İnformatika fənn kim ümumtəhsil məktəblərinin tədris planına 1985-ci ilin 1 sentyabrından daxil edilib.
İlk illərdə "İnformatika və hesablama texnikasının əsasları" adı ilə yalnız yuxarı siniflərdə (IX və X siniflərdə) tədris olunub. Aradan uzun neçə illər keçməsinə baxmayaraq, hazırda orta məktəblərdə informatikanın tədrisi ilə bağlı fikirlər birmənalı deyil.
Texnologiya dövründə bütün məktəblər kompüter və internetlə nə dərəcədə təchiz olunub? Ümumiyyətlə, əsasən də rayonlarda bu fənnin tədrisi nə dərəcədə qənaətbəxşdir?
Aztehsil.com xəbər verir ki, İnternet Forumunun prezidenti Osman Gündüz AzEDU-a açıqlamasında bu barədə danışarkən, bir neçə maraqlı məqama toxunub:
"İndi məktəblərdə situasiya elədir ki, uşaqlar hədsiz dərəcədə çox yüklənir. Tədris fənləri, ev tapşırıqları həddindən çoxdur. Bu baxımdan, fundamental, praktiki fənlərin təyini və saat bölgüsü ilə bağlı problemlər var. Təhsil Nazirliyi bu problemlərdən çıxış yolu üçün son dövrlərdə çox gözəl bir addım atıb. Təmaülləşmə xətti götürülüb, yəni məktəblərdə ixtisaslaşma aparılır. Məsələn, humanitar, iqtisadiyyat, texniki, tibbyönümlü və s. Burada yalnız uyğun fənlər keçirilir. Həyata keçirilən təmaülləşmə xətti şagirdlərin yüklənməsinin qarşısının alınması üçün doğru addımdır. Amma bizə məlum oldu ki, bir-iki əvvəl təmaülləşmə aparanda texniki istiqamət üzrə informatikanı əsas fənn olaraq salmayıblar. Bu, böyük narazılıq yaratdı. Humanitar təmayüllü məktəblərdə isə ümumiyyətlə, yox idi. Son illərdə bildiyim qədər texniki istiqamət üzrə məcburən, həftədə 1-2 saat informatika dərsi salınırdı. Azərbaycanın qarşıya qoyduğu məqsədlər, strateji sənədlər var. Bu sənədlərdə insan kapitalı ilə bağlı qoyulan məqsədlər var. Bu məqsədlər baxımından informatikanın çəkisinin az olmasını doğru hesab etmirəm. Bu, addım-addım artırılmalıdır. Əvvəlkindən fərqli olaraq texniki və riyaziyyat istiqamətində informatikanın fundamental olması artıq, təsdiqlənib”.
Osman Gündüz deyir ki, informatika dərs saatının azlığı həm müəllimlərin bu sahədə ixtisaslaşmasına, həm də bu sahənin inkişafına çox təsir edir. Bu təsirlərdən biri də odur ki, kompüter ixtisasına imtahan vermək istəyən şəxs informatikadan yox, kimyadan imtahan verir. Bu da belə fikir yaradır: "informatika öyrənmək nəyə lazımdır, elə uşağı kimyadan hazırlaşdırsam yaxşı olar”. Valideyn, məktəb, DİM marağı kimyaya verirsə, onda uşağın informatikadan hazırlaşmasına ehtiyac qalmır. Müəllimlərin bu istiqamətə həvəssiz olmasının kökündə duran məsələ, dərs saatının azlığı ilə bərabər, həm də DİM-də texniki istiqamət üzrə qəbul imtahanında informatikanın olmamasıdır: "DİM də deyir ki, hazırda məktəblərdə informatika ilə bağlı bilik-bacarıqlar aşağı səviyyədədir. İnformatikadan imtahan salınsa, çox abituriyent kəsiləcək. Ona görə məktəblərdə informatika bilik səviyyəsi qaldırılmalıdır ki, sonra imtahan siyahısına bu fənni salaq. Hesab edirəm ki, Təhsil Nazirliyi daha çox iş görməlidir. Zamanla DİM-də ən azı birinci mərhələ üçün heç olmasa riyaziyyatın yarısında və ya hansısa fəndə informatikadan imtahan suallarını əlavə etməlidir. Sonra isə kimya informatika ilə əvəzlənməlidir”.
