AzTehsil.com


Xəbərlər / Direktor / Müəllim
03 mart 2019
5 260


Təhsildə idarəetmə məktəb rəhbərlərindən səriştə tələb edir



Təhsildə idarəetmə məktəb rəhbərlərindən səriştə tələb edir

 

 
Son illər ölkəmizdə təhsilin bütün sahələrində köklü  islahatlar aparılır. Təhsilin yenilənməsinə hədəflənmiş bu islahatlar hər bir fəaliyyət sahəsinin zaman-zaman təkmilləşməyə olan zərurətindən doğur.

Təhsilimizdə daim təkmilləşməyə ehtiyac duyulan və islahatyönümlü tədbirləri zərurətə çevirən sahələrdən biri də təhsilin idarə olunmasıdır. Məhz bu zərurət nəzərə alınaraq "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin 5 əsas strateji inkişaf istiqaməti  sırasında idarəetmə də xüsusi qeyd olunub, "Nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması” hədəfə alınıb. Dövlət Strategiyasında həmin istiqamətin reallaşdırılması üçün konkret hədəflər və tədbirlər də nəzərdə tutulub. Bunun üçün tənzimləmə və idarəetmə  funksiyalarını həyata keçirən dövlət qurumlarının səlahiyyət və məsuliyyət dairəsinin beynəlxalq təcrübəyə uyğun yenidən müəyyənləşdirilməsi, təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin, strateji idarəetmənin tətbiqi mexanizmlərinin yaradılması, maraqlı tərəflərin nümayəndələrinin iştirakı, təhsil müəssisələrinin dövlət-ictimai xarakterdə (Valideyn-Müəllim Assosiasiyası, İdarəedici Şura, Qəyyumlar Şurası və s.) idarə olunması təmin edilməlidir. Strategiyanın qəbulundan keçən 5 il müddətində digər strateji istiqamətlərdə olduğu kimi, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı da xeyli səmərəli addımlar atılıb, məktəb direktorlarının işə qəbulu mexanizmi yeniləşdirilib, məktəb rəhbərlərinin menecerlik sahəsində biliklərə, kompetensiyalara yiyələnməsi üçün öyrədici təlimlər sisteminin tətbiqi reallaşdırılıb, məktəb ictimai qurumlarının idarəetmə prosesinə cəlbi yönündə təcrübə toplanmağa başlanılıb və s. Bütün bunlar öz müsbət nəticələrini göstərməkdə, təhsilin idarə olunması sisteminə töhfələrini verməkdədir. Amma bütün sahələrdə davamlı təkmilləşmə getməsinin zəruriliyi məntiqindən yanaşaraq vaxtilə  direktor işləmiş, indi isə məktəb  rəhbərliyində təmsil olunan bir təhsil işçisi kimi müasir məktəbin idarə olunması ilə bağlı bəzi fikir və mülahizələrimi həmkarlarımla bölüşməyi zəruri sayıram.

Müasir şəraitdə təlim-tərbiyə məsələlərinin kompleks həllində məktəbin idarə olunmasının, ona rəhbərliyin rolu xeyli artıb və daha çox aktuallıq kəsb etməyə başlayıb. Bu, ümumi təhsilin məqsədi,  təhsilin bu pilləsinin reallaşdırıldığı təlim-tərbiyə müəssisələrinin qarşısında duran vəzifələrlə bağlıdır. Müasir məktəbin fəaliyyətinin əsas prioritetlərini məktəblilərdə həyat üçün vacib kompetensiyaların aşılanması, fiziki cəhətdən sağlam şəxsiyyətin formalaşdırılması, təhsil alanların sağlam həyat tərzi sürməyə alışdırılması, məktəbin tərbiyə potensialının gücləndirilməsi, təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi təşkil edir. Bütün bu məsələlərin həyata keçirilməsi prosesini idarə etmək məktəb rəhbərlərinin öhdəsinə düşür. Bunun üçün isə məktəb rəhbərləri ilk növbədə idarəetmə elminin əsaslarını dərindən bilməli, bu sahədə yüksək səriştəyə, kollektivi məktəbin hədəflərinə doğru səfərbərliyə almaq üçün liderlik keyfiyyətlərinə malik olmalıdırlar.

