Məktəbdən uzaqlaşdırılan müəllimlər həyatdan küsürlər
65 yaş senzinin yalnız orta məktəb müəllimlərinə şamil edilməsi onlara qarşı haqsızlıqdır.
Azərbaycanın Əmək Məcəlləsinə yaş senzi ilə bağlı dəyişikliklər ediləcəyi gözlənilir. Məcəllənin 4-cü maddəsinə təklif olunan dəyişiklikdə göstərilir ki, Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrində çalışmanın yaş həddi elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələrinə şamil edilmir.
Həmçinin, 65-ci maddəyə (İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri) edilən dəyişikliyə görə, yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.
Məcəlləyə dəyişiklik Milli Məclisin oktyabrın 31-də keçirilən iclasında müzakirə ediləcək.
Xatırladaq ki, orta məktəb müəllimlərinə 65 yaş senzi tətbiq edilmişdi, bu yaşa çatan müəllimlər təqaüdə yola salınırdı. Əmək Məcəlləsinə təklif olunan dəyişikliksə yenə də orta məktəb müəllimlərindən yan keçir.
Azad Müəllimlər Cəmiyyətinin sədri Məlahət Mürşüdlü isə hesab edir ki, Əmək Məcəlləsinə dəyişikliyin orta məktəb müəllimlərinə şamil edilməməsi sosial ədalətsizlikdir:
- 65 yaş senzinin yalnız orta məktəb müəllimlərinə şamil edilməsi onlara qarşı haqsızlıqdır. Həmçinin, mədəniyyət, təhsil, səhiyyə işçiləri üçün də 65 yaş senzi tətbiq edilir. Bu da sosial ədalət prinsipinə ziddir. Əmək Məcəlləsinə təklif olunan dəyişiklik hazırda da tətbiq edilir. 65 yaş senzi tətbiq edilməyə başlananda, belə bir maddə də vardı ki, 65 yaşdan sonra 5 il müddətində müqavilə ilə çalışmaq hüququ verilir. Bunun üçün də gərək uyğun şərtlər olsun.
Deyək ki, 65 yaşı tamam olmuş müəllimin fənnini tədris edəcək başqa müəllim yoxdursa, məktəb direktoru onu saxlaya bilərdi. Yaxud, təltifləri, mükafatları olanlar, elmi dərəcəsi olanlar, əməkdar müəllimlərə güzəşt ediləcəyi bildirilirdi. Ali təhsil müəssisələrində yaşı 65-dən yuxarı elmlər namizədi, elmlər doktorları çalışır. Bir çox alimlər işində saxlanılıb. 65 yaş senzi təkcə orta məktəb müəllimlərinə aid edildi.
Məsələn, məmurlarla bağlı biz yaş senzinin tətbiqini müşahidə etmədik. Amma orta məktəb müəlliminin 65 yaşı tamam olan kimi, qapını açıb, hörmətsiz yola saldılar.
Hətta yanvar ayında 65 yaşı tamam olmuş müəllimə tədris ilini başa vurmağa da imkan verilmədi. Sizə deyim ki, yaş senzinin tətbiqi bir çox müəllimlərdə böyük ruh düşkünlüyü yaratdı. Elə müəllimlər var, üzr istəyirəm ifadəmə görə, dəli olmaq dərəcəsinə çatdılar. İndi də 65 yaşı tamam olmuş, amma buna baxmayaraq tədris prosesini aparmağa kifayət qədər potensialı, gücü olan müəllimlər var. Mənim üçün hələ də müəmmalıdır ki, yaş senzi niyə məhz orta məktəb müəllimlərinə şamil edilir? Əgər bu, işsiz müəllimlərin işlə təmin edilməsi məqsədi daşıyırsa, bununla problemi həll etmək onsuz da mümkün olmayacaq.
Necə ki, neçə ildir mümkün olmur. Statistikaya görə, 50 mindən artıq işsiz müəllim ordusunun olduğu deyilirdi. İşə qəbul üçün müraciət edən və işə qəbul imtahanı verənlərdən yalnız 400-450-si işlə təmin oluna bildi. 50 min işsizin işlə təmini üçün neçə il lazımdır. İşsiz müəllimlər ordusunun yaranmasının səbəbi isə strateji planlanmanın düzgün aparılmamasıdır. Gərək düzgün proqnoz verilsin ki, tutalım 5 ildə nə qədər uşaq məktəbə gedəcək və nə qədər müəllim kadrı lazım olacaq. Baxın, ölkədə 10-15 ali və orta ixtisas təhsili müəssisəsi var ki, pedaqoji kadr hazırlığı ilə məşğuldur, həmçinin pedaqoji ixtisas verən digər ali təhsil müəssisələri də var.
Təsəvvür edin ki, hər il nə qədər məzun bu təhsil müəssisələrini bitirir. Belə olan halda əlbəttə, işsizlik problemi yaranacaq. Yəni, orta məktəb müəllimlərinə 65 yaş senzi tətbiq etməklə onsuz da bu problemi həll etmək mümkün deyil. Belə olan halda, əksinə, sevimli işini itirən, illərlə çalışdığı məktəbdən yola salınan müəllimlər bitkin bir vəziyyətə düşür, həyatdan küsürlər. Təqaüdləri də aşağıdır. Faktiki işdən çıxarılan orta məktəb müəllimi əzab çəkir. Müəllimə bu əzabları yaşatmaq nə dərəcədə doğrudur?!