AzTehsil.com
RU


Xəbərlər / Ziyalılar
01 may 2020
1 347


Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir



Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

 

Hazırda inkişaf etmiş bir sıra dövlətlər və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən görülən tədbirlərə və birgə səylərə baxmayaraq, yeni növ koronavirus (COVID-19) infeksiyasının dünyada yayılmasının qarşısını hələ də almaq mümkün olmamışdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, indiyədək dünyada 3,2 milyondan çox adam COVID-19 infeksiyasına yoluxmuş, 1 milyondan çox adam sağalmış, 228 mindən çox adam isə bu infeksiya səbəbindən vəfat etmişdir.

Pandemiyanın ilk günlərindən etibarən Azərbaycan koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün çevik vətəsirli qabaqlayıcı addımlar atmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə cari ilin əvvəlində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Nazirlər Kabinetinin 2020-ci il 30 yanvar tarixli 35s nömrəli sərəncamı ilə "Azərbaycan Respublikasında yeni koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilmişdir.

Mart ayının 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi mərhələli şəkildə mayın 4-dək dayandırılmış, keçirilməli bütün kütləvi tədbirlər təxirə salınmış və ya ləğv edilmişdir. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilmişdir. Ticarət və əyləncə mərkəzlərinin, şəhərlərarası nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyəti dayandırılmış, park və ictimai istirahət yerlərinə insanların girişi qadağan edilmişdir.

Beynəlxalq ticarət daşımaları istisna olmaqla, qonşu dövlətlərlə yerüstü və hava nəqliyyatı bağlantıları, digər ölkələrlə beynəlxalq hava sərnişin daşımaları müvəqqəti olaraq dayandırılmışdır. Aprelin 5-dən etibarən bir sıra dövlət və özəl qurumların fəaliyyətinə cəlb edilmiş şəxslər istisna olmaqla, bütün digər vətəndaşların zəruri hallarda müəyyən olunmuş vaxt çərçivəsində yaşayış yerini tərk etməsi üçün SMS icazə sistemi tətbiq edilmişdir.

Pandemiya ilə mübarizə sahəsində ölkə Prezidentinin hadisələrin axarını uzaqgörənliklə, dəqiq və düzgün təhlil edərək vaxtında verdiyi qərarlar, onun təşəbbüsü və rəhbərliyi ilə operativ olaraq həyata keçirilən qabaqlayıcı və effektiv tədbirlər koronovirus infeksiyasının geniş yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması üçün mühüm əhəmiyyətə malik olmuşdur. Ciddi karantin tədbirlərinin tətbiqi, infeksiyanın diaqnostikası məqsədilə testlərin vaxtında alınması və davamlı yoxlamaların aparılması, infeksiyaya yoluxmuş insanların müalicəsinin operativ

təşkili, qoruyucu vasitələrin idxalı və yerli istehsalı, zəruri tibbi bazanın daha da gücləndirilməsi, yeni xəstəxanaların tikilərək istifadəyə verilməsi istiqamətində görülən işlər xüsusi olaraq qeyd edilməlidir. İndiyə kimi ölkə üzrə 137 mindən çox test keçirilmişdir. Bu testlərin aparılması üçün hazırda 18 laboratoriya fəaliyyət göstərir ki, onlardan da 5-i yeni yaradılmışdır. Aprel ayının 30-dək dünya üzrə infeksiyaya yoluxanların 31 faizinin sağalmasına və 7 faizinin vəfat etməsinə baxmayaraq, ölkəmiz üzrə bu rəqəmlər uyğun olaraq 72 faiz və 1,3 faiz təşkil edir.

Hazırda ölkəmizdə koronavirus xəstələri 22 dövlət xəstəxanasında müalicə olunur. Bu günlərdə Bakıda 575 çarpayılıq "Yeni klinika” və ölkəmizin 3 şəhərində ümumi çarpayı sayı 500-dən çox olan 3 yeni xəstəxana istifadəyə verilmişdir. Cənab Prezidentin göstərişi əsasında hər birində 200 çarpayı yeri olmaqla müasir modul tipli 10 xəstəxananın inşasına başlanılmışdır və onların yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulur.

