Ölkədə “Meymun çiçəyi”nə suçiçəyi deyirik, ya “meymun” hələ gəlib bizə çatmayıb?
Böyük Britaniya Səhiyyə Agentliyi (UKHSA) daha iki insanda “meymun çiçəyi” xəstəliyinə yoluxma faktını qeydə alıb.
İtaliyada “Meymun çiçəyi” xəstəliyinə ilk yoluxma halı qeydə alınıb.
Niderlandda aparılan laboratoriya müayinələri nəticəsində Belçikanın ikinci böyük şəhəri Antverpendə nümunələri götürülən bir şəxsin “meymun çiçəyi” virusuna yoluxduğu məlum olub.
Son günlər mediada yayılan bu kimi xəbərlər ölkədə vətəndaşlar arasında haqlı narahatlığa səbəb olub. Ölkənin səhiyyə strukturları az da olsa vətəndaşların narahatlığını aradan qaldırmaq məqsədilə dərhal məsələ ilə bağlı mütəxəssis rəyləri paylaşdılar.
Həkim-infeksionistlərin sözlərinə görə isə hazırda ölkədə “Meymun çiçəyi” virusu aşkarlanmayıb. Lakin daha əvvəl bu kimi faktların olduğu da inkar edilməyib.
“Xəstəliyin simptomlarının 90 faizi bir-birinə bənzəyir” deyən ekspertlər fərqli cəhətlər kimi isə “Meymun çiçəyi” xəstəliyində limfa düyünlərinin böyüməsi, şişkinlik hallarının daha çox olduğu deyilib. Xəstəliyin yoluxduruculuq qabiliyyətinin çox aşağı olması səbəbindən pandemiya halını alması da çox zəif ehtimaldır. Həkimlər “Meymun çiçəyi” xəstəliyinin suçiçəyinə nisbətən daha yüngül əlamətlərlə müşahidə olunduğunu xüsusilə vurğulayırlar.
Virus mənşəli xəstəliyin əsas simptomları yüksək hərarət, əzələ ağrıları, boğaz ağrıları, bəzi hallarda öskürək, dəri səpkiləri, qaşıntılardır. Yoluxma tənəffüs yollarından xaric olan damcılar vasitəsilə, dəri səpkilərinin möhtəviyyatı ilə, sıx təmas yolu ilə baş verir.
Maraqlı məqam isə ondan ibarətdir ki, bu mövsümdə suçiçəyi xəstəliyi bir növ oyanış dövrünü yaşayır. Redaksiyamıza daxil olan məlumatlarda övladlarının oxuduqları təhsil müəssisələrində uşaqlar arasında suçiçəyi xəstəliyinə yoluxanların olduğu deyilir.
Bununla yanaşı, poliklinikalara da sadalanan simptomları olan uşaqlara görə müraciətlərin olduğu deyilir.
Maraqlıdır, indi həkimə müraciət edənlərə əvvəlki dövrlərdəki kimi suçiçəyi, yoxsa “Meymun çiçəyi” diaqnozu qoyulur? Yoxsa elə bu, həqiqətən də, dədə-babadan bildiyimiz suçiçəyidir?
Bütün hallarda gigiyena qaydalarına diqqət etməkdə, sadalanan simptomlardan şikayət edən şəxslərlə yaxın təmasda olmamaqda fayda var. oxu.az