İdarəetmə prosesi o yerdə baş verir ki, orada  adamların ümumi fəaliyyətini müəyyən nəticənin əldə olunması üçün səfərbər etmək lazım gəlir. Məktəb də sosial təşkilat olduğundan və insanların  (müəllimlər, şagirdlər, valideynlər)   birgə fəaliyyət sistemini özündə ehtiva etdiyindən, hazırkı dövrdə bu sistemə aid qanunlardan istifadə əsasında bütün proseslərin yeni vəziyyət halına keçirilməsi, müxtəlif səviyyəli idarəetmə subyektlərinin sistemin planına uyğun, şüurlu və məqsədyönlü qarşılıqlı fəaliyyətinin təhsil müəssisəsinin səmərəli işinin təmin edilməsinə yönəldilməsi zəruridir. Məktəbin qarşısında dayanan vəzifələrin yerinə yetirilməsi üçün idarəetmə fəaliyyətinin müxtəlif mərhələləri ayırd edilir. Bunlar monitorinq, diaqnostika və korreksiyadır.

Müasir şəraitdə monitorinqlər təhsilin idarə olunmasının mühüm həlqələrindən birini təşkil edir. Əslində idarəetmə monitorinqlərindən başlayır desək, heç də səhv etmərik. Monitorinq əvvəlki dövrdə görülmüş işlərin pedaqoji təhlili və onun səmərəliliyinin qiymətləndirilməsidir: Məktəb rəhbərlərinin, müəllimlərin fəaliyyəti nə verib, pedaqoqların,  siniflərin, şagirdlərin fəaliyyətində  nə kimi yeniliklər özünü göstərib? Şagirdlərdə milli özünüdərk, yüksək əxlaqi keyfiyyətlər tərbiyə edilməsini nəzərdə tutan tərbiyə işi necə aparılıb, rəhbərlik tərəfindən hansı səhvlər buraxılıb, məktəbdaxili nəzarət nə dərəcədə optimal və səmərəli olub, proses vaxtında tənzimlənibmi? Monitorinq bütün bu məsələlərə aydınlıq gətirir.

Pedaqoji monitorinqin əsas mərhələlərindən biri təlim pillələri üzrə təhsilin keyfiyyətinin, məktəblərin təlim müvəffəqiyyətinin müəyyənləşdirilməsi və təhlilidir. Pedaqoji kollektivin işdəki uğur və çatışmazlıqlarını aşkara çıxarmaq üçün fənlər üzrə keçirilən aralıq və yekun attestasiyalarının səviyyələrinin təhlili də idarəetmə fəaliyyətində az əhəmiyyət kəsb etmir. Yeri gəlmişkən deyək ki, indi məktəblərdə təhsilin ibtidai, ümumi orta və tam orta pillələrində, ayrı-ayrı siniflərdə belə montorinqlərin keçirilməsi təcrübəsindən geniş istifadə olunur və yaxşı  da nəticə verir.

Məktəb fəaliyyətinin bütün sahələrində, xüsusən də şagirdlərin müvafiq təhsil pilləsi üzrə bilik səviyyələrini müəyyənləşdirmək üçün keçirilən monitorinqlər məktəbdə real vəziyyətin diaqnostik qiymətləndirilməsinə, buraxılan səhvlərin səbəblərinin aydınlaşdırılması məqsədi ilə müvafiq təhlillər aparılmasına imkan verir. Aparılan təhlillərə əsasən isə müvafiq korreksiya  işləri planlaşdırılır və həyata keçirilir.

