Martın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının Heydər Əliyev məktəbinin lektoriyasında iclası keçirilib. Elmi Şuranın iclasında ADPU-da fəaliyyət göstərən İctimai Şuranın üzvləri: "Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə, təhsil eksperti, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, "Cəmiyyət və Vətəndaş Münasibətləri” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, Şəmsi Əsədullayev Xeyriyyə İctimai Birliyinin icraçı direktoru Cəsarət Hüseynzadə və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, ölkəmizdə həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindən biri olan və bütövlükdə tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edən ictimai iştirakçılığın miqyasının genişləndirilməsinə ADPU-da hazırda xüsusi diqqət yetirilir.
Elmi Şuranının iclasını giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, iclasın gündəliyinə ADPU-da payız semestrinin imtahan sessiyasının yekunları barədə, ADPU-nun nəzdində Dissertasiya Şurasının fəaliyyəti haqqında (2014-2016-cı illər), ADPU-nun Kitabxana-informasiya mərkəzinin fəaliyyəti barədə və cari məsələlər daxildir. Rektor universitetdə həyata keçirilən islahatlardan danışaraq qeyd edib ki, bütün bu islahatlar təhsilin inkişafına yönəlib. Universitetdə şəffaf mühitin yaradılması tələbələrin təhsilə marağını daha da artırmağa imkan verir. ADPU-nun kollektivi bu vacib istiqamətdə birgə fəaliyyət göstərməlidir. Universitetdə kompleks tədbirlər həyata keçirilməli, o cümlədən imtahanların keçirilməsinə diqqət artırılmalıdır. Biz yaz semestrinin imtahan sessiyasına daha məsuliyyətlə hazırlaşmalıyıq.
ADPU-da payız semestrinin imtahan sessiyasının yekunları barədə Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru, dosent Sənan Əliyev məlumat verib. Dosent S.Əliyev bildirib ki, 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıq, imtahan sessiyasının təşkili və keçirilməsi, o cümlədən fakültə dekanlarının, kafedra müdirlərinin və digər aidiyyəti qurumların həyata keçirəcəkləri vəzifələri müəyyən edən ADPU rektorunun 07.12.2016-cı il tarixli 3/405 nömrəli xüsusi əmr verilmişdir. Universiteti üzrə müvafiq olaraq səkkiz fakültə üzrə payız imtahan sessiyasının mütəşəkkilliyinin təmin edilməsi məqsədilə Apelyasiya Komissiyası yaradılmış, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək və yarana biləcək neqativ halları aradan qaldırmaq məqsədilə bir sıra müvafiq tədbirlər görülmüşdür. Rektorun müvafiq əmri ilə İmtahan Qərargahı yaradılmış və imtahan sessiyasının mütəşəkkilliyinin təmin edilməsi məqsədilə qərargah üçün hər cür şərait təmin edilmişdir. Tədris ilinin birinci yarımilində universitetdə struktur və kadr islahatları ilə paralel payız imtahan sessiyasının yüksək səviyyədə təşkili əsas vəzifəmiz olmuşdur. Tədris prosesinin tərkib hissəsi kimi payız semеstrinin imtahan sessiyasını normal mənəvi-psixoloji şəraitdə, obyektiv, heç bir neqativ hala yol vermədən keçirmək üçün bütün hazırlıq işləri və təşkilati məsələlər vaxtında yekunlaşdırılmışdır. İmtahanların aparılması üçün lazımi sənədlər, imtahan vərəqləri tələblərə müvafiq hazırlanmışdır.
