İyunun 13-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikasının Təhsil naziri cənab Mikayıl Cabbarovun "İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən QHT, media nümayəndələri, təhsil ekspertləri və tələbələrin valideynləri imtahan sessiyasının gedişini izlədilər.
İzləmə prosesində təhsil ekspertləri Etibar Əliyev, Nadir İsrafilov, "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əlməmməd Nuriyev , "Cəmiyyətin və Vətəndаş Münаsibətlərinin İnkişаfı” İctimаi Birliyinin sədri Əhməd Abbasbəyli, Moderator.az saytının rəhbəri Zülfüqar Hüseynzadə, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov həmçinin AzTV-nin nümayəndəsi iştirak etdilər. Nümayəndə heyəti ayrı-ayrı fakültələr üzrə keçirilən imtahan otaqlarında, Qiymətləndirmə və keyfiyyətə nəzarət bölməsində oldu.
Tədris Metodik Mərkəzinin direktoru dos.İsabal Qurbanov və nəzarətçi-müəllimlər bildirdilər ki, obyektivliyi təmin etmək məqsədi ilə tələbələrə təqdim olunan cavab vərəqələri kodlaşdırılır. Yazıların kodlaşdırılması, yoxlanılması və nəticələrin dekanlığa göndərilməsi xüsusi otaqlarda həyata keçirilir. İmtahanlar bir qayda olaraq yazılı formada aparılır. Yazılı imtahanda 17 baldan yuxarı bal toplayan və müsbət qiymət alan tələbələr qiymətlərini artırmaq üçün ərizə ilə müraciət etdikdə, ondan şifahi imtahan götürülür və qiyməti artırılır. Əgər cavab qaneedici olmasa, əvvəlki qiymət saxlanılır.
Universitetin Elmi şurasının qərarı ilə zərurət yarandığı hallarda imtahanlar şifahi-dialoq formasında aparılır. Sessiyanın gedişində yarana biləcək narazılıqların araşdırılması və həlli məqsədilə Qərargah, apelyasiya komissiyaları, eləcə də "Qaynar xətt” yaradılıb.
Nümayəndələr imtahan prosesini izlədilər və tələbələrlə müəyyən söhbətlər apardılar. Qeyd etdilər ki, bir sıra ali təhsil ocaqlarında imtahan sessiyasının gedişi ilə bağlı aparılan monitorinqlərin məqsədi yaranan mənfi halların aradan qaldırılmasıdır.
Tələbələrin təklifləri dinlənildi, onları maraqlandıran suallar cavablandırıldı. Tələbələr də öz növbələrində universitetdə imtahan zamanı obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində görülən işləri yüksək qiymətləndirdilər.
Sonra monitorinq qrupunun üzvləri Sumqayıt Dövlət Universitetinin rektoru prof.Elxan Hüseynovla görüşdülər. Rektor qonaqları universitetdə görməyindən məmnunluğunu ifadə etdi, universitetin maddi-texniki bazası, kadr hazırlığı, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, 55 illik ərəfəsində olan universitetimizin hazırkı inkişafı əvvəlki illərdən xeyli fərqlənir. Onun maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının gücləndirilməsi, təhsilin və nizam-intizam keyfiyyətinin yüksəldilməsi, imtahanlarda şəffaflığın təmini istiqamətində təqdirəlayiq işlər həyata keçirilir. Ölkə başçısı cənab İlham Əliyevin regionların inkişafı istiqamətində apardığı uğurlu siyasətin nəticəsində SDU-da dünya əmək bazarına çıxa biləcək kadr potensialının formalaşması istiqamətində mühüm layihələr həyata keçirilir. Əldə
olunan nailiyyətlərə görə universitetimizə Avropanın tanınmış akkreditasiya agentliyi olan ASİİN tərəfindən 5 illik keyfiyyət möhürləri - sertifikat verilmişdir. Rektor çıxışında onu da diqqətə çatdırdı ki, universitetimizdə elmin son nailiyyətlərinin təcrübəyə tətbiqi, yeni cihaz və avadanlığın alınması sahəsində xeyli işlər görülmüş, yeni laboratoriya və fənn kabinetləri yaradılmış, Linqvistik Mərkəz fəaliyyətə başlamışdır. Eyni zamanda SDU ilə PMİ-nin birgə Elm və Tədris Mərkəzi yaradılmış, Sumqayıt Texnologiyalar Parkı, "Azərikimya” İB və s. müəssisələr ilə əməkdaşlıq çərçivəsində tələbələrimiz orada istehsalat təcrübəsində olurlar. Bütün bunlar tələbələrin ixtisaslı kadr kimi yetişməsinə geniş imkan yaradır.
İmtahanların gedişi və bu istiqamətdə görülən işlərdən bəhs edən rektor onu da bildirdi ki, yaz semestrinin imtahan sessiyasının gedişinə operativ nəzarət etmək məqsədi ilə nümayəndələrimiz Qiyabi, distant və əlavə təhsil üzrə prorektor dos. Qafar Atayev Kimya və biologiya, Fizika-elektoenergetika fakültələri üzrə, Elm və innovasiyalar üzrə prorektor prof. Ramazan Məmmədov Tarix və coğrafiya, Filologiya, İqtisadiyyat və idarəetmə, Mühəndislik və Riyaziyyat fakültələri üzrə təhkim olunublar.
Görüşdə həmçinin ölkəmizdə aparılan uğurlu təhsil islahatlarından, əldə olunan nailiyyətlərdən və SDU-da gerçəkləşən layihələr ətrafında fikir mübadiləsi aparıldı.
Sonra nümayəndə heyəti zəngin elektron kitabxanada və yeni yaradılmış laboratoriyalarda oldular.