AzTehsil.com


Xəbərlər
18 fevral 2017
20 097


"Müəllimlərin işdən azad ediləcəyi fikri qeyri-ciddidir " NADİR İSRAFİLOV



"Müəllimlərin işdən azad ediləcəyi fikri qeyri-ciddidir " NADİR İSRAFİLOV

 


Bir ara fasilədən sonra "Azərbaycanda bu müəllimlər işdən azad ediləcək” və digər buna bənzər radikal əhval-ruhiyyəli başlıqlar yenidən bir sıra saytların manşetinə çıxarılıb. Buna səbəb və əsas isə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırovun Lent.az-a "attestasiyanın yekun nəticəsinə görə peşəkarlıq səviyyəsi yüksək olan müəllimlər işdə qalacaq, aşağı olanlar işdən azad olunacaqlar” məzmunlu açıqlaması olub.
 
Müdir müavini bir mənalı şəkildə bəyan edib ki, müəllimlərin attestasiyasının keçirilməsi ilə bağlı Təhsil Nazirliyində İşçi qrup yaradılıb. Tapşırıqlardan biri də müəllimlərin hansısa formada qiymətləndirilməsi və qiymətləndirmənin nəticəsindən asılı olaraq işdə qalıb-qalmamağı məsələsinin gündəmə gətirilməsindən ibarətdir. "Diaqnostik qiymətləndirilmə ümumtəhsil məktəblərində dərs deyən yaxşı və zəif müəllimləri üzə çıxarmaq və zəif nəticə göstərən müəllimləri inkişafyönümlü təlimlərə yönəltmək məqsədilə həyata keçirilir.
 
Yəni diaqnostik qiymətləndirmə keçirərək mövcud problemləri aşkar edirik, ondan sonra digər proseslər icra edilir. Attestasiya isə konkret peşəkarlıq səviyyəsi aşağı olan müəllimin işdən azad edilməsi ilə nəticələnməlidir.
 
Bu, qanunvericilik tələbidir”. Müdir müavininin mövqeyindən fərqli olaraq bir müddət əvvəl, ümumiyyətlə götürdükdə isə dəfələrlə Nazir Mikayıl Cabbarov məsələyə optimist baxımdan yanaşaraq bildirmişdi ki, "diferensiallaşdırılmış əməkhaqqının verilməsi nəzərdə tutulur. Attestasiyadan keçməyən müəllimlər üçün isə təlimlər təşkil olunacaq, növbəti attestasiyaya hazırlaşmaq üçün imkan yaradılacaqdır".
 
Elə isə müdir müavininin "attestasiya konkret peşəkarlıq səviyyəsi aşağı olan müəllimin işdən azad edilməsi ilə nəticələnməlidir” kimi hökm xarakterli pessimist mövqeyi nədən qaynaqlanır? Görəsən bu hansı qanunvericiliyin tələbidir? Belə bir tapşırıq konkret olaraq kim tətəfindən və nə məqsədlə verilib?
 
Hətta bir çoxları tərəfindən avtoritar rejim kimi qəbul edilən sovet təhsil sistemində belə peşəkarlıq səviyyəsi aşağı olan müəllimin işdən azad edilməsi attestasiyanın konkret tələbi kimi irəli sürülməyib.
 
Digər tərəfdən müstəqillik əldə etdikdən sonra qəbul edilən İslahat proqramında da "azadetmə” məsələsi ön plana çəkilməyərək, ölkədə kadr təminatının tənzimlənməsi məqsədilə keçiriləcək attestasiyanın məqsədi pedaqoji kadrların əməyinin obyektiv qiymətləndirilməsi, yaradıcı, böyük ustalığa malik müəllim və tərbiyəçilərin maddi və mənəvi stimullaşdırılması,əmək haqqının ödənilməsinə differensial yanaşmanın tətbiqi kimi müəyyənləşdirilib.
 
Bir mühüm məqamı da unutmayaq ki, müəllimi işdən azad etmə attestasiyanın səlahiyyətləridən biridir, lakin konkret tələbi deyil. Bir də ki, attestasiya konkret olaraq müəllimlərə deyil, bütövlükdə pedaqoji kadrlara şamil edilir. Əgər məsələyə müdir müavininin mövqeyindən yanaşmalı olsaq, onda attestasiyanı məhz rəhbər pedaqoji kadrlardan başlamaq daha efektiv olar, nəinki müəllimlərdən. Onsuz da narahat və qayğılı zümrə olan çoxsaylı müəllim ordusunun əhval-ruhiyyəsinə əlavə qabaqlayıcı stess qatmaqla nəyə nail oluruq.... bunu heç çür başa düşmək olmur.
 
Digər tərəfdən, bu kimi ciddi məsələyə dair rəsmi açıqlamaların Nazir və ya Nazir müavinləri ilə razılaşdırılıb razılaşdırılmama-sından asılı olmayaraq, müdir müavini səviyyəsində verilməsi də o qədər rəsmi və ciddi görünmür.

Nadir İsrafilov Təhsil üzrə ekspert



Загрузка...