Payız semestrində universitet üzrə ali təhsilin bakalavriat səviyyəsində əyani şöbədə 9063 nəfər tələbə təhsilə cəlb edilmişdir. Onlardan 8879 nəfəri imtahanlarda iştirak etmişdir. 6709 nəfər tələbə imtahanları müvəffəqiyyətlə vermişdir. Onlardan 41 nəfər "əla”, 505 nəfər "əla”, "çox yaxşı” və "yaxşı”, 6163 nəfər qarışıq qiymətlər almışdır. 2170 nəfər imtahanlardan qeyri-müvəffəq qiymət almışdır. Universitet üzrə müvəffəqiyyət 76%, keyfiyyət 6% olmuşdur. Ötən ilin müvafiq dövründə müvəffəqiyyət 84%, keyfiyyət 3% olmuşdur. Bakalavriat səviyyəsində qiyabi şöbədə 680 nəfər tələbə təhsilə cəlb edilmişdir və onlardan 601 nəfər imtahanlarda iştirak etmişdir. Qiyabi şöbədə təhsil alan tələbələrdən 462 nəfəri müvəffəq qiymət almışdır. 1 nəfər imtahanları "Əla” qiymətlərlə vermiş, 461 nəfər isə qarışıq qiymətlər almışdır. 139 nəfər imtahanlardan qeyri-müvəffəq qiymət almışdır. Qiyabi şöbə üzrə müvəffəqiyyət 77%, keyfiyyət faizi olmamışdır. Keçən ilin müvafiq dövründə müvəffəqiyyət 83%, keyfiyyət 1% olmuşdur. Magistratura səviyyəsində əyani şöbədə 807 tələbə təhsilə cəlb edilmişdir. Bunlardan 789 nəfər imtahan vermiş, 687 nəfər imtahanlarda müvəffəq qiymətlər almışdır. Magistratura səviyyəsi üzrə müvəffəqiyyət 87%, keyfiyyət 41% olmuşdur. Magistratura səviyyəsində qiyabi şöbədə 3 nəfər təhsil almışdır. 2 nəfər imtahan vermiş və 1 nəfər bütün imtahanları müvəffəqiyyətlə vermişdir. Magistraturanın qiyabi şöbəsi üzrə müvəffəqiyyət 50%, keyfiyyət faizi isə olmamışdır.
Payız semestrinin imtahan sessiyası dövründə Apelyasiya Komissiyasına yazılı imtahanlarla bağlı 1480, test imtahanları ilə bağlı 140, ümumilikdə 1620 ərizə daxil olmuşdur. Onlardan qiymətləndirmə düzgün olmadığı üçün yazılı keçirilən 416, testlə keçirilən imtahanlardan isə 14 tələbənin müraciəti müsbət həll edilmişdir.
Payız semestrinin imtahan sessiyasında İmtahan Qərargahına ümumilikdə 372 nəfər müraciət etmişdir. Onlardan 24 nəfəri imtahan zamanı əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq, imtahan zamanı bir-birləri ilə danışdığına və bir-birindən sualların cavablarını soruşmağına görə, 58 nəfəri imtahan başlandıqdan sonra mobil telefondan istifadəyə görə, 18 nəfəri qulaqcıqdan və digər texniki vasitələrdən istifadəyə görə, 38 nəfəri isə köçürmək, köçürmyə şərait yaratmaq, köməkçi vasitələrdən istifadə etdiklərinə görə, imtahan qaydalarını pozduğu üçün nəzarətçilər tərəfindən imtahan otağından çıxarılaraq, protokol tərtib edildiyi, imtahan işləri ləğv olunduğu üçün şikayətlə müraciət etmişlər. Bundan əlavə, şikayətçilərin 91 nəfəri VTS-TEST sistemi ilə imtahan verərkən müxtəlif səbəblər nəticəsində "qara siyahıya” düşdüklərinə görə, 15 nəfəri imtahan zallarında olan nəzarətçilərdən, 8 nəfəri imtahan verilən fənni tədris edən müəllimlərdən, 19 nəfəri isə Münaqişə Komissiyasından şikayət etmişlər. 96 nəfər isə zamanında gəlməyərək imtahana geckmələri səbəbi ilə müraciət etmişdir. Sessiya müddətində İmtahan Qərargahına daxil olan bütün şikayətlər imtahan qaydalarına uyğun olaraq operativ araşdırılıb və müvafiq qərarlar qəbul edilmişdir.
