Gürcüstanda “Azərbaycanda təhsil imkanları” mövzusunda infosessiyalar keçirilib
Gürcüstanda “Azərbaycanda təhsil imkanları” mövzusunda infosessiyalar keçirilib.
AzTehsil.com xəbər verir ki, 2-3 oktyabr tarixlərində Gürcüstanda təhsil alan azərbaycanlı şagird və tələbələr üçün “Azərbaycanda təhsil imkanları” adlı infosessiyalar təşkil olunub. Sessiyalar Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Study in Azerbaijan” MMC-nin birgə təşəbbüsü, Azərbaycanın Gürcüstandakı səfirliyi və SOCAR-ın Tbilisidəki Baş ofisinin dəstəyi ilə baş tutub.
İnfosessiyaların əsas məqsədi gənclərə Azərbaycanda ali təhsil imkanları barədə ətraflı məlumat vermək, onların ölkəmizdə təhsil almağa marağını artırmaq və mövcud dəstək mexanizmlərini diqqətə çatdırmaq olub.
İlk görüş SOCAR-ın Tbilisidə yerləşən Baş ofisində, növbəti isə Marnuelidə “Azərbaycan Evi”ndə keçirilib. Ümumilikdə 100-dən artıq şagird və tələbənin iştirak etdiyi tədbirlərdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xaricdə təhsil sektorunun müdiri Niftalı Qasımlı çıxış edərək son illərdə ali təhsil sahəsində əldə olunan nailiyyətlər, universitetlərimizin beynəlxalq reytinqlərdə irəliləyişi və ali təhsilin beynəlmiləlləşməsi istiqamətində aparılan işlər barədə danışıb.
“Study in Azerbaijan” MMC-nin rəhbəri Zemfira Məmmədova isə “Azərbaycanda ali təhsil imkanları” mövzusunda təqdimatla çıxış edərək ölkənin ali təhsil sistemində mövcud imkanları iştirakçılara təqdim edib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin I katibi Ramiz Hacızadə də tədbirin əhəmiyyətindən danışıb.
Sonda iştirakçıların sualları cavablandırılıb və onlara Azərbaycanda təhsil imkanlarını əks etdirən materiallar təqdim olunub.