Xəbərlər
12 aprel 2017
7 724
Əməkdar müəllim 10-cu sinif biologiya dərsliyində qeydə aldığı səhvlərdən danışdı
Hörmətli, biologiya müəllimləri!
Biologiya fənninin 10-cu sinif üçün yazılmış və qalib elan olunmuş dərsliyini oxudum. Çox təəssüf ki, bu dərslikdə çoxlu elmi səhvlər, dil, üslub, sxem, rəqəm, cədvəl, termin və s. var.
Təhsil Nazirliyinin dərsliklərin ictimai müzakirəyə çıxarıldığı saytda rəyimi bildirdim. Həmin rəyimi burada da açıq şəkildə həmkarlarımın oxunması üçün yerləşdirirəm. Ancaq səhifə-səhifə etdiyim qeydləri açıq şəkildə nazirliyə göndərmirəm. Səbəb: bizim aşkar etdiyimiz səhvləri düzəliş edib, sonradan həmin dərsliyi çap edəcəklərsə, nədən bu kitabın müəllifləri bütün Azərbaycan müəllimlərinin halal müəllifliyi ilə çıxmasın? Çünki 4 nəfər müəllifin və 4 nəfər də "mükəmməl" ekspertlərin rəyinə əsasən seçilmiş kitabda bu qədər səhvlər olarmı? Ancaq nədən dərsliyi oxuyub, oradakı səhvləri görən məhz digər həmkarlarım olmalıdır? Öncə müəlliflər bu qədər səhvə yol verməməli idilər. "Ekspertlər" bu dərsliyə yüksək qiymət verib, qalib elan edəndə, düşünmürdülərmi ki, bu kitabı əlinə alıb digər biologiya müəllimləri də oxuyacaqlar? Ekspertlər hara baxıblar? Nədən səhvləri görməyiblər? Demək ki, bu qədər çox sayda səhvi görməyiblərsə, biologiya fənninin məzmun standartı, fənnin məzmunundan və elmiliyindən, 10-cu sinifin yaş səviyyəsindən və s. xəbərsizdirlərmiş...
Nazirliyin saytında yazdığım rəylə tanış ola billərsiniz:
"Öncədən, yazdıqlarımı diqqətə almağınızı xahiş edərdim.
Məqsədim, şagirdlərimizin qarşısına mükəmməl, elmli, savadlı şəkildə, gərəkli məzmunlu və biologiyaya dair həyati vacib olan bacarığın formalaşlaşdırılmasına təkan ola biləcək sanballı bir dərsliyin üzə çıxarılmasıdır.
Dərsliyə iradım:
Məzmuna görə: Fənn kurikulumundakı bütün məzmun standartlarının reallaşdırılması səviyyəsi, təlim materiallarının və faktların elmiliyi, dəqiqliyi, etibarlılığı, mövzularda didaktik tələblərin (şəxsiyyətyönlük, tələbyönlük, nəticəyönlük, tərbiyəvilik) səviyyəsi gözlənilməyib, Tədris vahidlərinin və materialların sadədən mürəkkəbə doğru ardıcıllığı gözlənilməyib, Davamlı inkişaf konsepsiyasına müvafiq olaraq ətraf mühitə qayğıkeş münasibətin, təbii sərvətlərdən səmərəli istifadənin, ictimai və milli-mənəvi dəyərlərin təbliği ilə bağlı mətn çox az və ya vacib olan yerdə heç yoxdur, Tapşırıq və çalışmalarda yaradıcılıq, rəngarənglik və yaş səviyyəsinə uyğunluq gözlənilməyib, İnklüzivliyin təmin olunması və diferensial təlim üçün (təlim nəticələri zəif, yüksək və sağlamlıq imkanları məhdud olanlar) materiallar heç verilməyib, şagirdlərin müstəqil təliminə imkan yaradılmır, çünki mətnlər çox qısa və məlumatsızdır, Qapalı, açıq və yarımaçıq tipli tapşırıqların sayının mütənasibliyi, nəzəri məlumatlarla praktik tapşırıqlar arasında vəhdət və mütənasiblik gözlənilməyibdir, Şagirdlər üçün özünü qiymətləndirmə materialları daxil edilməyib;
Dil və yazı üslubuna görə iradım:
- Dil və üslub cəhətdən şagirdin yaş səviyyəsinə uyğunluğu düzgün verilməyib, dil qaydalarına düzgün əməl olunmayıb, Söz ehtiyatının və nitqin inkişafı nəzərə alınmayıb, Yeni söz və terminlərin izahı verilməyib,
Dərslikdə verilən mövzuya uyğun rəqəm, sxem və cədvəllərdə çoxlu elmi səhvlər var....
Təklifim: Dərsliyin hər səhifəsini oxuyub, araşdırdıqdan sonra, qəti olaraq qərara gəldim ki, bunun çapa verilməsini məqsədəuyğun hesab etmirəm. Səhvlərin hamısını dəqiqliyi ilə qeydə almışam.
Dərsliyin bu şəkildə (xüsusilə də, hələ də ekspertlərin yoxlanmasından sonra bu səviyyədə) qalib elan olunaraq, çapa verilməsinin qəti əleyhinəyəm.
Almaz Həsrət
Respublikanın Əməkdar Müəllimi, Biologiya dərsliklərinin həmmüəllifi (ənənəvi 7-8-10-11-ci sinif üçün dərsliklərin, 2010-2011-ci illərdə)