AMEA-da yeni TƏYİNATLAR
Oktyabrın 17-də AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib.
Tədbirdə bölmə üzvləri, elmi müəssisələrin rəhbərləri və Gənclər üçün Prezident təqaüdünə namizədlər iştirak ediblər.
Aztəhsil.com modern.az-a istinadən xəbər verir ki, bölmənin akademik-katibi, akademik Teymur Kərimli iclasda çıxış edib.
Tədbirdə ilk olaraq Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə "Türk incəsənətinin dövrləşdirilməsi problemi" mövzusunda məruzə ilə çıxış edib. Alim türk dünyası sənət tarixinin yaradılması yolunda əsas məsələlərdən biri olan dövrləşmənin xüsusiyyətlərindən danışıb. Ə.Salamzadə bildirib ki, məruzədə Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstanın incəsənət tarixi dövrləşdirilməsinin milli modelləri araşdırılıb. Müqayisəli təhlil nəticəsində eyni xronologiya hüdudlarında olan bəzi məzmunlu aspektlərin ümumiliyi, bəzən isə eyniyyəti üzə çıxıb.
Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb, müvafiq qərar qəbul olunub.
Sonra elmi-təşkilati məsələlər müzakirəyə çıxarılıb. Memarlıq və İncəsənət İnstitutunun ümumi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalovun institutun elmi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Kərimlinin institutun elmi katibi, Sərvər Şirinovun Hüseyn Cavidin Ev Muzeyinin elmi katibi vəzifələrinə təyin olunmaları, həmçinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Elmi şurasının tərkibində dəyişiklik edilməsi ilə bağlı Rəyasət Heyətində vəsatət qaldırılması qərara alınıb.
Tədbirdə kadr məsələlərinə də baxılıb. Bölmə sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyevanın Memarlıq və İncəsənət İnstitutunun Qafqaz Albaniyasının memarlıq və incəsənəti şöbəsinin müdiri vəzifəsinə təsdiq edib.
Bölmə Nəsimi adına Dilçilik İnstitutun Terminologiya şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aysel Qəriblinin və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənovun Gənclər üçün Prezident təqaüdünə namizədliklərinin AMEA-da yaradılmış Gənclər üçün Prezident təqaüdünə namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasına təqdim olunması haqqında qərar qəbul edib.