Dərs ili başlanır - Tarix dərsliyi ətrafında qalmaqal hələ də davam edir - Tarixçi od püskürdü
Bir neçə gündən sonra Azərbaycan Respublikasında növbəti "Bilik günü” qeyd ediləcək və bununla da 2017-2018-ci tədrisi ilinə start veriləcəkdir. Yeni proqram (Kurikulum) əsasında təhsil alan şagirdlər artıq 10-cu sinifə qədəm qoyacaqlar. Onlar yeni təhsil konsepsiyasının ilk qaranquşlarıdırlar.
Ölkədə gedən təhsil islahatları demək olar ki, onların üzərində quruldu. Onlarla bərabər müəllimlər də böyük sınaqlara məruz qaldılar. Lakin müəllimlərin çoxu bu siniflərdə də "öyrəşdikləri” qaydada tədris etməkdə davam etdilər. Yeni konsepsiya isə ancaq bir sıra fədakar müəllimlər tərəfindən qismən də olsa həyata keçirildi. Hər il bu "qaranquşlar” üçün yeni dərsliklər yazıldı. Maraqlıdır ki, yeni konsepsiyaya görə bu dərsliklər dövlət standartları əsasında tərtib olunmalı idi. Dövlətin cəmiyyət adından məktəbə verdiyi bu sifarişlər – standartlar, cəmiyyətin yetişməkdə olan gənc nəsildə görmək istədiyi faydalı keyfiyyətlərin minimum parametrləri kimi qəbul olunmuşdu. Lakin çox böyük təəsüflə bildirək ki, ölkəmizdə nəşr edilən dərsliklərin böyük bir qismi standartlara əsaslanmır və onların müəllifləri sovet təhsil sisteminin təsirindən çıxa bilməyərək, yeni dərslikləri "öyrəşdikləri” köhnə üslubda hazırlayırlar. Dövlətin müəyyən etdiyi standartlar isə sadəcə "kağız parçası” olaraq qalır. Yeni dərsliklər ənənəvi üslubda yazıldığından müasir tələblərə demək olar ki, cavab vermir. Müəllimlər təəssüf hissi ilə etiraf edirlər ki, mövcud dərsliklərdəki materiallardan bacarıq və vərdişlər formalaşdıran tapşırıqlar tərtib etmək, onlara dünyaya uşaq gətirməkdən qat-qat çətin gəlir.
"Təhsil Nazirliyinin hazırladığı "Ümumi təhsil sistemində dərslik siyasəti” adlı sənəddə qeyd edilən məsələlər bu günə kimi həyata keçirilmir. Variativlik kimi mütərəqqi yanaşma burada əks olunsa da, o tətbiq olunmur. Təhsil Nazirliyi bu sənədi geniş ictimai müzakirəyə çıxarmağa və tətbiq etməyə tələsmir. Görəsən, nə üçün? Bu sual pedaqoji ictimaiyyətın yaradıcı kəsimini hələ də düşündürür.”
Bu ilin əvvəlində 2017-2018-ci tədris ili üçün 10-cu sinif dərslikləri tender əsasında seçildi və sonra ictimai müzakirəyə çıxarıldı. Tenderdə müvafiq keçid balını toplayan dərsliklər Nazirliyin saytında (trims.edu.az) yerləşdirildi. Lakin çox təəsüflə qeyd edək ki, onların arasında keçid balını toplamayan dərsliklər də var idi. Dərslik müsabiqəsinin ədalətsiz aparılması elə ilk olaraq buradan bəlli oldu. Əslində isə, keçid balını toplamayan dərsliklər təkrar işləndikdən sonra yenidən ekspertizadan keçməli və müvafiq balı topladıqdan sonra ictimai müzakirəyə çıxarılmalı idilər. Lakin bu proses baş vermədiyindən, sual doğur: "Hansı məntiqlə keçid balını toplamayan dərslik sistemdə yerləşdirildi. Nə üçün digər keçid balını toplamayan dərsliklər ictimai müzakirəyə çıxarılmadı?
İndi isə gələk əsas məsələyə…..
