AzTehsil.com


Xəbərlər
27 dekabr 2019
1 345


Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə



Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə

 

Artıq 2019-cu ilin başa çatmasına sayılı günlər qalır. Bu ilin  bütün sahələrdə olduğu kimi, təhsildə də aparılan  məqsədyönlü işlər,  həyata keçirilən bir sıra layihələrlə, tətbiq olunan yeniliklərlə yaddaqalan illərdən birinə çevrilərək təhsil tarixində özünəməxsus yer tutacağına əminik. 
Kütləvi informasiya vasitələrinin, media orqanlarının təhsil sahəsində baş verən ciddi dəyişikliklərə, yeniliklərə olan həssaslığı göstərdi ki, bu sahədə atılan hər bir addım  Azərbaycan cəmiyyətinin maraq dairəsindədir və razılıqla qarşılanmaqdadır. Xüsusilə,  ölkə başçısı İlham Əliyevin təhsilin inkişafı ilə bağlı imzaladığı çoxsaylı fərman və sərəncamlar bu sahənin daim dövlət rəhbərinin diqqət mərkəzində olduğunu bir daha sübut  edir. Elə ilayrıcında həmsöhbət olduğumuz təhsil işçiləri, ekspertlər də yola salmaqda olduğumuz 2019-cu ili təhsil sahəsində uğurlu il kimi dəyərləndiriblər.

 Təhsilimiz ildən - ilə daha da inkişaf edir

Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə

 

Bakı Dövlət Universitetinin professoru, pedaqoji elmlər doktoru,  Təhsil Şurasının sədri Hikmət Əlizadə qeyd edir ki, təhsil zaman hadisəsidir, buna görə də təhsil sisteminə tətbiq edilən innovasiyaların səlis bir xətt üzrə inkişaf edəcəyini gözləmək utopik düşüncə olardı. Təhsilin öz təsbitini tapması strateji baxımdan onun fəlsəfəsinin düzgün müəyyən edilməsindən, nəticənin zaman müstəvisində obyektiv qiymətləndirilməsindən və qarşıya çıxan çətinliklərin korrektə edilməsi üçün uyğun taktiki gedişlərin müəyyənləşdirilməsindən asılıdır. Bu düşüncələrlə son bir il ərzində təhsil sahəsində həyata keçirilən işlərə nəzər salmaq istərdik.
Bilirsiniz ki, cəmiyyətdə müəllim nüfuzu daha yüksək təlim hədəflərinin əldə edilməsinə təsir göstərən əsas amillərdən biridir. Sevindirici haldır ki, yola saldığımız 2019-cu il ərzində müəllim nüfuzunun artması ilə bağlı müəyyən diqqətçəkən işlər görülüb. Ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayan gənclər arasında müəllimlik ixtisasını seçənlərin sayının artması, ötən illərlə müqayisədə müəllim vəzifəsində işləmək arzusunda olanların sayının nəzərəçarpacaq dərəcədə çoxalması kəmiyyət dəyişiklikləri kimi xarakterizə olunsa da, belə deməyə əsas verir. Müəllim peşəsinin nüfuzunun artmasında bir tərəfdən müəllimlərin işə qəbulunda müsahibə mərhələsinin nəticələri, digər tərəfdən stimullaşdırıcı tədbirlər mühüm əhəmiyyət kəsb edir. Fikrimizcə, stimullaşdırıcı tədbirlərin tətbiqi istiqamətdə işlər davam etdirilməlidir.