Son dövrlərdə informatikanı tədris edən müəllimlərin peşəkarlığını artırmaq üçün müəyyən təlimlər, kurslar tədbirlərin keçirildiyini deyən O.Gündüz bu istiqamətdə müsbət irəliləyişlərin olduğunu söyləyir: "Az sayda yaxşı müəllimlər var. Elə məktəblər var ki, digər fənni tədris edənlər informatkanı keçir. Çatışmazlıqlar var, dərs saat azdır, DİM-də informatika fənnindən imtahan yoxdur. Bütün bunlar bu sahənin zəif olmasına gətirib çıxarır. Təhsil Nazirliyi stimullaşdırma xətti aparmalıdır. İxtisaslı kadrların hazırlığı üçün həvəsləndirici addımlar atılmalı, yəni informatika ixtisasını seçənlər üçün hansısa güzəştlər edilməlidir”.
"Orta məktəblərdəki bütün kompüterlər artıq "qocalıb”
Osman Gündüz bildirir ki, təhsilin informasiyalaşdırılması, yəni təhsildə İKT ilə bağlı dövlət proqramları var idi: "2004-2007,2008-2012-ci illər iki dövlət proqramı oldu. Bunlar məktəblərdə çox böyük dəyişikliklər yaratdı. Deməzdim ki, 100% effektli istifadə olundu, amma istənilən halda iki nəhəng dövlət proqramı 2013-2014-cü illərdə böyük informasiyalaşmada, təhsilin modernləşməsində ciddi dönüş yaratdı. 2012-ci ildən sonra heç bir dövlət proqramı yoxdur. Ən yaxşı halda Təhsil Nazirliyi hansısa məktəbə müəyyən sayda kompüter, texniki avadanlıqlar verir. Bu informasiyalaşma sayıla bilməz. Bunun adı texniki təchizatdır. Bunlar ayrı-ayrı anlayışlardır. Ona görə son dövrlərdə məktəblərə verilən kompüterlər də qocalıb. Avadanlıqlara texniki servis yoxdur. Məsələn, hansısa məktəbə kompüter verilib, amma neçə il keçməsinə baxmayaraq, buna dəstək yoxdur. Bu kompüterlər nə qədər işləyə bilər ki?! Yeni avadanlıqların verilməməsi , dəstəyin olmaması ciddi problemlər yaradır. İnformasiyalaşma ilə bağlı işlər ya donub qalıb, ya da geri gedir. Təhsilin informasiyalaşması ilə bağlı üçüncü dövlət proqramının qəbul olunması çox vacib məsələdir”.
Osman Gündüzün sözlərinə görə fənnin dərs saatı artırılmalı, müəllimin stimullaşdırılması, müəllimlərin hazırlıq səviyyəsinin artırılması üçün kurslar təşkil olunmalıdır. Kimsə informatikadan, kompüter elmlərindən təhsil almağı seçirsə, o, kimyadan yox informatikadan imtahan verməlidir. Bu Təhsil Nazirliyinin məktəblərdə gördüyü işlərə paralel olaraq getməlidir. Birinin olub, digərinin tətbiq olunmaması effektli olmayacaq. Bu addımlar atılarsa, ciddi dönüş yarana bilər.
"İnformatika fənni keçirik, amma kabinet və kompüterlər yoxdu”
Balakən rayonu Qazbinə kənd orta məktəbində informatika fənnini tədris edən Nərmin Qabilova bildirir ki, əskinə, fənninin dərs saatları o qədər də az deyil. Yuxarı siniflərdə artıq həftədə iki dəfə keçirilir. Aşağı siniflərdə ağır mövzular yoxdur deyə, 1 saat bəs edir. 45 dəqiqəyə verilən mövzunu çatdıra bildiyini deyir. Onun sözlərinə görə, son illərdə modul tipli məktəblərin sayı artıb: "Burada bir-iki məktəb tapmaq olar ki, onlarda kompüter avadanlığı yaxşı vəziyyətdə olmasın. Yeni məktəblər çoxdur deyə, vəziyyət yaxşıdır. İşlədiyim məktəbdə də kompüterlərin sayı kifayət qədərdir. Şagirdlər də istifadə edə bilirlər”. Nərmin xanım deyir ki, kompüter otağının olmaması şagirdlərdə praktik cəhətdən zəiflik yaradır. Nəzəriyyədə keçirilənlərin praktiki olaraq işlənməsinin yaxşı olduğunu və şagirdlərin də praktiki istiqamətə daha maraqlı olduqlarını vurğulayır. Dərsliklərlə bağlı isə iki illik təcrübəsində bir problemlə qarşılaşmadığını deyir: "İkiillik iş təcrübəm olduğuna görə əvvəlki dərsliklərlə müqayisə edə bilmirəm. Bu müddətdə bir problemlə qarşılaşmamışam. Şagirdlərə gəlincə isə onlar daha çox kompüter otağına getmək, kompüterlə işləmək istəyirlər. Nəzəriyyədən qaçırlar”.