Xəbərlər
28 fevral 2017
2 851


İmtahan prosesini cəmiyyətə etibar edən universitet – UNEC

İmtahan prosesini cəmiyyətə etibar edən universitet – UNEC

 

Fevralın 28-də UNEC-də qış imtahan sessiyasının yekunları ictimaiyyətə açıqlanıb.
 
"Müşahidəçilərin müşahidələri və gözləntiləri” adlı görüşə UNEC-də 2016/17-ci tədris ilinin qış imtahan sessiyasında obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədi ilə həyata keçirilən tədbirlər planına əsasən, prosesi izləyən təhsil ekspertləri, valideynlər, QHT və KİV nümayəndələri qatılıb.
 
UNEC-in rektoru, professor Ədalət Muradov qış imtahan sessiyasının obyektiv və şəffaf keçirilməsində göstərdiyi dəstəyə görə ictimaiyyət nümayəndələrinə təşəkkür edib. Rektor bildirib ki, qış imtahan sessiyasında bir sıra yeniliklər həyata keçirilib. Belə ki, SABAH Mərkəzi və Beynəlxalq İqtisadiyyat Məktəbində imtahanlar mərkəzləşmiş qaydada təşkil olunub. Hər iki fakültədə tələbələrin mənimsəmə göstəricisi çox yüksək olub. Bundan başqa, imtahanların təşkili və apellyasiya prosesi ilk dəfə olaraq fakültələrə ötürülüb. Zaqatala filialı və Maliyyə-İqtisad Kollecində də ilk dəfə olaraq imtahanlar UNEC-də tətbiq edilən qaydalara əsasən həyata keçirilib.

 

İmtahan prosesini cəmiyyətə etibar edən universitet – UNEC

 

Sessiya dövründə 5491 tələbə apelyasiyaya müraciət edib. Sessiyanı akademik kəsrlə başa vuran tələbələrin sayı isə ötən illərlə müqayisədə 2 dəfə azalıb. Tələbələrin imtahan nəticələrinə 1 bal əlavə edilməsi ilə bağlı danışan rektor bildirib ki, təqaüd sistemində tətbiq edilən müvafiq dəyişikliklərə görə, bu il əlavələr edilməyəcək. Bu, ədalət prinsipinin pozulmasına gətirib çıxara bilər. Təqaüd siyahısı müəyyən edildikdən sonra IV kurs tələbələrinə təkrar imtahanlar təşkil edilməsi məsələsinə baxılacaq.
 
Rektor imtahanlarda və "Açıq qapı” günlərində iştirak edən ictimaiyyət nümayəndələrinə təəssüratlarını bölüşməyi təklif edib. Müşahidələrinin nəticəsi olaraq, təhsil prosesində təkmilləşməyə ehtiyac duyulan sahələr barədə tövsiyələri dinləməyə daima hazır olduğunu qeyd edib.
 
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov universitetlərdə tələbə biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivliyin əsas paradiqma olduğunu bildirib. Bu sahədə UNEC-in öncüllərdən olduğunu qeyd edən professor, universitet rektorlarını  "təhsilin sərkərdəsi” adlandırıb.
 
"Trend” İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyev qeyd edib ki, dünya universitetləri məzunlarına və beynəlxalq əlaqələrinə görə qiymətləndirilir. Təsadüfi deyil ki, son vaxtlar KİV-də UNEC-in beynəlxalq əlaqələri və məzunlarının nailiyyəti haqda xəbərlər oxuyuruq. Bu, o deməkdir ki, artıq cəmiyyətdə "narxoz” haqda olan miflər dağıdılıb.
 

İmtahan prosesini cəmiyyətə etibar edən universitet – UNEC

 

"XX Əsr” Təhsıl Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev sessiya dövründə tələbələr arasında keçirdikləri anonim sorğunun nəticələrini açıqlayıb. Bildirib ki, 400 tələbə arasında keçirilən anket sorğusu 5-i açıq olmaqla, 8 sualdan ibarət olub. Respondentlərin imtahan sessiyası və tədris prosesinin gedişi, sualların keyfiyyəti, tələbə məmnuniyyəti və s. ilə bağlı münasibətləri öyrənilib. Nəticələr onu deməyə əsas verir ki, tələbələr UNEC-də tətbiq edilən islahatları yüksək qiymətləndirirlər.
 
"Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə bildirib ki, universitetlər cəmiyyətin aparıcı qüvvəsidir: "Bu baxımdan, həyata keçirdiyi islahatlarla müsbət imic formalaşdıran UNEC nümunəsini yüksək qiymətləndirirəm. Prosesləri iki dəfə müşahidə edən bir jurnalist kimi əminliklə deyə bilərəm ki, UNEC imtahan prosesini birbaşa cəmiyyətə etibar edib. Bu, təqdirəlayiq haldır!”
 

İmtahan prosesini cəmiyyətə etibar edən universitet – UNEC

 

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev ali təhsildə islahatlarla bağlı konfrans keçirməyi təklif edib. Bildirib ki, UNEC-in Differensial Əməkhaqqı Sistemi, imtahanlarda neqativ hallarla mübarizə metodları və digər uğurlu yenilikləri müsbət təcrübə kimi digər universitetlərlə paylaşılmalıdır. Ə.Nuriyev UNEC-də həyata keçirilən islahatlarla bağlı tədqiqatlar aparılmasını da tövsiyə edib.
 
Çıxış edən valideynlər ən obyektiv meyarın məmnun tələbə olduğunu bildiriblər. Övladlarının imtahan və dərs prosesindən razı qaldıqlarını qeyd ediblər.
 
Sonda ictimaiyyət nümayəndələrinə UNEC-ə göstərdikləri dəstəyə görə sertifikat və hədiyyələr təqdim olunub. UNEC-də qış imtahan sessiyasının obyektiv təşkilinə görə Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarəedilməsi mərkəzi, informasiya təminatı və ictimaiyyətin məlumatlanmasına görə isə Marketinq və kommunikasiya departamenti sertifikatla təltif olunub.
 
UNEC haqqında:
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.
 
moderator.az






Загрузка...