Məktəbi maraqlandıran əsas problemlərdən biri, bəlkə də başlıcası təhsilin keyfiyyəti məsələsi olmalıdır. Bu baxımdan, məktəbəqədər yaşlı uşaqların məktəbə hazırlığı mühüm əhəmiyyət kəsb edir, şagirdin məktəb fəaliyyətinə uğurla başlaması onun yüksək təlim hədəflərinə nail olmasının ilkin şərtidir.
Uşaqların məktəb həyatına psixoloji dayanıqlığını və ünsiyyət bacarıqlarını artırmaq, təlim prosesində bilik, bacarıq və vərdişlərə yiyələnmələri üçün onlarda sadə əqli əməliyyatları formalaşdırmaq məqsədinə müvafiq olaraq məktəbəqədər yaşlı uşaqların məktəbəhazırlıq təhsilinin əhatəliliyi daha da artırılıb. Düşünürük ki,  bu qruplarla keçirilən məşğələlərdə məntiqi oyunların üstünlük təşkil etməsi  qarşıya qoyulan hədəfə daha tez nail olmaq imkanı verir.
2008-ci ildə məktəblərdə kurikulumun tətbiqi də təhsilin keyfiyyətinin yeni səviyyəyə qaldırılması üçün atılan mühüm addımlardan biri idi. Kurikulumun tətbiqi köhnə sistemin yenisi ilə əvəz olunması prosesi idi. Bu çox mürəkkəb, çətin bir addım idi və onu asanlıqla həyata keçirmək, təbii ki, mümkün deyildi. Belə ki, kurikulumun tətbiqi  məktəbin bütün fəaliyyətinin yeni məzmunda qurulması demək idi: təhsilin fəlsəfəsi, müəllimin rəhbərlik üslubu, müəllim - şagird münasibətləri,  təlimin prinsipləri, metodları, dərsin təşkili qaydaları, dərslik,  dərs vəsaitləri, qiymətləndirmə mexanizmləri dəyişməli, yenilənməli idi. Bu həcmdə işi qısa müddət ərzində səlis yerinə yetirmək sadəcə olaraq mümkün deyildi. Mətbuatda bununla bağlı geniş danışılıb. Yeniliklərin tətbiqi həmişə çətinliklərin yaranması ilə müşahidə olunur. Məhz Təhsil Nazirliyi hər vaxt bu çətinliklərin aradan qaldırılması müstəvisində zəruri taktiki addımlar atmaqdadır.

2018-2019-cu tədris ili yeni kurikulumların məktəbin sonuncu - XI sinfinə tətbiq edilməsi ilə əlamətdar idi. Hər il olduğu kimi, bu il də Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə pedaqoji, psixoloji və metodiki  baxımdan bir sıra zəruri addımlar atıldı: dərsliklər, məktəbdaxili qiymətləndirmə sistemi təkmilləşdirilmiş, dərsin keyfiyyətinin artırılması baxımından müəllimlər üçün yeni metodiki vəsaitlər hazırlanmış,  məktəblərin maddi-texniki bazası daha da yaxşılaşdırılmışdır və s.
 
Keçən tədris ilində XI sinfi bitirən şagirdlər bu  il yeni kurikulumlar əsasında ümumi təhsil müəssisələrini başa vuran ilk məzunlar olublar. Bu ölkəmizin təhsil həyatında əlamətdar hadisələrdən biridir. Təbii ki, təhsilini kurikulum əsasında bitirən şagirdlərin biliyinin qiymətləndirməsi yeni məzmuna uyğun yeni qaydalar tələb edir. Təhsil Nazirliyi bu məsələyə də həssaslıqla yanaşdı və Dövlət İmtahan Mərkəzi ilə birlikdə buraxılış və qəbul imtahanları yeni formatda həyata keçirildi.

Təklif olunan model öz məzmunu və mütərəqqiliyi baxımından fərqlənir. Düşünürük ki, bu imtahanlarda açıq sualların çəkisi məntiqi quruluş baxımından artırılacaq, imtahan verənlərin təkcə yaddaş meyarı əsasında deyil, həm də analiz və sintez qabiliyyətlərinin ölçülməsinə üstünlük veriləcəkdir. Fikrimizcə, yaxın gələcəkdə bütün ixtisaslar üzrə qəbul imtahanları zamanı qabiliyyət imtahanlarının keçirilməsi bu modelin daha da təkmilləşməsinə xidmət edə bilər.

Təhsil sistemində uğurlu addımlardan biri də İKT-dən istifadənin genişləndirilməsidir. Bu bir tərəfdən şəffaflığın təcəssümü kimi diqqət çəkirsə, başqa tərəfdən isə valideynlərin işini yüngülləşdirir. Elektron sistem vasitəsilə həm məktəbəhazırlıq qruplarına, həm də I sinfə şagird qəbulunun əhatə dairəsi genişləndirilib.
Gənclərin peşə təhsilinin təkmilləşdirilməsi Təhsil Nazirliyinin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Cari tədris ilində bu aspektdə maraqlı innovasiyaya imza atılıb. Mingəçevirdə Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsi olan "ASAN Peşə” təhsil mərkəzi yaradılıb, peşə təhsili sahəsində beynəlxalq əməkdaşlıq genişlənib, peşə təhsili müəssisələrinin fəaliyyətinə dəstək məqsədilə Avropa İttifaqının 4 qrant layihəsinin icrasına başlanılıb (bu layihələr peşə təhsili müəssisələrinin həm məzmun baxımından, həm də onların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir). "ASAN peşə” layihəsi çərçivəsində peşə təhsili sahəsində də müəllimlərin diaqnostik qiymətləndirilməsinə və yeni əməkhaqqı sisteminin tətbiqinə başlanılıb. Cari tədris ilində  "Peşə təhsili haqqında” Qanunun qəbul olunması bu işlərin daha yüksək səviyyədə həyata keçməsinə imkan verəcəkdir. Fikrimizcə, biz yaxın gələcəkdə yeni nəsil peşə təhsil müəssisələri şəbəkəsinin şahidi olacağıq.