Yeni qəbul olunmuş 10-cu sinif "Ümumi tarix” dərsliyi. Nazirliyinin ekspertlərinin keçid balını toplamayan dərsliklər arasından seçdiyi bu dərslik Nazirlər Kabinetinin təsdiq etdiyi dövlət standartlarını kobud sürətdə pozmuşdur. Tam orta təhsil pilləsi üçün nəzərdə tutulmuş X siniflər üçün "Ümumi tarix” dərsliyi Ən qədim zamanlardan – XVI əsrin sonlarına qədərki dövrü əhatə etməli olduğu halda, qalib gəlmiş dərslik XVIII əsrin sonlarına qədərki dövrü əhatə edir. Bunu faktlarla isbat edək. Qəbul olunmuş dərsliyin;
1.IV fəsildə Yeni dövrün başlanğıcı kimi verilmiş ad müvafiq fənn üzrə X sinfin məzmun standartlarına ziddir (3.1.1. Cəmiyyətin inkişafının kapitalizimə qədərki dövründə dövlətlərin (Afrika ölkələri, Asiya, Avropa və Amerikanın aparıcı dövlətləri) yaranması və inkişafı prosesini, geosiyasi dəyişiklikləri izah edir). 10-cu sinif standartından göründüyü kimi bu dərslik kapitalizmə qədərki dövrü əhatə etməlidir. Ancaq nədənsə müəlliflər bu fəsildə İngiltərə burjua inqlabı, Fransa burjua inqlabı, Amerika burjua inqlabı, Osmanlı imperiyası, Çin, Hindistan, Mərkəzi Asiya XVII-XVIII əsrlərdə, Mədəniyyət mövzusunda da kapitalizm dövrünü qələmə almışlar. Maraqlıdır, necə olub ki, ekspertlər müsabiqə şərtlərinin bu cür kobud pozulmasını görməmişlər və bu dərsliyi qəbul etmişlər. Göründüyü kimi, dərslikdəki bu mövzular demək olar ki, 5 məzmun xəttinin hər birini pozmuşdur. Belə çıxır ki, Nazirliyinin xüsusi seçilmiş ekspertləri yeni təhsil konsepsiyasından (Kurikulum) xəbərləri yoxdur?
2.Dərsliyin üz qabığında Bastiliya qalasının alınması səhnəsi verilmişdir ki, bu da yuxarıda qeyd olunanları bir daha təsdiq edir.
3.10-cu sinif Ümumi tarix fənni üzrə Şəxsiyyət məzmun xətti üzrə 4.1.1. alt-standartı açıq- aşkar qeyd edir:
4.Tarixi şəxsiyyətləri (II Ramzes, Hamurapi, II Kir, I Dara, İsgəndər, Yuli Sezar, Konstantin, Attila, Məhəmməd Peyğəmbər, Böyük Karl, Alp Arslan, Çingiz xan, II Mehmet Fateh, Əmir Teymur, Sultan Süleyman Qanuni, Şah İsmayıl, I Təhmasib, IV İvan) mənsub olduqları dövlətlərin mənafeyi baxımından qiymətləndirir.
- Oxucuların müqayisə apara bilməsi üçün eyni zamanda 11-ci sinif Ümumi tarix fənni üzrə eyni Şəxsiyyət məzmun xətti üzrə 4.1.1 alt-standartını da təqdim edirəm: Tarixi şəxsiyyətləri (I Pyotr, Corc Vaşinqton, III Səlim, Nadir şah, Ağa Məhəmməd şah Qacar, I Napaleon, I Aleksanadr, Avraam Linkoln, Franklin Ruzvelt, Vladimir Lenin, İosif Stalin, Mustafa Kamal Atatürk, Sun Yatsen, Şarl de Qoll, Konrad Adenauer, Turqut Özal, Mao Tszedun, Cəvahirləl Nehru, Heydər Əliyev) mənsub olduqları ölkələrin daxili və beynəlxalq həyatına təsiri baxımından qiymətləndirir. Gördüyünüz kimi, XI sinfə aid olan bu standartlarda müvafiq şəxsiyyətlərin fəaliyyətini X sinifdəkindən fərqli şəkildə qiymətləndirmək tələb olunur.
- Qalib elan olunmuş dərslikdə I Pyotr, Corc Vaşinqton, III Səlim, Nadir şah, Ağa Məhəmməd şah Qacar, I Napaleon və adları standartda çəkilməyən, lakin yeni dövrün digər tanınmış şəxsiyyətləri haqqında ətraflı yazılmışdır. Hörmətli ekspertlər siz bu boyda pozuntunu görmədinizmi?