Məlum olduğu kimi, 2006-2007-ci tədris ilindən başlayaraq ADPU-da kollokvium, semestr və dövlət imtahanları test üsulu ilə aparılmışdır. 2011-2012-ci tədris ilinin yaz imtahan sessiyasından başlayaraq isə ADPU-da ikimərhələli imtahan formasından istifadə olunmuşdur. Bu qaydalara görə, test sistemi vasitəsilə imtahanın birinci mərhələsində bilikləri 70 baldan yuxarı qiymətləndirilmiş tələbələr ikimərhələli imtahanda iştirak edib-etməyəcəkləri barədə özləri qərar qəbul edirlər. "Yaxşı” və "əla” qiymət almaq istəyən tələbə Kompüter Mərkəzində test üsulu ilə imtahan verəndən sonra müvafiq düyməni basmaqla həmin gün həmin fənndən yazılı imtahana girmək imkanı qazanırdı. Bu sistemə görə, "əla” qiymət almaq istəyən tələbə eyni fəndən iki dəfə imtahan verməli olurdu. Belə ki, kompüter imtahanında yüksək bal toplayan tələbə daha yüksək qiymət almaq üçün ikinci dəfə həmin imtahanı yazılı surətdə verməli idi. Tədris prosesinin ayrılmaz parçası olan tələbələrin real biliyinin üzə çıxarılması yollarının təkmilləşdirilməsi məqsədilə cari tədrsi ilindən etibarən I kursa yeni qəbul olunan tələbələrin bilik, bacarıq və vərdişlərinin qiymətləndirilməsinin movcud sistemini təkmilləşdirmək, onun səmərəliliyini artırmaq məqsədilə aralıq yoxlamalar və yekun imtahanları yazılı formada həyata keçrilmşdir. Qeyd etmək lazımdır ki, əvvəlki illərdə qəbul olunan tələbələrin də öz arzularına əsasən test imtahanından imtina edib birbaşa yazılı imtahanlarda iştirak etmələrinə icazə verilib. Son nəticədə I tədris ili tələbələri üçün bütün fənlərdən və həmçinin yuxarı tədris ilindən olan bakalavrlar üçün öz müraciətləri əsasında onların istəyinə uyğun olaraq bəzi fənlərdən imtahanlar yazılı aparılmışdır. Qaydalara müvafiq olaraq imtahan başa çatdıqdan sonra tələbələrin yazılı cavabları İmtahan, monitorinq və qiymətləndirmə şöbəsinin bu işə məsul əməkdaşları tərəfindən kodlaşdırılmış və şöbənin müəyyən etdiyi otaqda yoxlanılmışdır. Yazıların yoxlandığı otaqlara nəzarət həyata keçirilmşdir.
Payız semestrinin imtahan sessiyasının gedişi kütləvi informasiya vasitələri nümayəndələri tərəfindən mütəmadi olaraq izlənilmiş və mətbuat orqanlarında: "Xalq qəzeti”, "Azərbaycan müəllimi”, "525-ci qəzet”, "Palitra” və "Həftə içi” qəzetlərində, o cümlədən, AZƏRTAC.az, 525.az, Moderator.az, Palitranew.az, News.az, Axar.az, Hafta-ichi.az və Hurriyet.org saytlarında işıqlandırılmışdır.
Çıxışının sonunda dosent S.Əliyev tədris prosesinin və imtahan sessiyasının təkmilləşdirilməsi ilə bağlı təkliflərlə çıxış edib.
Elmi Şura dosent S. Əliyevin hesabatını qəbul edib.
ADPU-nun nəzdində Dissertasiya Şurasının 2014-2016-cı illəri əhatə edən fəaliyyəti haqqında Dissertasiya Şurasının sədr müavini, professor Əbülfət Pələngov çıxış edib.
Elmi Şura professor Ə.Pələngovun hesabatını qəbul edib.
ADPU-nun Kitabxana-informasiya mərkəzinin fəaliyyəti barədə Kitabxananın direktoru Azər Hüseynov məlumat verib.
Elmi Şura A.Hüseynovun hesabatını qəbul edib.
Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov cari məsələlər barədə məlumat verib və müvafiq qərarlar qəbul edilib.
Elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Axundov, professor Ələkbər Qurbanov, professor Nailə Verdizadə, Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov, İctimai Şuranın üzvləri, "Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə, Vasif Mövsümov, Əhməd Abbasbəyli və başqaları çıxış edərək son vaxtlar ADPU-da həyata keçirilən və genişlənən təhsil islahatlarını yüksək qiymətləndiriblər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov iclasa yekun vuraraq Elmi Şurada qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verib.