Daxili tələbatı ödəmək üçün aprel ayının əvvəlindən tibbi maska istehsalı müəssisəsi fəaliyyətə başlamışdır. Eyni zamanda, koronavirusa yoluxanlara xidmət göstərən həkimlərin və aidiyyəti üzrə pandemiya ilə mübarizə sahəsində çalışan işçilərin əmək haqqının əhəmiyyətli dərəcədə artırılması, bu çətin günlərdə aztəminatlı insanlara və sosial cəhətdən həssas qrupa aid edilən ailələrə dövlət qayğısının göstərilməsi, bir sıra genişmiqyaslı sosial layihələrin həyata keçirilməsi xalq-iqtidar birliyinin bariz təzahürüdür və qədirbilən xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Pandemiya dövründə ölkədə iqtisadi sabitliyi təmin etmək üçün bir neçə milyard manat vəsait ayrılmış, pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Nazirlər Kabineti tərəfindən Tədbirlər Planı hazırlanmış və təsdiq edilmişdir.

Koronavirus nəticəsində mənfi təsirə məruz qalmış özəl sektorun müvafiq sahələrinə dövlət dəstəyi paketi çərçivəsində xidmət və digər sahələrdə çalışan 600 min vətəndaşın və mikrosahibkarlıq subyektlərinin əməkhaqlarının böyük hissəsi dövlət tərəfindən ödənilmişdir. 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa da minimal meyara uyğun olaraq ödənişlər edilmişdir. Vergi güzəştləri də nəzərə alınmaqla bu rəqəm 3,5 milyard manatdan artıq olmuşdur.

Cənab Prezidentin təşəbbüsü ilə Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu təsis edilmiş, ilkin olaraq fonda dövlət tərəfindən 20 milyon manat vəsait köçürülmüşdür. Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva tərəfindən bir illik əmək haqqının fonda ianə edilməsi cəmiyyətdə həmrəylik üçün stimul rolunu oynamışdur. Ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən fonda könüllü ianələr edilmişdir. Hazırda fonda

köçürülmüş ianələrin həcmi 113 milyon manatdan çoxdur və bu vəsaitin aidiyyəti üzrə sərf edilməsinə ictimai nəzarətin təşkil edilməsi məqsədilə xüsusi komissiya yaradılmışdır.

Ötən müddət ərzində böyük əksəriyyəti dövlət hesabına olmaqla, 15 mindən artıq Azərbaycan vətəndaşı müxtəlif xarici ölkələrdən təxliyə edilmiş və karantin müddəti bitənədək dövlət hesabına ən yüksək şəraitlə təmin olunmuş xüsusi karantin zonalarında yerləşdirilmişdir.

Ölkə daxilində həyata keçirilən tədbirlərlə yanaşı, beynəlxalq aləmdə fəallığını davam etdirən Azərbaycan pandemiyaya qarşı mübarizədə elə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Ölkəmiz qlobal həmrəylik nümayiş etdirərək Ümumdünya Səhiyyə Təşkilatının strateji hazırlıq və cavab planı çərçivəsində COVID-19 müraciəti Fonduna könüllü maliyyə yardımı ayırmışdır. Hələ mart ayının əvvəllərində bu təşkilatın aparıcı mütəxəssislərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdə olmuş, vəziyyətlə tanış olaraq görülmüş işlərə müsbət qiymət vermişlər. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirmişdir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə, videokonfrans vasitəsilə Türk Şurasının dövlət başçıları səviyyəsində fövqəladə Zirvə görüşünün keçirilməsi, həmçinin bir sıra dövlət başçıları ilə müxtəlif formatlarda müzakirələrin aparılması koronavirus pandemiyası ilə mübarizədə beynəlxalq əməkdaşlıq üçün zəmin yaratmışdır. Şübhə etmirik ki, cənab Prezidentin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında keçiriləcək Zirvə görüşü də dünya dövlətlərinin bu mübarizədə səfərbər olması və beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəkdir.

Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu koronavirus infeksiyası ilə mübarizə sahəsində dövlət tərəfindən görülən işlərə dəstək vermişdir. Fondun daimi himayəsində olan uşaq, körpələr və qocalar evləri, internat məktəbləri və sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində tələb olunan profilaktik tədbirlər görülmüş, onlar lazımi qoruyucu vasitələrlə təmin olunmuşdur.

