Mərkəzi Elmi Kitabxanada “MEK fondlarında mühafizə olunan təhsil, tədris, təlimə dair sənədlərin təqdimatı “ adlı tədbir keçirilib
AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) "MEK fondlarında mühafizə olunan təhsil, tədris, təlimə dair sənədlərin təqdimatı" adlı tədbir keçirilib.
Slaydlı təqdimatı MEK-in İstifadəçilərə xidmət və nəzarət bölməsinin əməkdaşı Surə Məmmədova təqdim edib. MEK fondlarında mühafizə olunan təhsil, tədris, təlimə dair sənədlərin təsnifatını aparan S.Məmmədova fəlsəfə, psixologiya, məntiq, ictimai və humanitar elmlər, riyaziyyat, tibb elmləri, texnika, incəsənət, tarix, coğrafiya, informasiya texnologiyaları, kitabxanaçılıq kimi elm sahələri üzrə seçilmiş dərsliklərin bir qrupunun siyahısını açıqlayıb.
O, bildirib ki, dərsliklər inkişaf etmiş ölkələrin kitabxanalarında geniş tətbiq edilən "Universal onluq təsnifatı”na uyğun müəyyənləşdirilib.Seçim meyarı kimi isə dərsliklərin ən qədim və ən yeni olması, həmçinin Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilməsi əsas götürülüb.
S.Məmmədova nümunə olaraq "Учебникъ логики”, "Psixoloji və məntiq testləri”, "Sosiologiyada məlumatların təhlili metodologiyası”, "Курс демографической статистики”, "Azərbaycanın Avropa ölkələri ilə əlaqələri”, "Adi diferensial tənliklərin ədədi üsullarla həlli”, "Учебникъ физиологии”, "Tibbi bioloji terminlərin izahlı lüğəti” və s. misal göstərib. Bundan başqa, S.Məmmədova MEK fondlarında olmayan, lakin oxucuların müraciətinə əsasən axtarış nəticəsində MEK-in əldə etdiyi dərsliklərin də siyahısını təqdim edib.
Siyahıya "Osmanlı ordusunun Qafqaz hərəkatı və onun Azərbaycanda xilaskar rolu”, "Slavyan ölkələri tarixi”, "Güney Qafqaz Respublikaları Sovet-Türkiyə əlaqələrində (1922-1936)”, "Misirin ictimai-siyasi həyatında türklər”, "Kitabxana işinin idarə edilməsinin metodiki və təşkilati məsələləri”, "Kitabxana menecmentinin əsasları”, "Kitabxana işinin təşkili və idarə edilməsi”, "Azərbaycanda texniki kitabxanaların inkişafı” adlı kitablar daxildir. Təqdimatın sonunda S.Məmmədova respublikada kitabxanaçılıq üzrə yeganə İxtisas fondunun məhz Mərkəzi Elmi Kitabxanada mövcud olduğunu, fondda sahə üzrə zəruri olan dərsliklərin toplanıldığını xüsusi vurğulayıb.
Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiyası fakültəsinin dekan müavini Mehmanəli Məmmədov tədbiri təqdirəlayiq adlandırıb. Qeyd edib ki, MEK-də təşkil edilən bu təqdimatlar kitabxanaçılıq sahəsində yeni xidmət üsulu kimi qiymətləndirilə bilər. M.Məmmədov sahə mütəxəssisi olaraq kitabxana işində belə yeniliklərin tətbiqinə və təşkilinə görə MEK rəhbərliyinə və kollektivinə xüsusi təşəkkürlərini bildirib.
O, BDU-nun Kitabxanaçılıq-informasiyası fakültəsi ilə Mərkəzi Elmi Kitabxana arasında əməkdaşlığın daha da sıxlaşdırılmasını təklif edib.
Müxtəlif elm sahələrində zəruri olan mənbələrin MEK-də təmin edilməsini vacib sayan AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə doktoru Əntiqə Paşayeva isə bu sahədə rast gəlinən müəyyən boşluqları göstərib. Qeyd olunan məsələlərin həll olunmasında belə təqdimatların önəmini xüsusi qiymətləndirib və arzu edib ki, gələcəkdə bu ənənə daha da inkişaf etdirilsin. "Azərbaycanımızın, gəncliyimizin inkişafı naminə kitabxana fondlarında tələb olunan elmi əsərlərin, vacib mənbələrin sayı daha da çoxalsın” deyə çıxışını yekunlaşdırıb.
Azərbaycan Memarlıq və İnşaat Universiteti kitabxanasının əməkdaşı Fəridə Abdullazadə Mərkəzi Elmi Kitabxananın son illər kitabxanaçılıq sahəsindəki yeniliklərindən danışıb, xüsusilə 2014-cü ildən həyata keçirilən Milli Rəqəmsal Yaddaş layihəsinin və kitabxana işi üzrə təşkil edilən İxtisas fondunun əhəmiyyətinə toxunub.
Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova fondlarda mühafizə olunan sənədlərin akademik icmanın, geniş oxucu auditoriyasının diqqətinə çatdırılmasını MEK-in strateji hədəflərindən biri olduğunu bildirib. MEK-in statistik göstəricilərinə əsasən, MEK oxucularının böyük bir hissəsinin tələbələr olduğunu bildirən L.İmanova qeyd edib ki, təqdimatın məqsədi MEK fondlarının formalaşdırılması prosesində aparıcı tədris müəssisələri və oxucuların rəyinin öyrənilməsi, həm də bu prosesdə onların təsir imkanlarını göstərməkdir.
"2016-cı ildə MEK oxucularının bir hissəsi Tibb Universitetindən Türkiyədə uzmanlığa hazırlaşan tələbələr idi və onlar ehtiyac kimi müxtəlif ixtisaslar üzrə qiyməti yüksək, tələbə büdcəsi ilə uzlaşmayan dərs vəsaitlərini səsləndirirdilər. Nəhayət ki, o siyahıda göstərilən mənbələrin əldə olunması imkanı yarandı. Hazırda MEK bu məsələ ilə bağlı danışıqlar aparır”.
Sonda elm və təhsil qurumlarının– universitetlərin, AMEA elmi müəssisələrinin, bütövlükdə elmi ictimaiyyətin rəylərini zəruri sayan MEK direktoru onları əməkdaşlığa səsləyib. L.İmanova onlardan MEK fondlarında mühafizə olunan zəngin ədəbiyyatın aşkarlanması və yenilərinin cəlb olunması üçün sifariş və siyahı göndərmələrini xahiş edib.