə nəticələndi. Yəni orta məktəblərdə ancaq qalibiyyətlər, ali məktəblərdə isə real tarix yazılmalıdır”.