Müəllim işləyə-işləyə yeri vakant göstərilib?
Sumqayıtda məktəblərin birində qəribə olay baş verib. Belə ki, 39 nömrəli məktəbdə tam ştat müəllim işləyən Sevinc Mirzəyevanın tutduğu vəzifə heç bir xəbərdarlıq edilmədən vakant yer kimi müsabiqəyə çıxarılıb.
Bu barədə Xeberle.com-a açıqlamasında S. Mirzəyevanın həyat yoldaşı Osman Mirzəyev deyib: "Həyat yoldaşım 20 ilə yaxındır ki, ibtidai sinif müəlliməsi kimi çalışır. 2012-2016-cı illərdə analıq məzuniyyətində olub. 2015-ci ildə müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanına girib və 40 bal toplayıb (10 bal ixtisas). 2016-cı ildə ona yeni sinif verilib və maaşı artırılıb. Sonra isə ona xəbərdarlıq edilmədən onun işlədiyi halda yeri vakant yerə verilib. Elə bil ki, sağ adamı öldürüblər.
39 nömrəli məktəbin direktorunun yanına getmişik. Bizə deyir ki, vakant yerləri mən verməmişəm, mənə göndərilib. Bizə isə heç bir sənəd göstərmir. Əslində 18 saat dərs yükü olmalıdır. Deyir ki, 6 saat dərs veriləcək. Təhsil Nazirliyində də olmuşuq, orada oturan qızlar mənə dedi ki, imtahan nəticəsində az bal toplayıb ona görə saatı azalıb. Mənə maraqlı olan odur ki, əgər həyat yoldaşım savadlı kadr sayılmırsa, imtahandan sonra ona necə yeni sinif verilib və maaşı artırılıb?!"
Məktəb direktoru: "Sevinc müəllimə 40 sualdan 10-na cavab verib"
Məsələylə bağlı 39 nömrəli məktəbin direktoru Bəxşeyiş Ələmşahovla əlaqə saxladıq. Direktor bildirdi ki, məktəb rəhbərliyinin heç bir müəllimlə şəxsi ədavəti yoxdur. Bütün verilən dərslər diaqnostik qiymətləndirilmənin nəticəsinə görə Təhsil Nazirliyinin tapşırığına əsasən edilir. "Məktəbimizin müəllimləri diaqnostik qiymətləndirilmədən keçirilib. Diaqnostik qiymətləndirilmədə müəllimlər iki imtahan verirlər, bir ixtisas, bir də metodikadan.
Sonradan Nazirlik Təhsil şöbələrinə, onlar da bizə göstəriş verdilər ki, ixtisasdan 15 baldan aşağı toplayan müəllimlərə 6 saat dərs verilsin. Sevinc müəllimə də 10 bal toplayıb. Verilən göstərişə görə də Sevinc müəlliməyə 6 saat dərs vermişik. Sevinc müəllimə 40 sualdan 10-na cavab verib. Müəllimlərin isə hamısına deyilib, onlar bilirdi ki, aşağı qiymət alanların saatları azalacaq. Yüksək nəticə göstərsəydilər, saatları azalmayacaqdı".
Sumqayıt Təhsil şöbəsinin inspektoru: "Nəticəsi zəif olan müəllimlərin saatı azalır"
Sumqayıt Təhsil şöbəsinin inspektoru Ramil Abbasov isə saytmıza bildirdi ki, vakansiyaları Təhsil Nazirliyi tərəfindən mərkəzləşmiş şəkildə müəllimlərin diaqnostik nəticələrinə əsasən müəyyən olunub. "Biz Təhsil şöbəsində vakansiya müəyyən etmirik. Bunu Təhsil Nazirliyi dəfələrlə qeyd edib ki, yeni dərs ilində müəllimlərin dərs bölgüsündə mütləq diaqnostik qiymətləndirilmənin nəticələri nəzərə alınacaq. Təbii olaraq, nəticəsi zəif olan müəllimlərin saatı azalır. Az bal toplayanlarla bağlı Təhsil Nazirliyi keçən ay müəllimlərə imkan yaratdı. Qərar verildi ki, müəllimlərin işə qəbulu imtahanlarında qeydiyyatdan keçib özlərini bir daha sınasınlar. Özlərinə inamlı olan müəllimlər yenidən imtahan verib ballarını qaldırdılar".