Heydər Əliyev Fondu, hər zaman olduğu kimi, illər boyu qazandığı təcrübə ilə bu gün də koronavirusla mübarizədə səhiyyə müəssisələrinə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Səhiyyə Nazirliyinə lazımi dəstəyi göstərir. Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlardakı xəstəxanalarında COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-

C19 layihəsinə start verilib. Türkiyə xəstəxanalarında çalışan 19 azərbaycanlı həkim layihəyə cəlb edilib. Layihənin məqsədi koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün bölgələrdəki seçilmiş xəstəxanalarda COVID-19-la bağlı əsas bacarıqları sürətlə inkişaf etdirməkdir.

Mehriban xanım Əliyevanın tapşırığı ilə beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində əhalinin maarifləndirilməsi üçün birgə kommunikasiya planı hazırlanmışdır. Plan əsasında mətbuat, ictimaiyyət və dövlət qurumları ilə mütəşəkkil əlaqələndirici iş aparılır. Heydər Əliyev Fondu ölkədə uğurla həyata keçirilən sosial siyasətə dəstək göstərir, sosial cəhətdən həssas əhali qrupuna və ehtiyacı olan ailələrə hərtərəfli yardım edir. Pandemiya ilə əlaqədar ölkədə elan olunmuş xüsusi karantin rejimi dövründə dövlət tərəfindən görülən tədbirlərə dəstək olaraq, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirdiyi layihə çərçivəsində Heydər Əliyev Fondu və "Regional İnkişaf” İctimai Birliyinin”www.bizbirlikdegucluyuk.az” portalı istifadəyə verilib.

Bu möhtəşəm layihədə məqsəd dövlət tərəfindən həyata keçirilən sosial siyasətə dəstək göstərmək, köməyə ehtiyacı olan insanlara yardım etmək istəyən şəxsləri bir araya gətirmək, bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir. Aksiya çərçivəsində 100 mindən artıq sovqatın paylanılması nəzərdə tutulur.

Tədris prosesinin dayandırılması ilə əlaqədar təhsilin davamlılığının təmin edilməsi və preventiv tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən də bir sıra vacib tədbirlər həyata keçirilmişdir.

Koronavirus infeksiyasının qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində dezinfeksiya işləri aparılmış, ölkə üzrə bütün təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilmiş, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilmişdir.

Təhsil Nazirliyinin təşkilatçılığı ilə martın 11-dən "Mədəniyyət” və "ARB Günəş” kanallarında ölkənin ümumtəhsil müəssisələrinin şagirdləri üçün teledərslərin yayımına başlanılmışdır. Teledərslər bütün sinifləri və əksər fənləri əhatə etməklə həm Azərbaycan, həm də rus bölmələri üçün əvvəlcədən elan edilmiş cədvələ uyğun olaraq təqdim edilir. Bununla yanaşı, şagirdlər teledərsləri və hər bir fənn üzrə əlavəvideo materialları Təhsil Nazirliyinin www.video.edu.az elektron portalında onlara uyğun olan vaxtda da izləmək imkanına malikdirlər.

Nazirlik həmçinin "Virtual məktəb” layihəsinə start verib. Layihənin məqsədi Nazirlik tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən

tədris imkanlarını genişləndirməkdir. "Virtual məktəb” layihəsi Təhsil Nazirliyi və "Microsoft” korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. Hər bir şagird "Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına əsasən sinfə təyin olunur və müəllimlər tərəfindən həftəiçi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirir.

Aprel ayının 1-dən Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin qrup və dərnəklərinə cəlb edilən məktəblilər üçün onlayn formatda dərslərə start verilib. Dərslər müəssisələr tərəfindən müəyyən olunmuş qrafikə uyğun olaraq ev şəraitində keçirilməsi mümkün olan istiqamətlər üzrə təşkil edilir. Məşqçi-müəllim və dərnək rəhbərləri müxtəlif proqram təminatlarından yararlanaraq məktəbliləri interaktiv tədris prosesinə cəlb edir, onların fiziki sağlamlıqlarının təmin edilməsi üçün idmanın ayrı-ayrı növləri üzrə məşq prosesi, yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün rəqs, rəsm, bacarıqlı əllər, bədii qiraət, ifa, biçmə-tikmə, erudit və digər sahələr üzrə dərslər təşkil edir, mövzuya uyğun sual-cavab, fikir mübadiləsi aparmaq imkanı yaradır.