Müasir məktəbin əsas strateji vəzifəsi təhsilin şəxsiyyətin,  cəmiyyətin və dövlətin aktual və perspektiv tələblərinə uyğun yüksək keyfiyyətini təmin etməkdir. Bu, məktəbdə təhsilin keyfiyyətinin idarə olunması modelinin yaradılması ilə reallaşdırılır. Bu model  özündə təhsil prosesinə müasir, qabaqcıl texnologiyaların  tətbiqini, yaradıcı, yüksək peşəkarlığa malik, təhsilin keyfiyyətinin idarə olunması ideyasını qəbul edən kollektivin, səmərəli təlim mühitinin yaradılması, inzibati, proqram-məqsədli idarəetmənin özünüidarə ilə birləşdirilməsi, kadr, informasiya, motivasiya, proqram-metodik, normativ-hüquqi, təşkilati, maddi-texniki və maliyyə resursları daxil olmaqla bütün növ resurslardan səmərəli istifadə və idarə olunmasını birləşdirir.

Məktəbin idarə olunmasında ən vacib faktorlardan biri də planlaşdırmadır. Məktəbin bütün fəaliyyətinin qarşıya qoyulan hədəflərə nail olunması üçün nə dərəcədə səmərəli yönləndirilməsi məhz fəaliyyətin düzgün planlaşdırılmasından həlledici dərəcədə asılıdır. Planlaşdırma idarəetmənin əsas təyinedici məqamı olub təlim-tərbiyə prosesinin və ona rəhbərliyin layihələndirilməsi, məqsəd və vəzifələrin müəyyən edilməsidir.

Məktəb işinin düşünülməsi, planlaşdırılması onun rasional fəaliyyətinin mühüm şərtidir. Planlaşdırma əvvəlki tədris ilinin, eləcə də əməkdaşların diaqnostik anketləşdirilməsi nəticələrinin dərindən təhlili əsasında aparılır. Məktəbin işini planlaşdırarkən  elmilik (ümumi inkişafın qanunlarına,  müasir elmlərin nəticələrinə, əməyin elmi təşkilinə verilən tələblərə, qabaqcıl pedaqoji təcrübəyə istinad),  məqsədyönlülük və perspektivlik (əldə olunmaların təhlili, yaradıcılıq, problemlərin həlli yollarının müəyyənləşdirilməsi), sistematiklik (perspektiv və cari planlaşdırmanın  uzlaşdırılması, təhsilin idarə olunmasının  bütün səviyyələrinin planlarının əlaqələndirilməsi),  fəaliyyətdə varislik və ardıcıllıq (uğurların və çatışmazlıqların nəzərə alınması), konkretlik (aktual məsələlərin müəyyənləşdirilməsi), icra müddətinin və nəzərdə tutulan   sistemli nəzarətin vaxtının qeyd olunması, demokratikləşmə və aşkarlıq (bütün pedaqoji kollektivin,  valideynlərin, ictimai özünüidarə orqanlarının planlaşdırmaya cəlbi, plan tədbirlərinin müzakirəsi və kollektiv şəkildə bəyənilməsi), fasiləsizlik  (perspektiv və operativ planlaşdırmanın uzlaşdırılması), planlaşdırma və icranın vahidliyi, plan tapşırıqlarının reallığı, qənaətcillik və optimallıq kimi prinsipləri rəhbər tutmaq vacibdir. Ümumtəhsil məktəblərinin təcrübəsində ümumməktəb planlaşdırılmasının belə bir sistemi yaranıb və bizim fikrimizcə, bu, hazırda da  məktəbin planlı idarə edilməsi üçün  ən optimal variant hesab oluna bilər:

1.      Məktəbin işinin perspektiv planı.

 2.      Məktəbin tədris ili üçün planı.

 3.      Yarımillik və rüblər üzrə təqvim planı.

 4.      Ümumməktəb tədbirlərinin qrafiki.

 5.      Dərslərin və dərsdənkənar məşğələlərin cədvəli.

 6.      Şagird təşkilatlarının işinin planı.

