Hər il ali təhsil müəssisələrini bitirən məzunlar diplomlarına qovuşmaq üçün aylarla gözləməli, dəfələrlə universitetlərin qapısını döyməli olurlar. 4-5 il ali təhsil alan məzun bu əziyyətinin nəticəsi olaraq diplomunu vaxtında ala bilmir. Bəzən proses aylar çəkir. Şübhəsiz ki, diplomunu vaxtında ala bilməmək məzunun iş həyatına başlamasına təsir edən başlıca amillərdəndir. Xüsusən də, oğlanlar üçün hərbi xidmətin müddətinin müəyyən edilməsində onun ali təhsilinin həlledici məqam olmasını nəzərə aldıqda bunun ciddi problem olduğu bir daha təsdiqini tapır. Yaxud da xarici ölkədə işləmək, təhsil almaq istəyənlər üçün də diplomun vaxtında verilməməsi problemlərə səbəb ola bilir.
Bəs diplomların verilməsi prosesinin bu qədər uzanması nə ilə bağlıdır?
Hər bir universitet tədris ilinin sonunda nə qədər məzununun olacağını bilir. Onlar barədə siyahını Təhsil Nazirliyinə göndərmək o qədər də çətin proses deyil. Məzunların sayı təsdiqlənən kimi Təhsil Nazirliyi təhsil sənədlərinin blanklarını təhsil müəssisələrinə göndərməlidir. Bundan sonra diplomun içərisinin yazılıb tələbəyə təqdim etmək üçün aylarla vaxt tələb edilmir. Amma görünən odur ki, sadaladığımız bu mərhələlərin müəyyən dövrlərində gecikmələr olur.
Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev bildirib ki, diplomlar tələbə məzun olandan sonra bir ay müddətində verilməlidir: "Diplomların verilməsində müxtəlif tələblər olub. Ötən əsrin 60-cı illərində ali məktəbi bitirən şəxs bir il işləyəndən sonra diplom ala bilirdi. Sonrakı dövrlərdə ali məktəbi bitirən kimi diplom verilirdi. Hazırda isə diplomların verilməsində gecikmələr müşahidə edilir. Bu prosesin uzanması yalnız xaricdə oxuyan, ya da ölkəmizdəki xarici tələbələrin diplomları ilə bağlı ola bilər. Digər tələbələrə diplomun verilməsi gecikdirilməməlidir. Gecikdirmək bir tərəfə bəzən əlavə vəsait də tələb edilir. Bunun səbəbi bu sahədəki sistemsizlik, qanunsuzluq və məzunların fəaliyyətə başlamasına diqqətsizlikdir. Ali məktəbdən hesabat Təhsil Nazirliyinə göndəriləndən sonra ən geci bir ay müddətində diplom tələbəyə verilməlidir. Çünki ali məktəblər hər il neçə nəfərin məzun olacağını bilir. Sadəcə süni əngəllərlə bu prosesi uzadırlar. Bu da məzunların iş axtarması, qəbulu prosesini ləngidir. Tələbə təhsil alıb, imtahan verib məzun olubsa, proses nə üçün yubadılır?”
Təhsil eksperti Nadir İsrafilov prosesin gecikməsində günahı təhsil müəssisələrində görür: "Məzun olandan 6-7 ay müddətində diplomunu ala bilməyənlər olur. Sovet dövründə belə hallar heç vaxt müşahidə edilmirdi. Tələbə məzun olanda diplomlar və təyinatlar verilirdi. Bu sahədə indi gecikmələr müşahidə edirik. Bunun obyektiv və subyektiv səbəbləri var. Diplom verilməsi bir neçə mərhələdən keçir. Bu gün ali məktəblərdə qiymətləndirmə müəyyən metodiki vasitələrlə aparılır və orta qiymət çıxarılır. Sonra diplomlar Təhsil Nazirliyinə göndərilir və müəyyən yubanmalar olur. Bəzən nazirlikdə yoxlama zamanı qüsurlar aşkarlanır ki, bu prosesi bir az da uzadır. Nəticədə ümumi ağırlıq tələbənin üzərinə düşür. Əsasən işə düzəlmədə problemlər yaradır. Bildiyiniz kimi, bu gün işə qəbulda ilkin mərhələ CV göndərilməsidir. Sonradan imtahan, kurslara göndərilməsi, staj dövrü kimi mərhələlər var. Lakin diplom ala bilmədiyinə görə, bu proseslərin hamısında müəyyən qədər yubanma olur. Bu problem idarəetmə orqanlarına məlumdur. Proseslərin sadələşdirilməsi, əlçatan olması istiqamətində işlər aparılır.