Aprelin 6-dan Təhsil Nazirliyinin yeni 146-3 "Qaynar xətt” xidməti fəaliyyətə başlayıb. Ölkəmizdə karantin rejimi ilə əlaqədar evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda bu xidmət ilə əlaqə yarada bilərlər. Əlaqə yaradan hər bir vətəndaşa məktəb psixoloqları tərəfindən telefon vasitəsilə məsləhət verilərək lazımi dəstəklə təmin olunurlar.

Koronavirus pandemiyası ilə mübarizə ümumtəhsil məktəbləri ilə yanaşı, ali təhsil müəssisələri qarşısında da bir sıra təxirəsalınmaz vəzifələr qoydu. Tədris prosesinin davamlılığını təmin etmək məqsədilə 2020-ci il 18 mart tarixində Təhsil Nazirliyi tərəfindən bütün ali təhsil müəssisələrinə tədris prosesinin məsafədən təşkil edilməsi ilə bağlı "Microsoft teams” platformasından istifadə tövsiyə edildi. Nazirlik təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali və orta ixtisas təhsil pillələri üzrə bu platformadan ödənişsiz istifadə imkanı yaratdı. Platformadan istifadə üzrə müəllim və tələbələr üçün video-təlimatlar hazırlanaraq video-dərslər (video.edu.az) portalında yerləşdirildi. Təhsil müəssisələri sözügedən platforma vasitəsilə videobağlantı imkanı əldə edərək məsafədən təhsil vermək, müəllim-tələbə müzakirəsinin təşkili üçün interaktiv alətlərdən istifadə, sillabus, mühazirə mətnləri kimi müxtəlif dərs materialları və daha böyük həcmli materiallar ötürmək, təqvim aləti vasitəsilə onlayn dərsləri planlaşdırmaq, qrup işinin təşkili və qiymətləndirmə alətlərindən istifadə etmək kimi geniş imkanlardan faydalana bilirlər.

Aprelin 24-də Azərbaycan Respublikasının Təhsil nazirinin ali təhsil müəssisələrinin rektorları ilə keçirilmiş videokonfransında koronavirus pandemiyasının təsirlərinin minimallaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən verilmiş tapşırıqların icrası vəziyyəti barədə geniş müzakirələr aparılmışdır. Tələbələrin tədris ilinin ikinci yarımilliyinin nəticələrinə əsasən qiymətləndirilməsi prosesinin, buraxılış kurs tələbələrinin pedaqoji və istehsalat təcrübələrinin və yekun dövlət attestasiyasının keçirilməsinin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılmış, nazirlik tərəfindən bu istiqamətlərdə ümumi tövsiyələr verilmişdir. Ali təhsil müəssisələri tərəfindən bu istiqamətdə görüləcək konkret tədbirlər barədə təkliflərin hazırlanması və Təhsil Nazirliyinə təqdim edilməsi tapşırılmışdır.

Pandemiya ilə mübarizə sahəsində, bütövlükdə, ölkəmizdə, o cümlədən ali təhsil sahəsində aparılan işlər çərçivəsində Bakı Dövlət Universitetində (BDU) də bir sıra tədbirlər həyata keçirilir. Mart ayının 5-dən başlayaraq BDU-da infeksiyalara yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə sanitar-epidemioloji vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işləri və qabaqlayıcı tədbirlər həyata keçirilib. Bakı Şəhər Dezinfeksiya Stansiyasının bölmələri tərəfindən universitetin auditoriyaları, kitabxanası, dəhlizləri və digər ərazilərində mütəmadi olaraq dezinfeksiya işləri aparılıb.

