Mərkəzi Elmi Kitabxanada “Akademik qadınların kitab sərgisi” açılıb
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycanın alim qadınlarının, şəhid anaları və xanımlarının, eləcə də kitabxana oxucuları və əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.
Bu barədə MEK-dən məlumat verilib. Bildirilib ki, MEK-in baş direktoru professor Məmməd Əliyev layiqli övladlar böyüdən əsgər analarını, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirən xanımları, ümumilikdə Azərbaycan qadınlarını qarşıdan gələn bayram münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, bu gün təqdim olunan və kitabxanada həftə boyu davam edəcək “Akademik qadınların kitab sərgisi”ndə Azərbaycanın görkəmli alim qadınlarının məhsuldar elmi fəaliyyətlərini özündə cəmləşdirən nəşrlər təqdim olunur.
AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə qadınların hər sahədə, o cümlədən akademiyanın ictimai və mədəni həyatında fəal təmsil olunduqlarını diqqətə çatdırıb. Dahi liderin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin dövlət qadın siyasətinin daha böyük nailiyyətlərlə icrasını təmin etdiyini vurğulayıb. Natiq, həmçinin qadın alimlərimizin elmin inkişafındakı rolundan və elm sahəsinə verdikləri töhfələrdən bəhs edib.
“Qadın ailənin, cəmiyyətin təməlidir. Qadınlar nə qədər xoşbəxt olsa, cəmiyyətimiz də bir o qədər xoşbəxt olar”,- deyə akademik Nərgiz Axundova bildirib.
Xocalı sakini Dürdanə Ağayeva, AMEA-nın əməkdaşı, 44 günlük Vətən müharibəsinin iştirakçısı Rəqsanə Əsgərova və çıxış edən şəhid anaları Azərbaycan xanımı olduqlarını fəxrlə söyləyiblər.
Tədbirin bədii hissəsində “Ana” mahnısı səsləndirilib. Sonda MEK-in qadın əməkdaşlarına təşəkkürnamələr təqdim olunub.