AzTehsil.com


H/N sənədlər / Direktor
25 yanvar 2017
29 030


Məktəbdə rəhbər işçilərin həftəlik dərs saatları NORMALARI



Məktəbdə rəhbər işçilərin həftəlik dərs saatları NORMALARI

 


Təhsil, təlim-tərbiyə müəssisələrinin rəhbər, inzibati-təsərrüfat, tədris-köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

 Ümumi müddəalar 

Təhsil, təlim-tərbiyə müəssisələrinin rəhbər, inzibati-təsərrüfat, tədris-köməkçi və digər işçiləri tutduqları vəzifə ilə yanaşı öz ixtisaslarına uyğun olaraq işlədikləri müəssisələrdə və ya əsas iş vaxtı istisna olmaqla başqa təlim-tərbiyə müəssisələrində müvafiq qaydada əvəzçilik, əvəzetmə (müvəqqəti əvəzetmə), saathesabı dərs yükü (pedaqoji iş) apara bilərlər.

Normalar üzrə dərs ilinin əvvəlində tarifləşmə siyahısına daxil edilməklə təhsil, təlim-tərbiyə müəssisəsinin yuxarıda göstərilən işçiləri tərəfindən tədris edilən dərslərin əmək haqqı ştatda olan müəllimlər üçün mövcud olan qaydalara uyğun ödənilir.
Əsas iş yerində saathesabı tədris edilən dərslərin hər saatının dəyəri dərsi tədris edən şəxsin təhsili və pedaqoji stajı əsasında müəyyənləşdirilən aylıq əmək haqqı stavkasına uyğun hesablanıb ödənilir.

Başqa təlim-tərbiyə müəssisələrində saathesabı tədris edilən dərslərin saatının dəyəri isə müvafiq qaydada təsdiq olunmuş saathesabı əməyin ödənilməsi məbləğləri əsasında verilir.
 
Bütün tipdən olan ümumtəhsil məktəbləri, litseylər, gimnaziyalar, peşə məktəbləri və peşə litseyləri üzrə 

Bütün tipdən olan ümumtəhsil məktəblərinin (internat məktəbləri daxil olmaqla), litseylərin, gimnaziyaların, peşə məktəbi və peşə litseylərinin direktorları, onların müavinləri əsas iş üzrə müvafiq qaydalar əsasında tam vəzifə maaşı almaqla yanaşı, işlədikləri təhsil müəssisələrində ixtisaslarına uyğun olaraq dərs ilinin əvvəlində tarifləşmə siyahısına salınmaqla həftədə 12 saata (ildə 480 saata) qədər dərs apara bilərlər, bundan əlavə müvafiq ixtisas fənni üzrə müəllim çatışmadıqda və ya digər zəruri ehtiyac yarandığı hallarda təhsil müəssisəsinin tabe olduğu yuxarı təşkilatın razılığı əsasında əmək haqqı saathesabı ödənilməklə həftədə 6 saata (tədris ili ərzində 240 saata) qədər də dərs apara bilərlər.

Ümumtəhsil məktəblərinin, litseylərin, gimnaziyaların, peşə məktəbləri və peşə litseylərinin rəhbər işçilərindən 0,5 ştat vəzifə maaşı alanları işlədikləri təhsil müəssisələrində ixtisasları üzrə tarifləşmə siyahısına salınmaqla həftədə 18 saata (ildə 720 saata) qədər dərs apara bilərlər.
 
Bundan əlavə müvafiq ixtisas fənni üzrə müəllim çatışmadıqda və ya digər zəruri ehtiyac yarandığı hallarda təhsil müəssisəsinin tabe olduğu yuxarı təşkilatın razılığı əsasında əmək haqqı saat hesabı ödənilməklə həftədə 6 saata (tədris ili ərzində 240 saata) qədər də dərs apara bilərlər.

Tam vəzifə maaşı alan ümumtəhsil məktəblərinin, litsey və gimnaziyaların, peşə məktəbi və peşə litseylərinin rəhbər işçiləri tabe olduqları yuxarı təşkilatın razılığı ilə yaxınlıqdakı təhsil müəssisəsində həftədə 6 saata (ildə 240 saata) qədər, 0,5 vəzifə maaşı alanlar isə həftədə 12 saata (ildə 480 saata) qədər ixtisasları üzrə dərs apara bilərlər.