Cari ilin mart ayında BDU Elmi Şurasının virtual iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından irəli gələn vəzifələr, universitetdə tədrisin onlayn və oflayn rejimlərdə, elektron vasitələrlə təşkili imkanları, tələbə və əməkdaşların sağlamlığının qorunması istiqamətində görülmüş işlər və nəzərdə tutlmuş tədbirlər müzakirə olunub. Elmi Şura Azərbaycan Respublikası Prezidentinin yeni növ virusla mübarizədə atdığı qətiyyətli və effektiv addımları dəstəkləmiş, ölkə başçısının müvafiq sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi istiqamətində vacib və əhəmiyyətli tədbir kimi qiymətləndirmişdir. Elmi Şurada bu ümummilli məsələdə dövlətin qətiyyətli addımlarının, həyata keçirdiyi yüksək təhlükəsizlik tədbirlərinin Azərbaycan xalqının gələcəyinə, əhalinin sağlamlığının qorunmasına xidmət etdiyi vurğulanmış, hər bir insan öz sosial məsuliyyətini dərk etməyə, birliyə və həmrəyliyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağrılmışdır.

Elmi Şuranın qərarına əsasən BDU büdcəsindən COVID-19 Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat vəsait köçürülmüşdür. Bununla yanaşı universitetin bir qrup əməkdaşı da aylıq əmək haqlarının müəyyən hissəsini Fonda ianə etmişlər.

Elmi Şuranın digər qərarı əsasında BDU-da yeni COVID-19 infeksiyası ilə mübarizə və onun yayılmasının qarşısının alınması, universitetin ərazisində təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, həmçinin tədrisin dayandırılması ilə əlaqədar olaraq video-dərslərin təşkili və elektron mühazirələrin təhsilalanlara paylanması işini təşkil etmək məqsədilə Qərargah yaradılmışdır. Yaradılmış Qərargahın fəaliyyəti çərçivəsində universitetin bütün giriş qapılarında dezinfeksiyaedici məhlullar qoyulmuş, Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni COVID-19 infeksiyası ilə mübarizə üzrə məsləhət və tövsiyələrini əks etdirən maarifləndirici posterlər vurulmuşdur. Qərargah mütəmadi olaraq əməkdaşların və təhsilalanların suallarını operativ şəkildə cavablandırır, zərurət yarandıqda atılacaq addımlar və mövcud məhdudiyyətlər barədə onlara telefon, SMS və ya elektron-poçt vasitəsi ilə məlumatlar verir.

Artıq qeyd edildiyi kimi, tədris prosesinin davamlılığını təmin etmək məqsədilə 2020-ci il 18 mart tarixində Təhsil Nazirliyi bütün ali təhsil müəssisələrinə tədris prosesinin məsafədən təşkil edilməsi ilə bağlı "Microsoft Teams” platformasından istifadəni tövsiyə etmişdir. Bununla əlaqədar olaraq BDU-da 2020-ci il 18 mart tarixindən başlayaraq onlayn tədris prosesinin təşkili, müəllim və tələbə heyətinin "Microsoft Teams” platformasına inteqrasiyası müvəffəqiyyətlə təmin edilib. Tədrisin məsafədən təşkilinin məqsədi yaranmış fasilə zamanı tələbələrə tədris və metodiki dəstəyin göstərilməsi, təhsil proqramının mənimsənilməsinə şəraitin yaradılması, bu müddət ərzində onların vaxtlarının səmərəli təşkil olunmasıdır. Universitetin bu platformaya daxil edilən 20 mindən artıq istifadəçi hesabı, 1500-dən artıq qrup və qrup birləşməsi yaradılıb. Dərslər 2020-ci il 31 mart tarixinədək "Zoom” platforması və video-dərslər vasitəsi ilə tənzimlənib. 29-31 mart tarixlərindən "Microsoft Teams” platformasında sınaq dərslər keçiriləndən sonra, 1 aprel tarixindən başlayaraq tədris aktiv dərslərlə davam etdirilir.

Hazırda BDU-da dərs prosesi sillabus, mühazirə mətnləri və digər dərs materiallarının ötürülməsinə, böyük həcmli materialların yerləşdirilməsinə imkan verən "Microsoft Teams” platforması vasitəsilə uğurla həyata keçirilməkdədir. BDU-nun 15 mindən artıq aktiv istifadəçisinin yararlandığı platformada bu günə qədər 30 mindən çox dərs keçirilib,

gündəlik dərslərin sayı orta hesabla 1500, istifadəçilərin sayı isə 10 mindən çoxdur. Platforma BDU tələbələrinin 80%-ni əhatə edir.

