ADPU-nun Cəlilabad filialında payız semestrinin imtahanları keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad Filialının fəaliyyəti regionda pedaqoji kadr hazırlığı və ömürboyu təhsili reallaşdırmaq məqsədi ilə gələcəyə hesablanıb. Filial qısa bir zamanda əksəriyyətin istinad edəcəyi elm, təhsil, mədəniyyət və ideoloji mərkəzə çevrilib. Filial təhsil islahatı ilə bağlı bütün məsələlərin və təhsil innovasiyalarının inteqrasiyası baxımından bölgədə xüsusi əhəmiyyət kəsb edir. Filialda müasir dövrün tələbləri səviyyəsində kadrların hazırlanması, təhsil alan tələbələrin elmi-nəzəri və praktik hazırlığının yüksəldilməsi üçün əlverişli şərait mövcuddur. Filialda "İbtidai sinif müəllimliyi”, "Tarix və coğrafiya müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” və "Məktəbəqədər təlim və tərbiyə” ixtisasları üzrə 356 tələbə təhsil alır.
Payız semestrinin imtahan sessiyası ilə əlaqədar filialda geniş tədbirlər planı hazırlanıb. İmtahan sessiyası ilə bağlı professor-müəllim və tələbələrlə geniş iclas keçirilib. Filialda İmtahan Komissiyası, sessiya müddətində daxil olacaq şikayətlərin operativ şəkildə araşdırılmasını təmin etmək məqsədilə İmtahan Qərargahı, imtahan prosesində yarana biləcək münaqişə və şikayətlərin operativ və obyektiv həll edilməsini təmin etmək məqsədilə Münaqişə Komissiyası yaradılıb və imtahanın aparılması üçün koordinatorlar təyin edilib. Rəy və təkliflər qutusu hazırlanaraq filialın I mərtəbəsinin dəhlizində yerləşdirilib. İmtahanları müşahidə etmək məqsədilə imtahan otaqlarında xüsusi kamera quraşdırılıb. İmtahan dövründə filialın kompüter mərkəzlərinin, kitabxana, oxu zalı və yeməkxanasının fasiləsiz işləməsi təmin edilib. İmtahan başa çatdıqdan sonra nəticələr ixtisas müəllimləri tərəfindən həmin gün obyektivlik təmin edilərək yoxlanılıb qiymətləndirilir. Təlimata əsasən bu barədə tələbələrə həmin gün müvafiq məlumatlar verilir, nəticələr elanlar lövhəsindən asılır. Sessiya müddətində filialda "Açıq qapı” prinsipini əsas tutaraq ictimaiyyət nümayəndələrinin və valideynlərin imtahanlarda iştirakına lazımi şərait yaradılır. İmtahan sessiyasının obyektiv, şəffaf və qaydalara uyğun keçirilməsi üçün filialın bütün potensial imkanlarından istifadə edilir.
aztehsil.com