Nazirlər Kabineti tərəfindən bakalavr, magistr diplomlarının verilməsi ilə bağlı qəbul edilən qərarlarında bu məqamlara da toxunulub. Lakin qayda və qərarların işlər mexanizmi olmadığına görə problemlər qalır. Ona görə də işlək mexanizm hazırlanmalı, müddətlər dəqiq göstərilməlidir”.
Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü gecikmənin texniki səbəblə bağlı ola biləcəyini deyir: "Respublikanın bir çox ali məktəblərinin məzunlarından oktyabr-noyabr aylarında diplom ala bilməyənlər barədə tez-tez eşidirik. Məzunlara diplomların hələ hazır olmadığını deyirlər. Bunun əsas səbəbi ali məktəblərdə bu işlə məşğul olan şəxslərin səbatsızlığı, öz işlərinə məsuliyyətsiz yanaşmalarından irəli gələn problem ola bilər. Əldə etdiyim məlumata görə, Təhsil Nazirliyi tərəfindən blankların verilməsində heç zaman gecikmə müşahidə edilmir. Gecikmələr universitetlərdəki həmin məsul şəxslərdən qaynaqlanır. Bu hal bir çox universitetlərdə yaşanır”.
M.Mürşüdlü deyir ki, bu problem ilk növbədə məzunların iş məsələsində problemlər yaradır: "Çünki işə düzəlmək istəyənin təhsilini təsdiq edən sənəd diplomdur. Bu prosesin gecikməsi gənc kadr üçün bir problemdir. Orduya çağırışda, magistratura, rezidenturaya qəbulda problemlər yaranır. Hesab edirəm ki, bu problemi həll etmək çətin deyil. Necə ki, orta məktəbi bitirənlər imtahandan bir neçə gün sonra attestatları ala bilirlər. Digər təhsil müəssisələrində bu nə üçün mümkün olmasın?”
Məsələ ilə bağlı bir neçə ali məktəblə də əlaqə saxladıq. Gecikmələrin səbəbini onlardan öyrənməyə çalışdıq.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimov iyul ayında imtahan verən məzunların diplomlarının verilməsinə gecikmələr olmadığını dedi. Onun sözlərinə görə bu proses oktyabr ayından başlanılıb: "2015-2016-cı tədris ilinin iyul ayında dövlət imtahanı verərək məzun olanların diplomları artıq verilib. Müəyyən üzrlü səbəblərdən dövlət imtahanında iştirak etməyən, eləcə də Prezident İlham Əliyevin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulan Azərbaycan Müəllimlər İnstitutunun tələbələrinə də dövlət imtahanı 2016-cı ilin dekabr ayının 27-də imtahan verib. Həmin məzunların diplomlarının alınması üçün sifariş verilib. Yaxın zamanda həmin məzunların diplomlarının verilməsinə başlanılacaq”.
Bakı Dövlət Universitetinin tədris şöbəsindən bildirildi ki, ötən ilin məzunlarının diplomlarının verilməsinə oktyabrdan başlanılıb: "Diplomlar fakültələrə paylanılıb. Hər fakültə özü içərisini yazdırır, bazaya otuzdurur, daha sonra verilməsinə başlanılır. Ola bilər ki, məzuniyyət vaxtına düşdüyü üçün müəyyən gecikmələr olsun. Bu ilin sentyabr ayında imtahan verən tələbələrin diplomları hələ hazır deyil. Bu barədə Təhsil Nazirliyinə müraciət etmişik. Fevralın 8-dən blankların veriləcəyi bildirilib. Ondan sonra diplomların verilməsinə başlanılacaq”.
"Azərbaycan” Universitetindən Tələbə şöbəsindən bildirdilər ki, ötən ilin məzunlarına diplomların verilməsinə oktyabr ayından başlayıblar: "Sentyabr ayında blankları almışıq, onların yazılışı, sədrlərin imzalaması prosedurlarından sonra oktyabr ayının 10-dan diplomlar verilməyə başlayıb. Bu günə diplomunu almayana bir-iki tələbə qalıb”.
Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin əməkdaşı Şəfa Kazımova diplomların vaxtında hazırlandığını dedi: "Bütün diplomlar hazırdır. Tələbənin universitetə təhsil haqqı borcu yoxdursa, diplomunu ala bilər. Borcu qalan tələbələr isə diplomlarını təhsil haqlarını tam ödədikdən sonra ala bilərlər. Diplomların hazırlanıb verilməsində heç bir gecikmə halı yoxdur”.
istinad publika.az