Tədris prosesinin təşkili, dərslərin keçirilməsinə nəzarət, texniki çətinliklərin aradan qaldırılması, müəllim və tələbələrin bu platformadan düzgün istifadə etməsinə kömək məqsədilə Universitetin məsafədən fəaliyyət göstərən, 20 əməkdaşdan ibarət işçi qrupu formalaşdırılıb. Distant formada dərslərin əksəriyyətinin video qeydiyyatı aparılır. Bu da internet imkanları məhdud tələbələrin həmin mühazirəni yenidən izləməsinə şərait yaradır.

Şübhəsiz ki, gündəlik həyat tərzinin pozulması, infeksiya ilə bağlı yaranan qorxu və həyəcan kimi mənfi hallarla əlaqədar insanların həyat fəaliyyətində kəskin dəyişikliklər, bəzən psixoloji problemlər, narahatlıqlar özünü göstərir. Bu səbəbdən Azərbaycan ali məktəbləri arasında ilk dəfə olaraq BDU-da hələ 2019-cu ilin dekabr ayında yaradılan Psixoloji Yardım Sektoru evdə qalan tələbələrin, eləcə də əməkdaşların mənəvi-psixoloji vəziyyətini nəzərə alaraq rəsmi sosial media səhifələri vasitəsilə onlara dəstək göstərir.

Bakı Dövlət Universiteti ölkədə həyata keçirilən sosial aksiyalarda fəal iştirak edir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə elan edilən xüsusi karantin rejimi müddətində evdən çıxması qadağan olunan, 65 yaşdan yuxarı tənha yaşayan şəxslərə sosial qayğı göstərilməsi kampaniyası ilə əlaqədar Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi və Bakı Dövlət Universitetinin birgə keçirdiyi sosial aksiya çərçivəsində Bakı şəhərinin müxtəlif ərazilərində xüsusi risk qrupuna aid 100 şəxsə müxtəlif ərzaq məhsullarından ibarət sovqat paylanılmışdır. Aksiya zamanı yardım olunanlara COVID-19 infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejiminin qaydaları bir daha xatırladılmış, xüsusi bukletlər təqdim olunmuşdur.

Tələbə-gənclərin estetik və mənəvi tərbiyəsində, dünyagörüşünün zənginləşməsində, vətəndaş kimi formalaşmasında mütaliənin rolunu nəzərə alaraq, tələbələr arasında kitab və mütaliəni təbliğ edən müxtəlif onlayn sosial aksiyalar keçirilir. BDU Radiosunun təqdimatında BDU-nun Jurnalistika fakültəsinin tələbələri tərəfindən hazırlanmış "Ədəbi incilər” radioverilişləri Universitetin rəsmi saytı və sosial media səhifələrindən tələbələrə təqdim edilir.

Onlayn tədrislə yanaşı BDU-da elmi-tədqiqat institutları və laboratoriyalarının əməkdaşları, tədqiqatçılar öz axtarışlarını davam etdirir, xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq onlayn formada məsləhətləşmələr və müzakirələr aparır, elmi

fəaliyyətlərini məsafədən koordinasiya edirlər. BDU-nun yeni yaradılmış və gənc tədqiqatçıların fəaliyyət göstərdiyi Sənaye Kimyası Laboratoriyasında da tədqiqat işləri məsafədən idarə olunmaqla həyata keçirilir. Laboratoriya əməkdaşları tərəfindən mühüm elmi nəticələr "Microsoft Teams” platforması üzərindən müzakirəyə çıxarılır, yeni innovativ ideyalar haqqında mülahizələr irəli sürülür. Eyni zamanda Fransanın Lorraine, Tunisin Carthage, Amerika Birləşmiş Ştatlarının (ABŞ) İllinois universitetlərinin professorları ilə yeni elmi məqalələr üzərində məsləhətləşmələr aparılır. Həmçinin, laboratoriya əməkdaşlarının üzərində çalışdıqları bir sıra layihələr üzrə araşdırmalar onlayn formada davam etdirilir, alqoritmlər hazırlanır, modelləşdirmə və kodlaşdırma işləri görülür.

Universitetin müasir tələblərlə səsləşən yeni yaradılmış digər bir tədqiqat qurumu – "Mikrobiologiya və virusologiya” Elmi-tədqiqat laboratoriyasının tədqiqat istiqamətləri müəyyənləşdirilmişdir. Hazırda laboratoriyada aparılacaq elmi-tədqiqat işlərinin effektivliyinin təmin edilməsi üçün lazımi şəraitin yaradılması istiqamətində zəruri işlər görülür.

Bakı Dövlət Universitetinin görkəmli alimləri, peşəkar mütəxəssisləri, tanınmış ziyalılar mütəmadi olaraq kütləvi informasiya vasitələrində çıxışlar edir, yeni növ koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində dövlət səviyyəsində görülən tədbirlərin əhəmiyyəti, xüsusi karantin rejiminə ciddi riayət olunmasının vacibliyi, sosial izolyasiya dövründə təhsilin davamlılığı, insanların öz psixoloji sağlamlıqlarını qoruması yolları və s. haqqında məlumat verir, ölkədə elmi maarifləndirmə işində yaxından iştirak edirlər.

Azərbaycan Respublikası Prezidentinin xüsusi nəzarəti ilə dövlət orqanlarının Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini nəzərə alaraq koronovirusla mübarizə məqsədilə həyata keçirdikləri qabaqlayıcı tədbirlər bu virusun yayılmasının qarşısının alınmasında və nəzarətdə saxlanılmasında böyük əhəmiyyət kəsb edir. Hazırda ölkədə pandemiyaya qarşı vəziyyət stabildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel tarixli qərarı ilə xüsusi karantin rejiminin 04 may 2020-ci il tarixədək uzadılması da, hər şeydən əvvəl, Azərbaycan xalqının sağlamlığının qorunması, profilaktik və mübarizə xarakterli təxirəsalınmaz tədbirlərin davam etdirilməsi, pandemiyanın Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin tamamilə qarşısının alınması məqsədi daşıyır. Ölkə başçısının rəhbərliyi altında infeksiya ilə mübarizədə geniş miqyaslı tədbirlər davam etdirilir. Uğurlu səhiyyə siyasəti ilə bərabər, fəal şəkildə sosial dəstək və sosial cəhətdən həssas əhali qrupunun, o cümlədən pandemiyadan zərər çəkmiş sahələrdə işləyən

sakinlərin məşğulluğunun təmin olunması siyasəti həyata keçirilir. Məşğulluğun və sosial rifahın dəstəklənməsi məqsədilə ölkə başçısının tapşırığı ilə genişmiqyaslı sosial, iqtisadi tədbirlər görülür. Xalqımızın bu çətin sınaqdan şərəflə çıxması üçün ən vacib addımlar atılır. Bütün bunların nəticəsidir ki, son günlər infeksiyaya yoluxanların müalicəsində davamlı olaraq müsbət dinamika müşahidə olunur. Şübhəsiz ki, ölkə rəhbərinin səmərəli, məqsədyönlü fəaliyyəti vətəndaşlar tərəfindən də böyük razılıqla qarşılanır.

Azərbaycan dünyanı vahiməyə salmış pandemiyaya qarşı mübarizədə yeni bir nümunə yaratmışdır. Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19-la mübarizədə Azərbaycan dövlətinin siyasətini yüksək dəyərləndirmiş, görülən tədbirləri ən effektiv mübarizələrdən biri kimi qiymətləndirmişdir. Bugün dünya ölkələri üçün Azərbaycan nümunəsi bir örnəyə çevrilmişdir. Dövlətimiz tərəfindən həyata keçirilən genişmiqyaslı mübarizə tədbirləri xalqımızın bu sınaqdan daha az itki ilə çıxacağına qəti əminlik yaradır. Cənab Prezidentin infeksiya ilə mübarizədə "Biz birlikdə güclüyük!” çağırışına hər kəs qoşulur. Pandemiyaya qarşı mübarizədə Azərbaycanın əldə etdiyi uğurun başlıca səbəbi də məhz bu milli birlik, xalqımızın öz Prezidentinə sarsılmaz inamıdır.

