Bəzi universitetlərin məqsədi təhsil vermək yox, pul qazanmaqdır
Parlamentin bir neçə komitəsinin iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Elm və Təhsil Nazirliyi tərəfindən ümumi, orta və peşə təhsili sahəsində kadr bazasının sağlamlaşdırılması istiqamətində görülən işlərin, aparılan islahatların ali təhsil sahəsində də həyata keçirilməsi təklif edilib.
AzTehsil.com xəbər verir ki, bu təkliflə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov çıxış edib.
"Doğrudur, dövlət universitetləri kadr bazalarını formalaşdırmaqda sərbəstdirlər, amma bu, bir sıra hallarda onların kadr seçimində obyektivlikdən uzaq seçimlər etməsinə gətirib çıxarır. Bu da öz növbəsində savadlı kadrların kənarda qalmasına və onlarla heç cür rəqabət apara bilməyəcək insanların auditoriyalara yol açmasına gətirib çıxarır. Hesab edirəm ki, dövlət universitetlərində işə qəbul edilən hər bir kadr Elm və Təhsil Nazirliyinin razılığı ilə işə qəbul olunmalıdır. Bu məsələdə qardaş ölkə olan Türkiyə təcrübəsinin tətbiq edilməsini zəruri sayıram.
Digər yandan ikinci məsələ, bir sıra universitetlərin ştata müəllim götürməkdən yayınması məsələsidir. Universitetlərin bir qismi ştata müəllim götürməkdən yayınırlar və 10 min saatlarla dərsi saathesabı qaydada cəlb etdikləri müəllimlərə verirlər.
Həmçinin, bəzi özəl universitetlər ümumiyyətlə ştata müəllim götürmürlər. Kafedra bir müdirdən, bir də onun katibəsindən və ya laborantından ibarət olur. Müəllimlərlə isə, 15 sentyabr–15 yanvar tarixlərində 4 aylıq müqavilə bağlayırlar. Bir aylıq fasilədən sonra yenə də 15 fevral–15 iyun tarixlərində yeni bir 4 aylıq müqavilə bağlayırlar. Nəticədə müəllimə 15 yanvar-15 fevral və 15 iyun-15 iyul tarixlərində 2 aylıq əməkhaqqını və məzuniyyət haqqını ödəməkdən yayınırlar. Müəllimin əməyinə bu cür qiymət verən universitetin məqsədi, görünür, təhsil vermək deyil, pul qazanmaqdır. Hesab edirəm ki, bu cür hallar Əmək qanunvericiliyinin tələblərinin və müəllimlərin hüquqlarının pozulmasıdır, bu cür halların qarşısı alınmalıdır. Bu məsələnin diqqətdə saxlanılmasını xahiş edirəm",-o deyib.