Qeyd olunan planlar razılaşdırılmış, bir-birini tamamlayan, konkret, xronoloji ardıcıl olmalıdır.

İdarəetmənin mühüm tərkib hissələrindən biri də nəzarətdir. Bütün sahələrin idarə edilməsində nəzarət həlledici rollardan birini oynadığı kimi təhsil sisteminin idarə olunmasında da o,  vacib amil hesab olunur. Mahiyyət etibarilə nəzarət qəbul edilmiş qanunların, qərarların, sərəncamların, əsasnamələrin, qaydaların, təlimatların, əmrlərin və digər normativ-hüquqi aktların  icrasının  tələbə uyğunluğunu yoxlamaq deməkdir.  Nəzarət məktəbdə təlim-tərbiyə işinin  vəziyyəti haqqında etibarlı və dəqiq  informasiyanın təmin olunmasının  əsas vasitələrindən biridir. Nəzarətin təşkili zamanı onun keçirilmə forma və vaxtının  təlim-tərbiyə prosesinin məzmunu ilə qarşılıqlı əlaqəsinin gözlənilməsi,  obyektə diferensial yanaşma,  nəzarət ediləcək obyektin dərindən və hərtərəfli əhatə olunması, sistemlilik və ardıcıllıq, icranın səviyyəsi, aşkarlıq, tətbiq olunan forma və metodların dinamikliyi, nəzarətə ictimaiyyətin cəlb olunması və s. məsələlər gözlənilməlidir.

Bu gün təlim-tərbiyə prosesinin, müəllim və şagirdlərin qarşılıqlı fəaliyyətinin mahiyyətinə nüfuz etmək, şagirdlərin təlim, əmək və münasibət fəallığı səviyyəsinin diaqnostikası, təlim-tərbiyə prosesinin təşkilatçılarına vaxtında kömək göstərmək, onların fəaliyyətinə korreksiyalar tətbiq etmək kimi məsələlərin dərindən öyrənilməsi tələb olunur.

Təlim-tərbiyə prosesi heç də həmişə əvvəlcədən müəyyənləşdirilmiş plan üzrə getmir. Bəzən irəlicədən görünməsi mümkün olmayan vəziyyət yaranır. Məhz belə vəziyyətlərdə pedaqoji nəzarət təlim-tərbiyə fəaliyyətində qarşıya çıxan çətinlikləri vaxtında  aradan qaldırmağa imkan verir.

Müasir məktəbin idarə edilməsində məktəb rəhbərlərinin tənzimləmə funksiyası da mühüm rola malikdir. Tənzimləmə idarə olunan obyektin lazımi səviyyədə saxlanılmasına, onun yeni keyfiyyət halına keçirilməsinə kömək edilməsidir. Tənzimləmə prosesində demokratikləşdirmə o zaman təmin olunur ki, məktəb rəhbəri müəllim və şagirdləri də təlim-tərbiyə prosesinin vəziyyəti haqqında informasiyanın toplanması və təhlilinə cəlb edir. Tənzimləmə operativ (direktorun, müavinlərin yanında operativ müşavirə), tematik (istehsalat müşavirəsi, pedaqoji şura) və yekun (tədris ilinin yekunu üzrə pedaqoji şura) olur.

Təhsildə mütəmadi yeniliklərin baş verdiyi müasir şəraitdə şəxsiyyətin təlim, tərbiyə və inkişafının idarə edilməsi prosesinin xarakteri son nəticəyə istiqamətlənir. Bu da idarəetmənin prinsipləri, metodları və məzmununun daim yenilənməsi yollarının axtarışını zərurətə çevirir. Yaxşı məktəb rəhbəri odur ki, bu istiqamətdə daim axtarışdadır, məsələyə şablon deyil, yaradıcı yanaşır. 

Qamət TAĞIYEVA,

Bakı şəhəri 65 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini



Загрузка...
Həmçinin oxuyun: