AMEA prezidenti: “Bütün magistrantlar işlə təmin olunur”
"AMEA-da bütün magistrantlar işlə təmin olunur, eyni zamanda qrant layihələrinə cəlb olunurlar”.
Aztəhsil.com xəbər verir ki, bu sözləri Azərbaycan gənc alimlərinin I qurultayında çıxışı zamanı akademik A.Əlizadə bildirib. Qeyd edib ki, Akademiyada çalışan magistrantlar müasir cihazlarla təchiz olunmuş laboratoriyalarda təcrübə keçməklə yanaşı, xaricdə beynəlxalq təcrübəkeçmələrdə də iştirak edirlər.
Alim onu da bildirib ki, hazırda Akademiyada magistratura təhsilinin müasir səviyyədə qurulması və magistrantların peşəkar mütəxəssis kimi yetişmələri üçün daha yaxşı şərait yaratmağa çalışırlar.
"Bu məqsədlə elmi müəssisələrdə müasir tələblərə cavab verən tədris mühiti yaradılıb. Akademiyada təhsil alan 123 magistrant üçün AMEA-nın 30-a yaxın üzvü, 100-ə yaxın elmlər doktoru və 150-yə yaxın fəlsəfə doktoru tədris prosesinə cəlb olunub. Cari ilin iyul ayında Akademiyanın ilk magistrlərinin buraxılışını böyük təntənə ilə qeyd etdik. Sevindirici hal odur ki, onların hamısı Akademiyada qalıb öz elmi karyeralarını davam etdirirlər”.
A.Əlizadə deyib ki, AMEA elm və təhsilin inteqrasiyasını ən vacib bir istiqamət kimi qəbul edərək, bu sahədə aktiv fəaliyyət göstərməkdədir. O qeyd edib ki, AMEA-nın elmi tədqiqat müəssisələrində ali təhsil müəssisələri üçün təcrübə mərkəzlərinin təşkili, tələbələrin təcrübə keçməsinə şəraitin yaradılması, birgə elmi tədqiqatların aparılması və elmi nəticələrin tədris prosesinə tətbiqi və digər tədbirlərin təşkili nəzərdə tutulur.
Akademik onu da əlavə edib ki, AMEA ilə Təhsil Nazirliyi arasında əldə olunmuş razılığa əsasən, ali təhsil müəssisələrində yaradılmış "SABAH" qruplarında təhsil alan 210 tələbə AMEA-nın elmi müəssisələrində təcrübə keçib. AMEA-nın dəstəyi ilə elm və təhsilin inteqrasiyası istiqamətində ölkənin bir sıra lisey və məktəblərində "Kiçik Akademiya”lar yaradılıb:
""Kiçik Akademiya”ların yaradılmasında məqsəd istedadlı, yaradıcı təfəkkürə malik, araşdırma aparmaq qabiliyyəti olan şagirdləri üzə çıxarmaq, onları maraqlandırmaq və bir məqsəd ətrafında birləşdirməkdir”.