İnanırıq ki, görülən işlər və xalq-iqtidar birliyi hesabına müdrik Azərbaycan xalqı bütün dünyanı cənginə almış bu ağır vəziyyətdən, bu böyük sınaqdan şərəflə çıxacaq və biz tezliklə digər sahələrlə birlikdə normal təhsil prosesini də yenidən bərpa edəcəyik. Bunun üçün vətəndaş məsuliyyəti, birlik və həmrəylik əsas şərtdir.

Biz birlikdə güclüyük və həmişə güclü olaraq qalacağıq!

Elçin BABAYEV, Bakı Dövlət Universitetinin rektoru



Загрузка...
Həmçinin oxuyun:
BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

BDU-da tədrisin məsafədən təşkili davam etdirilir

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

Rəşad Tağıyev: Hər kəs dövlətin gördüyü tədbirlərə dəstək verməlidir

Rəşad Tağıyev: Hər kəs dövlətin gördüyü tədbirlərə dəstək verməlidir

Operativ Qərargah: Bu gecədən etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq edilir

Operativ Qərargah: Bu gecədən etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq edilir

Ölkə ərazisində xüsusi karantin rejimi elan edildi.

Ölkə ərazisində xüsusi karantin rejimi elan edildi.

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanı da təxirə salındı

DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanı da təxirə salındı

Məktəbdənkənar təhsil müəssisələrində dezinfeksiya işləri aparılır

Məktəbdənkənar təhsil müəssisələrində dezinfeksiya işləri aparılır

Təhsil naziri rektorlarla video-konfrans keçirib

Təhsil naziri rektorlarla video-konfrans keçirib

Nazirlər Kabinetindən əhaliyə ÇAĞIRIŞ

Nazirlər Kabinetindən əhaliyə ÇAĞIRIŞ

COVID-19 pandemiyası ilə bağlı onlayn maarifləndirici seminar

COVID-19 pandemiyası ilə bağlı onlayn maarifləndirici seminar

Məktəb və universitetlər aprelin 20-dək bağlı olacaq – Rəsmi

Məktəb və universitetlər aprelin 20-dək bağlı olacaq – Rəsmi

Prezident İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Prezident İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Naxçıvanda da dərslər martın 27-dək təxirə salınıb

Naxçıvanda da dərslər martın 27-dək təxirə salınıb

Aprelin 27-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib

Aprelin 27-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib

Təhsil müəssisələrində dezinfeksiya işləri intensivləşdirilib

Təhsil müəssisələrində dezinfeksiya işləri intensivləşdirilib

Sumqayıt Dövlət Universitetindən 50 min manat ianə

Sumqayıt Dövlət Universitetindən 50 min manat ianə

Azərbaycana giriş-çıxışa qoyulan məhdudiyyət uzadıldı

Azərbaycana giriş-çıxışa qoyulan məhdudiyyət uzadıldı

Dövlət Proqramı məzunları pandemiya ilə mübarizənin ön cəbhəsində

Dövlət Proqramı məzunları pandemiya ilə mübarizənin ön cəbhəsində

Azərbaycanda koronavirusla bağlı sayt istifadəyə verildi

Azərbaycanda koronavirusla bağlı sayt istifadəyə verildi

ADMİU koronavirusla mübarizəyə dəstək kampaniyasına qoşuldu

ADMİU koronavirusla mübarizəyə dəstək kampaniyasına qoşuldu

Yaranmış vəziyyətlə bağlı pandemiyanı mümkün qədər zərərsiz adlatmaq üçün dövlətimiz tərəfindən lazım olan bütün qabaqlayıcı addımlar atılıb

Yaranmış vəziyyətlə bağlı pandemiyanı mümkün qədər zərərsiz adlatmaq üçün dövlətimiz tərəfindən lazım olan bütün qabaqlayıcı addımlar atılıb

İlahiyyat İnstitutunda distant təhsilə start verildi

İlahiyyat İnstitutunda distant təhsilə start verildi

AzMİU-dan koronavirusla mübarizəyə 50 min manatlıq dəstək

AzMİU-dan koronavirusla mübarizəyə 50 min manatlıq dəstək