Ümumtəhsil məktəblərində, litsey və gimnaziyalarda, peşə məktəbi və peşə litseylərində inzibati-təsərrüfat, tədris-köməkçi tərkibdən olan işçilərə, metodistlərə, psixoloqlara, uşaq birliyi rəhbərlərinə tam vəzifə maaşı almaqla işlədikləri təhsil müəssisələrində ixtisasları üzrə 12 saata (ildə 480 saata) qədər, 0,5 ştat üzrə vəzifə maaşı alanlara isə həftədə 18 saata (ildə 720 saata) qədər dərs verilə bilər.

Həmin işçilər əsas iş yerlərində tam vəzifə maaşı almaqla yanaşı, başqa təhsil müəssisələrində həftədə 6 saata (ildə 240 saata), 0,5 ştat üzrə vəzifə maaşı alanlar isə həftədə 12 saata (ildə 480 saata) qədər ixtisasları üzrə dərs apara bilərlər. Tədris edilən dərslərin əmək haqqı müvafiq qaydalara uyğun olaraq əvəzçilik və ya saat hesabı ödənilir.

Ümumtəhsil məktəblərində, litsey və gimnaziyalarda, peşə məktəbi və peşə litseylərində, hərbi rəhbərin hərbi hazırlıq üzrə həftədə 8 saata (ildə 360 saata) qədər tədris etdikləri dərs saatlarının əmək haqqı onların vəzifə maaşına daxil edilir və həmin saatlar üçün əlavə haqq ödənilmir.
 
Hərbi rəhbərlərə haqqı vəzifə maaşına daxil olan saatlardan əlavə taarifləşmə siyahısına salınmaqla həftədə 12 saata (ildə 480 saata) qədər dərs yükü verilə bilər. Bu dərs yükü ibtidai hərbi hazırlıq və ya başqa fənn üzrə (hərbi rəhbərin ixtisasından asılı olaraq) verilə bilər. Bundan əlavə zəruri ehtiyac yaranarsa, hərbi rəhbərə əmək haqqı saathesabı ödənilməklə həftədə 6 saata (ildə 240 saata) qədər əlavə dərs verilə bilər.

Hərbi rəhbərlər başqa tədris müəssisəsində saathesabı qaydasında həftədə 6 saata (ildə 240 saata) qədər dərs apara bilərlər.
Peşə məktəbləri və peşə litseylərində bədən tərbiyəsi rəhbərlərinin həftədə 6 saat (ildə 240 saat) bədən tərbiyəsi üzrə tədris etdikləri dərs saatlarının əmək haqqı onların vəzifə maaşına daxil edilir və həmin saatlar üçün əlavə haqq ödənilmir.

Peşə məktəbləri və peşə litseylərində bədən tərbiyəsi rəhbərlərinə haqqı vəzifə maaşına daxil olan saatlardan əlavə tarifləşmə siyahısına salınmaqla həftədə 12 saata (ildə 480 saata) qədər dərs yükü verilə bilər. Bu dərs yükü bədən tərbiyəsi və ya başqa fənn üzrə (bədən tərbiyəsi rəhbərinin ixtisasından asılı olaraq) verilə bilər. Bundan əlavə zəruri ehtiyac yaranarsa, bədən tərbiyəsi rəhbərinə əmək haqqı saathesabı ödənilməklə həftədə 6 saata (ildə 240 saata) qədər dərs verilə bilər.

Bədən tərbiyəsi rəhbərləri başqa təhsil müəssisələrində həftədə 6 saata (ildə 240 saata) qədər dərs apara bilərlər.

Ümumtəhsil məktəblərində, litsey, gimnaziyalarda, peşə məktəbləri və peşə litseylərində kənardan dərs deməyə cəlb edilən mütəxəssislər və təhsil müəssisəsinin özündə çalışan qeyri-pedaqoji işçilər il ərzində 120 saatdan az olmayaraq dərs tədris edərlərsə, həmin dərs saatlarının tədris edildiyi aylar onlar üçün pedaqoji staj sayılır.
 
Azərbaycan Respublikası Ədliyyə Nazirliyində  qeydə alınmışdır.

05 may 1999-cu il Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 yanvar 1999-cu il tarixli  59 nömrəli əmri ilə təsdiq edilmişdir.
Nazir S.Həsənova          Nazir  M.Mərdanov  (Qeydiyyat № 142)

Təhsil, təlim-tərbiyə müəssisələrinin rəhbər, inzibati-təsərrüfat, tədris-köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar
 

Məktəbdə rəhbər işçilərin həftəlik dərs saatları NORMALARI


 

 






Загрузка...