Həmin müəllimin yerinin vakansiyaya çıxarılması qanunsuzdur
Məsələ ilə bağlı olaraq təhsil eksperti Kamran Əsədovla əlaqə saxladıq. K.Əsədov Xeberle.com-a açıqlamasında qeyd etdi ki, bu kimi hallarda Şəhər Təhsil şöbəsi, aidiyyatı qurumlar təcrübəsizlik edirlər.
"İlk növbədə qeyd edim ki, məlum olduğu kimi 2014-cü ildən ilk olaraq Bakı şəhərində müəllimlərin diaqnostik qiymətləndirilməsi başladı. Məqsəd ondan ibarət idi ki, orta təhsil məktəblərində çalışan müəllimlərin bilik və bacarıqları yoxlanılsın. Ümumilikdə, 140 minə yaxın müəllim diaqnostik qiymətləndirilməyə cəlb olunub.
Məlum oldu ki, uzun müddətdir ki, əlində təhsil sənədi olan müəllimlərimizin 40 faizə yaxını tədris etdiyi ixtisası üzrə minimum bacarıqlara malikdir. Lakin ilk növbədə qanunvericilikdə nəzərdə tutulub ki, diaqnostik qiymətləndirilmənin nəticələrinə görə müəllimlərin işdən azad edilməsi və yaxud da onlara qarşı hər hansısa sanksiyaların həyata keçirilməsi yolverilməzdir. Sadəcə olaraq Təhsil Nazirliyinin bu barədə müvafiq əmri var ki, daha doğrusu tövsiyyə olunur ki, müəllimlərə dərs saatlarının verilməsi onların diaqnostik qiymətləndirilmədə göstərdikləri nəticələr əsasında keçirilsin.
İbtidai siniflər üzrə tədris aparan müəllimlərin dəyərləndirilməsi diaqnostik qiymətləndirməyə görə həyata keçirilir. Lakin, orada dərs saatlarına başqa müəllimlərin cəlb olunması yolverilməzdir. Mən hesab edirəm ki, diaqnostik qiymətləndirilməyə görə həmin müəllimin yerinin vakansiyaya çıxarılması qanunsuzdur.
Birincisi ona görə ki, ilk dəfə olaraq keçirilən diaqnostik qiymətləndirmə sınaq imtahanı xarakteri daşıyırdı. Onun hər hansı bir konseptual sənəd əhəmiyyəti daşıması öncədən müəyyən olunmamışdı. Sonradan ölkə prezidenti İlham Əliyev "Müəllimlərin əmək haqlarının" artırılması barədə sərəncam verdi. Və bununla da diaqnostik qiymətləndirilmənin formatı dəyişdirildi. Mənim fikrimcə, Bakı və Sumqayıt şəhərində müəllimlərin yenidən diaqnostik qiymətləndirilməsi keçirilməlidir.
Çünki, həyata keçiriləndə yanaşma tərzi fərqli idi. İbtidai sinifdə hansı dərsi böləcəklər? Çünki orda rəsm, xarici dil, informatika fənnini digər ixtisaslı müəllim tədris edir. Amma birbaşa ibtidai sinfin tədrisinə malik olan fənlərin 2 müəllim tərəfindən aparılması yolverilməzdir. Burada Şəhər Təhsil şöbəsi, aidiyyatı qurumlar təcrübəsizlik edirlər. 6 saat dərs bölgüsü yuxarı sinifdəki müəllimlərə və yaxud ibtidai sinifdə tədris aparan digər müəllimlərə şamil olunmalıdır. Doğrudur, müəllimin dərs saatının azaldılması qanunvericilikdə öz əksini tapıb. Ancaq, bu barədə müəlliməyə xəbərdarlıq edilməli idi.”
Hicranə İsmayılova
Xeberle.com