AMEA vitse-prezidenti: “Mərkəzi Elmi Kitabxana AMEA-nın müstəqil elmi mərkəzinə çevrilir”
AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) 2017-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirib. Hesabat yığıncağını AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli açıb.
Akademik İsa Həbibbəyli kitabxana fəaliyyətinin geniş spektrdə təmsil olunan oxucular da daxil olmaqla bütün göstəricilər üzrə inkişaf etməsini, kitab fondunun əhəmiyyətli dərəcədə zənginləşməsini və daxil olan sənədlərin sistemləşdirmə işinin ən müasir qaydalara uyğun olaraq təkmilləşməsini, AMEA elmi müəssisələrinin kitabxanaları ilə şəbəkə formatında əlaqələrin güclənməsini il üçün uğurlu nəticələrdən hesab edib.
AMEA-nın vitse prezidenti MEK-in elektron resursların mübadiləsi sahəsində təşəbbüslər ilə çıxış etməsini, buna nümunə olaraq Bakıda ADA, İstanbulda Kazım Qarabəkirin ev-kitabxanası, Naxçıvanda Hüseyn Cavidin ev-muzeyi və Xatirə Kompleksi, Budapeştdə Hazainin ev-kitabxanası və bir sıra başqa təşkilatlar ilə elektron resursların mübadiləsini yeni hal kimi xüsusi vurğulayıb. İ.Həbibbəyli AMEA institutlarının kitabxana şəbəkə əməkdaşlarına 2018-ci ildə MEK tərəfindən attestasiyasının keçirilməsi zərurətini bildirib.
"Mərkəzi Elmi Kitabxana AMEA-nın müstəqil elmi mərkəzinə çevrilir” fikrini səsləndirən akademik 2017-ci ildə kitabxananın fəaliyyətində yeniliklərin və uğurların olmasını, 2016-cı ildə başlanılan işlərin məntiqi davamı kimi qiymətləndirib. Akademik Sərbəst elektron resurslardan biri olan Vikipediyada MEK fəaliyyətinin yüksək nəticə verməsini vurğulayaraq AMEA-da yüksək potensialın olmasını və bu sahədə MEK-in AMEA Rəyasət Heyətinin Elm və təhsil idarəsi ilə əməkdaşlığı gücləndirməsinin məqsədəuyğunluğunu qeyd edib. Beynəlxalq əlaqələrin sürətli inkişafına diqqət çəkən akademik İsa Həbibbəyli MEK-də daha çox dünya akademik kitabxanaları ilə əməkdaşlığının qurulmasına diqqət verilməsini tövsiyyə edib.
2017-ci ildə MEK-in bir çox uğurlu tədbirlərin təşkilatçısı və təşəbbüskarı olmasını vurğulayan akademik 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş tədbirlərin multiformat sərgilər daxil olmaqla, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilməsi nəzərdə tutulan Muğam Festivalı çərçivəsində beynəlxalq konfransın da iş planına daxil edilməsini tövsiyyə edib.
Sonra Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova 2017-ci ildə görülən işlərin yekunu ilə bağlı hesabat məruzəsi ilə çıxış edib.
Çıxışda MEK-in 2017-ci ildə əldə etdiyi mühüm nəticələr, onların 5 illik strateji hədəflər üzərində qurulması, MEK-in imza atdığı və Azərbaycan kitabxana-informasiya məkanında uğuruna nail olduğu ilk təşəbbüslər vurğulanib.
Onların sırasında Kitabxana xidmətlərinin avtomatlaşdırılmış idarəetmə və nəzarət (VİS-LİB – MEK) platformasının bütün modullarının hazırlanıb istifadəyə verilməsi, Milli Rəqəmsal Yaddaş bazasının elmiləşməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafına Dəstək Fondu tərəfindən dəstəklənməsi, MEK-in kitabxana-xidmət, rəqəmsallaşdırma, ictimaiyyəti məlumatlandırma və sosial şəbəkələrdə fəallıq işinin effektiv əlaqələndirilməsi nəticəsində sənədlərin mübadilə edildiyi dövlət və ictimai təşkilatların, eləcə də diplomatik qurumların sayının artması, Azərbaycan Mətbuat Şurası ilə AMEA rəhbərliyi arasında Azərbaycanda elm sahəsində baş verən yeniliklərin ictimaiyyətə çatdırılması, informasiyanın toplanılması, sistemləşdirilməsi və qorunub saxlanılması barədə razılığa gəlinməsi, Sərbəst elektron resurslara aid edilən Azərbaycandilli Vikipediyanın mövqeyinin AMEA institutları və kənar təşkilatlara sistemli şəkildə keçirilmiş təlimlər və təlim sonrası əlaqələndirmə nəticəsində 58-ci pillədən 51-ci pilləyə irəliləməsi və Azərbaycan kitabxanalarında mühafizə olunan və 2016-cı ildə MEK-də aşkarlanıb rəqəmsallaşdırılmış 17 ən qədim kitabın 6-sına MEK oxucusu tərəfindən annotasiya hazırlanması və kitabxana istifadəçilərinə təqdim olunması kimi nəticələr diqqətə çatdırılıb.