- Qalib dərslik ənənəvi dərsliklərin üslubunda yazılmışdır. Qeyd edim ki, tender şərtlərinə görə əvvəlki illərdə nəşr edilmiş dərsliklərdəki mövzuların yeni dərsliklərə salınması yolverilməz elan olunmuşdur. Ancaq qalib seçilmiş dərslikdə buna da əməl olunmamışdır. Ekspertlər isə buna da göz yummuşlar. Dərslik başdan ayağa əvvəlki mövzuların təkrarıdır. Hansı məntiqlə 10-cu sinif şagirdləri aşağı siniflərdə (6, 7 və 8-ci siniflərdə) artıq tədris olunmuş mövzuları yenidən öyrənməlidilər. Əgər şagirdlər 6-cı sinifdə Qədim Misir dövlətini öyrənibsə, onun nə vaxt yarandığını, hansı hökmdarlar tərəfindən idarə edildiyini və s. bilirsə, bunun eyni tərzdə yenidən keçilməsi nə dərəcədə məntiqə uyğundur. Əgər bu cür yanaşma doğrudursa, onda dövlət yeni dərsliklərə bu qədər vəsait niyə ayırır? Yuxarı sinif şagirdləri elə aşağı sinif dərsliklərindən də istifadə edə bilərdilər. Qonşu Türkiyə, Rusiya, Avropa, ABŞ və s. ölkələrdə də təhsil sistemi bizimkinə bənzəyir. Yəni onlarda da tarix kursunu başa vuran şagirdlər yuxarı siniflərdə həmin mövzuları artıq sivilizasiyalı yanaşma ilə öyrənirlər. Ümumiləşdirmələr aparılır, praktiki işlər çoxalır, şagirdlərin bacarıqları təkmilləşdirilir. Qeyd olunan dərslikdə isə 80 faiz demək olar ki, hafizəyə yönəlmiş məlumatlardan istifadə edilmiş, şagirdlərin biliklərini yoxlayan mövzulara üstünlük verilmişdir. Nazirlyinin ekspertləri bunudamı görməmişlər?
5. İctimai müzakirə zamanı artıq ekspertizadan keçmiş bu dərsliklə bağlı kifayət qədər irad və təkliflər irəli sürülmüşdür. Bu iradlar əsasən elmi səhvlər, redaktə xarakterli məsələrlə bağlı olmuşdur. Müəlliflər təbii ki, müəllimlərin bu köməyindən yararlana bilmişlər. Qeyd edim ki, bu günə kimi qalib dərslik haqqında bu istiqamətdə fikir irəli sürmədik. Çünki tenderdə dövlət standartını pozmuş dərsliyin qalib seçilməsini qanunun pozulması hesab etmişik. Onu da deyim ki, standartlarla bağlı müddəa Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapmışdır. Konstitusiyanın 42-ci maddəsinin V bəndində yazılır ki, dövlət minimum təhsil standartlarını müəyyən edir. Deməli, hər bir fənn üzrə dövlətin müəyyən etdiyi standartlar, əslində icrası vacib olan normativ hüquqi aktlar sırasına daxildir və onların pozulması Azərbaycan Respublikası Konstitusiyasının müvaviq maddəsi ilə (maddə 80) məsuliyyətə səbəb olmalıdır. Ekspertlərin bundandamı xəbərləri yoxdur?
6. "Təhsil Nazirliyinin Qiymətləndirmə meyarlarının 1.1. bəndinə görə əgər, dərslikdə fənn kurikulumunun bütün məzmun standartlarının reallaşma səviyyəsi təmin olunarsa o, 10 balla qiymətləndirilir. Belə çıxır ki, müsabiqəyə təqdim olunmuş "Ümumi tarix” dərsliyində 5 əsas məzmun xəttindən biri və ya 12 alt standartdan dördü reallaşmadıqda belə, ekspertlər bu dərsliyə qeyd olunan meyar üzrə müəyyən bal verə bilərlər. Əslində isə bu absurddur. Çünki, həm dövlət, həm də qeyri-dövlət sektoru özünün kadrlara olan təlabatını, onların standartlara uyğunluğunu ölçməklə təmin edir və bu məqsədlə müxtəlif səviyyəli imtahanlar keçirir. Nəticələri standartlara uyğun olmayan kadrlar təlabatı ödəmədiklərindən, işsiz qalırlar. Bu isə dövlətin vergi ödəyicilərindən alıb təhsilə ayırdığı milyonların havaya sovrulması deməkdir. Ona görə də standartları pozmaqla yazılmış dərsliklərin müsabiqəyə qəbul olunması yolverilməzdir.”
Həm müəlliflər, həm də ekspertlər arasında sovet dövrünün stereotiplərilə düşünənlərin mövcudluğu belə bir nəticə əldə olunmasına səbəb oldu. Bu bəla ilə mübarizə aparmaq üçün dünya təcrübəsi öyrənilməli və yayılmalı, dərsliklərdə variativliyə keçilməlidir. Qalib gəlib-gəlməməsindən asılı olmayaraq, dövlət standartlarını pozmayan və minimum keçid balının 50%-dən çoxunu toplamış bütün dərsliklərin geniş ictimai müzakirəyə çıxarılması zənnimizcə, ekspertlərin məsuliyyətini artırar, şəffaflığı təmin edər, rəqabət mühitini sağlamlaşdırar və qısa zamanda dərsliklərin keyfiyyətinin yaxşılaşmasına səbəb olardı.