Mərkəzi Elmi Kitabxana bölmələrin hesabatı üzrə müsabiqəsi keçirib
AMEA Mərkəzi Elmi Kitabxanası işin keyfiyyətini yüksəltmək, kitabxana işini müasir tələblər səviyyəsində qurmaq və əməkdaşları stimullaşdırmaq məqsədi ilə bölmələr arasında "Hesabat Müsabiqəsi” keçirib.
MEK şöbələrinin tərkibində fəaliyyət göstərən bölmələrin əməkdaşları 2017-ci il ərzində gördükləri işləri videoçarxlarla, slaydlarla təqdim ediblər. Təqdimatında fəaliyyətini dolğun əks etdirən və ən uğurlu təqdimat formatı seçən bölmələr mükafatlandırılıblar. MEK rəhbərliyi və struktur bölmələrin rəhbərlərindən təşkil olunmuş münsiflər heyəti təqdimatları 10 ballıq sistem üzrə qiymətləndirib.
Münsiflərin qərarı ilə I yeri Fondların mühafizəsi bölməsi, II yeri Beynəlxalq əlaqələr və İctimaiyyətlə əlaqələr bölmələri, III yeri isə Sərbəst Elektron Resurslar üzrə Təlimlər bölməsinin əməkdaşları qazanıblar. Əməkdaşlar qazandıqları pul mükafatının nə məqsədlə xərclənəcəyini də müsabiqə şərtlərindən biri kimi açıqlayıblar.
Belə ki, mükafatı qazandıqları halda, bölmələr vəsaitin öz peşə inkişaflarına, bölmənin fəaliyyət profilinə uyğun texniki təchizat və xarici ədəbiyyatın alınmasına, əlil uşaqların cəmiyyətə inteqrasiyasına xərclənəcəyini bildiriblər.
Müsabiqənin super prizini isə Elektron kataloqun koordinasiyası bölməsinin əməkdaşları qazanıb. Münsiflər heyəti tərəfindən həmin bölmənin əməkdaşlarının öz ixtisaslarını artırmaq üçün Türkiyəyə ezamiyyət səfərinə göndərilməsi qərarı verilib.