"Facebook"da Təhsil Nazirliyinin mövqeyi ilə yaxın olan "Təhsil Şikayətləri" profilində DQ nəticələri, savadsız müəllimlərin kənarlaşdırılması və.s kimi məsələlərə toxunulan yazı paylaşıb. Aztehsil.com həmin yazını oxucularına təqdim edir.
DQ və MİQ. Nəticələr və yaranan fürsətlər.
Son 3 ildə ümumtəhsil səviyyəsində çalışan 145.000 müəllimin biliyinin qiymətləndirilməsi üçün imkan yarandı və DQ (Diaqnostik Qiymətləndirmə) adlı bir proses həyata keçirildi.
DQ prosesinə hazırlıqda (2015 və 2014 nəticələri ilə bağlı isə post faktum) sistemdə çalışan bir qisim müəllimin sistemə MİQdən (2011-ci ildən başlamış, mərkəzləşmiş şəkildə aparılan Müəllimlərin İşə Qəbulu) kənar qəbul olduğu (A kateqoriya adlandıraq şərti olaraq), bir qisminin dövlət nümunəli təhsil sənədinə malik olmaması (şərti olaraq B kateqoriya), bir qisminin isə (şərti olaraq C kateqoriya) məktəbdə qeyri-müəllim vəzifəsində çalışdığı (direktor, xadimə, ubr, psixoloq, kitabxanaçı və s.) aşkar edildi.
DQdə iştirak etmiş müəllimlərin biliyi fənn (40 sual), metodika (20 sual), bir qisim bölgələrdə isə əlavə olaraq ünsiyyət testi (20 sual) ilə qiymətləndirildi.
Fənn üzrə qiymətləndirmə nəticələrinə görə ən bərbad nəticələr İBTİDAİ, AD&Ə, AD (rus bölməsi), RİYAZİYYAT, İNFORMATİKA, ENGLISH, FİZİKA və TARİXdir.
İBTİDAİ, AD&Ə, AD (rus bölməsi), və ENGLISH üzrə aşağı nəticələr gözənilən idi. Uzun illər bütün kollec və özəl ATMlərin ən böyük tələbə qəbul planı məhz bu ixtisaslar olmuşdur. Zəncirvari reaksiya olaraq yaşadığı şəhərin/rayonun kollecində adıçəkilən ixtisası alan (yəni əksər hallarda ATMə qəbul olmağa biliyi çatmayan) şəxslər sonra elə öz ərazilərində məktəblərdə tədris aparmağa başlamış və əksər hallarda zəif şagirdlər yetişdirmişlər.
Yuxarı siniflərdə tədris edilən digər fənn müəllimləri isə yüksək nəticə göstərmələrinə baxmayaraq (yuxarıda göstərilən bəzi fənnlər istisna) əksər hallarda aşağı sinif səviyyəsində şikəst edilmiş şagirdlərə bütün istəklərinə rəğmən daha dərin biliklər tədris etməyə müvəffəq ola bilməzdilər. Bu baxımdan da, dəqiq və təbiət fənləri üzrə olimpiada, beynəlxalq yarış qaliblərimiz əsasən aşağı sinif müəllimləri savadlı olan şagirdlərimiz olublar.
Tədrisverənlərin keyfiyyətinin artırılması (savadzıların uzaqlaşdırıması və daha keyfiyyətlilərin sistemə gətirilməsi), təhsil sahəsində baş verən qanunsuzluqların aradan qaldırılması (saxta diplomlular, miqdən kənarların uzaqlaşdırılması) və xəbərdaredici addımların atılması (gələcəkdə "dərə xəlvət, tülkü bəy" illüziyasının yaranmaması) üçün aşağıdakıları mühakimənizə buraxıram:
1. A kateqoriyadan olanların müqavilələrinə xitam verilməsi (2013dən bu yana) və MİQə göndərilmələri
2. B kateqoriyadan olanların müqavilələrinə xitam verilməsi və məktəblərdə digər işlə təmin edilmələri (mümkün olduğu halda)
3. C kateqoriyadan olanların dərs saatlarının yüksək ixtisaslı fənn müəllimlərinə verilməsi
4. DQdə fənn üzrə 10 baldan aşağı toplamış müəllimlərin əmək müqavilələrinə xitam verilməsi
5. DQdə fənn üzrə 15 baldan aşağı toplamış şəxslərin dərs saatlarının minimuma endirilməsi
6. DQdə üzrsüz səbəbdən iştirak etməyən müəllimlərə dərs saatlarının verilməməsi
7. Yuxarıda göstərilənlərin icra edildiyi halda, məktəbin digər ixtisası müəllimlərinin saatla təmin olunması şərtilə, azad olmuş qalıq dərs saatlarının hamısının vakansiyaya çıxarılması
8. Dərs saatlarının həcminin DQ nəticələrindən asılı olacağını nəzərə alaraq, hər il TN tərəfindən DQnin keçirilməsi (daha təkmil variantda) və könüllülük əsasında müəllimlərin öz nəticələrini qaldırması (yəni dərs saatlarının miqdarının - alacağı əməkhaqqının artması ) üçün hər il DQdə iştiraka şərait yaradılması (bununla TN də öz hədəfinə - təhsilverənin daha səriştəli olmasına çatır)
9. MİQ zamanı maksimum sayda iddiaçının yerləşdirilməsinin təmin edilməsi və bununla
- təhsil sisteminə "yeni qan" (fresh blood) gətirilməsi
-narazı gənclərin sayının azaldılması (sosial faktor -ailə qurmaları, ev-eşik sahibi olmaları, müxtəlif təsir altına düşməmələri, dövlətin sosial dövlət olduğunu qəbul etmələri üçün)
- növbəti tədris ilindən başlayaraq "yeni qan"ın gətirdiyi dəyişikliklərin (müsəbət və ya mənfi) monitorinqinin aparılması və müvafiq korrektirovkaların edilməsi.