Bahar Muradova uşaqları maraqlandıran sualları CAVABLANDIRIB
Bahar Muradova uşaqları maraqlandıran sualları cavablandırıb.
“Uşaq Hüquqları Aylığı” çərçivəsində “Regional İnkişaf “İctimai Birliyinin təşəbbüsü və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aidiyyəti qurumlarla birgə təşkilatçılığı ilə həyata keçirilən “Hüquqlarınla parla!” layihəsi üzrə 18 noyabr 2025-ci il tarixində Dövlət Komitəsinin sədri Bahar Muradova fəal uşaqlarla görüş keçirib.
AzTehsil.com xəbər verir ki, çıxış edən “Regional İnkişaf “İctimai Birliyinin Beynəlxalq Təşkilatlarla Əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova Hacıyeva layihə haqqında ətraflı məlumat verərək, bildirib ki, bugünki görüşün məqsədi uşaqların hüquqlarına diqqət çəkmək, onların səsini eşitmək və bu sahədə ölkəmizdə aparılan mühüm təşəbbüsləri geniş ictimaiyyətə təqdim etməkdir. O bildirib ki, layihə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması və “Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiya”nın həyata keçirilməsi çərçivəsində hazırlanıb.
Daha sonra Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edərək, uşaqlarla görüşlərin hər zaman xüsusi maraqla qarşılandığını bildirib. O qeyd edib ki, uşaqların düşüncəsində olan yenilik və dinamizm cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır.
Komitə sədri RİİB-lə uzunmüddətli və səmərəli əməkdaşlığın mövcud olduğunu vurğulayıb. O qeyd edib ki, RİİB ölkənin bütün ərazisində fəaliyyət göstərir və Komitənin işi də bütün regionları əhatə edir: “Biz bir çox hallarda eyni məqsədlər naminə çalışırıq. Bu baxımdan əməkdaşlığımız uğurla davam edir. RİİB-lə çoxsaylı tədbirlər həyata keçirmişik və onların böyük əksəriyyəti uşaqların hüquqlarının müdafiəsi, inkişafı, təhsili, təhlükəsizliyi və sağlamlığı ilə bağlı məsələləri əhatə edir,” – deyə o bildirib.
B.Muradova dünyada baş verən proseslərin sürətlə dəyişdiyini, gözlənilməz hadisələrin cəmiyyətlərin, ailələrin və dövlətlərin həyatına ciddi təsir göstərdiyini qeyd edib. Bu çağırışlar fonunda dövlətlərin və idarəetmə sistemlərinin çevik və dinamik olmasının vacibliyini vurğulayan Komitə sədri, bütün qlobal proseslərə operativ reaksiya verməyin zəruri olduğunu diqqətə çatdırıb.
Komitə sədri hazırda dünyada çoxsaylı münaqişələrin, aktiv müharibələrin və döyüş əməliyyatlarının davam etdiyini, bu proseslərdə ən çox zərər çəkənlərin ailələr, xüsusilə qadınlar və uşaqlar olduğunu bildirib. O, Azərbaycanın da uzun illər münaqişədən əziyyət çəkdiyini xatırladaraq, ölkənin bütün çətinliklərə baxmayaraq doğru yol seçdiyini, ərazi bütövlüyünü bərpa etdiyini və sülhün əldə olunması üçün ciddi səylər göstərdiyini vurğulayıb. Komitə sədri qeyd edib ki, Azərbaycan qayıdış prosesini ən yüksək səviyyədə təşkil edir.
Dövlət Komitəsinin fəaliyyət istiqamətlərinə toxunan Bahar Muradova qeyd edib ki, qurum həm ailə, həm qadın, həm də uşaqlar daxil olmaqla cəmiyyətin bütün üzvlərinə dair məsələlərlə məşğul olur. Onun sözlərinə görə, qadınlara qarşı zorakılığın qarşısının alınması, uşaqların təhlükəsiz mühitdə yaşaması və bu sahədə müxtəlif istiqamətlərin müəyyənləşdirilməsi Komitənin əsas prioritetləri sırasındadır.
Komitə sədri bu günün tarixinə nəzər salaraq, 18 noyabrın Uşaqların Cinsi İstismardan və Cinsi Zorakılıqdan Müdafiə Günü olduğunu xatırladıb. O həmçinin qeyd edib ki, qarşıdan gələn 20 noyabr BMT tərəfindən təsis edilmiş Dünya Uşaqlar Günüdür və bu günlər uşaqların müdafiəsi, rifahı və hüquqlarının qorunması ilə bağlı məsələlərə diqqətin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Sədr, 20 oktyabr tarixindən 20 noyabradək "Uşaq Hüquqları Aylığı"nın keçirildiyini diqqətə çatdırıb və aylıq çərçivəsində həyata keçirilən tədbirlərin geniş ictimaiyyətə təqdim olunduğunu bildirib. O, adıçəkilən hər bir qurumun öz səlahiyyətləri çərçivəsində uşaq hüquqlarının müdafiəsi naminə çalışdığını qeyd edib və Dövlət Komitəsinin bu qurumlarla əməkdaşlığı çərçivəsində öz fəaliyyət istiqamətlərinə uyğun tədbirlər həyata keçirdiyini deyib və RİİB-in fəaliyyətini vurğulayıb.
B.Muradova Komitə yanında fəaliyyət göstərən "Ailəm könüllüləri" və Uşaq Səfirlər Məclisi haqqında danışıb. O, uşaqların tədbirlərdə fəallığının təmin olunması və fəaliyyətləri çərçivəsində bir-biri arasında körpü yaradılmasının əhəmiyyətinə toxunub. Əlavə edib ki, onların hüquqlarının qorunması, inkişafı, təhlükəsiz və rifah içərisində yaşaması üçün öz üzrərimizə düşəni etmək, özümüzü gələcəyə hazırlamaq, bacarıqlar, səriştələr qazanmaq və təcrübələri bölüşmək çox vacibdir.
Daha sonra uşaqların ünvanladığı sualları cavablandıran Bahar Muradova, xüsusilə rəqəmsallaşma dövründə uşaqların zərərli informasiyadan qorunması, onların kibertəhlükəsizliyinin gücləndirilməsi və süni intellekt texnologiyalarından səmərəli istifadənin təşviqi ilə bağlı fikir və tövsiyələrini bölüşüb.
O, həmçinin uşaqların qərarqəbuletmə prosesinə cəlb olunmasının əhəmiyyətini vurğulayaraq, Ümumrespublika Uşaq Forumlarının bu istiqamətdə mühüm platforma rolunu oynadığını qeyd edib. Muradova bildirib ki, bu forumlar uşaqların öz fikirlərini sərbəst ifadə etməsi, onların sosial fəallığının artırılması və dövlət qurumları ilə açıq dialoqun qurulması baxımından əhəmiyyət daşıyır.
Bundan əlavə, o, düzgün peşə seçimi məsələsinə toxunaraq, hər bir uşağın maraq və bacarıqlarına uyğun istiqamət müəyyənləşdirməsinin vacibliyini qeyd edib. Uşaqların təhsil imkanlarının genişləndirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı fikirlərini də paylaşan Muradova, həyata keçirilən layihələrin gələcək nəsillərin formalaşmasına mühüm töhfə verdiyini bildirib.
Tədbirin sonunda xatirə fotosu çəkdirilib.