2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi isə təhsil ictimaiyyətinin əsl bayramı kimi qiymətləndirilməlidir. Bu yubileydə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib. Proqram məzmunlu çıxışında dövlət başçısı ölkəmizin gələcək inkişafının təmin edilməsi baxımından təhsilin qarşısına yeni hədəflər qoymuşdur. Yubiley tədbirində Şərqin ilk ali məktəbi kimi milli kadrların hazırlanmasında, dövlətçilik ənənələrinin, milli-mənəvi dəyərlərin formalaşmasında, Azərbaycanda elm və təhsilin inkişafında, Azərbaycançılıq ideologiyasının formalaşmasında müstəsna rol oynamış  Bakı Dövlət Universitetinin keçdiyi tarixi yola nəzər salınaraq gələcək perspektivlər  müəyyənləşdirilib.

Ölkəmizdə təhsil sahəsində görülən işlər məzmun etibarı ilə çoxşaxəlidir. Biz ölkəmizdə təhsil sahəsində  görülən bəzi işlərə nəzər saldıq. Fikirləşirik ki, son bir il ərzində həm strateji, həm də taktiki baxımdan müasir keyfiyyət meyarlarına  cavab verən xeyli maraqlı işlərin görülməsi, təhsilin yenilənməsi istiqamətində əsaslı islahatların uğurla davam etdirilməsi təhsilimizin ildən-ilə daha da inkişaf edəcəyini deməyə əsas verir.

 Təhsil sistemimizi xalqımızın tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq

 

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov bildirir ki, 2019- cu il ölkəmizin sosial, iqtisadi  inkişaf  sahələrində olduğu kimi, təhsilimiz üçün də uğurlu illərdən biri sayıla bilər.

- Hər şeydən əvvəl təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resurslarının  inkişaf etdirilməsi,  strateji hədəf kimi müəllimlərin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması  və müəllim peşəsinin nüfuzunun artırılması sahəsində xeyli irəliləyiş əldə olundu. Təhsilin məzmun və formaca yeniləşməsi, təhsildə mütərəqqi metod və müasir texnologiyaların tətbiqi sahəsində xeyli nəzərəçarpacaq işlər görülüb. Təhsil müəssisələrinin rasionallaşdırılması və optimallaşma istiqamətində davamlı tədbirlər həyata keçirilir. Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər  müəyyən edilib.
Hazırda strategiyamız hazırlanıb, "Strategiya”dan irəli gələn Fəaliyyət planımız var, məqsədimiz müəyyənləşib, vəzifələrimiz aydınlaşıb, sistemin tam oturuşması üçün hədəflərimiz dəqiqləşib. Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri də budur ki, biz artıq öz təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq.

Bu il Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması da düşünürəm ki, təhsil həyatında baş verən ən maraqlı hadisələrdən biri hesab oluna bilər.  Onu da deyim ki, bu, Azərbaycanın  təhsil sistemində yaradılan ilk İctimai Şuradır. Məqsəd cəmiyyət və Təhsil Nazirliyi arasında körpü rolunun təminatıdır. Təhsillə bağlı vətəndaşların etdiyi müraciətlər, o cümlədən, 11 nəfər üzvün bu məsələ ilə əlaqəli fikirləri İctimai Şurada səsləndiriləcək və yekun qərarın qəbulu Təhsil Nazirliyinin ixtiyarında olacaq. Tam əminliklə deyə bilərəm ki, İctimai Şuranın fəaliyyəti öz müsbət nəticələrini göstərəcək...

 Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə rəqabət daha da artıb
 

 


2019-cu ildə Azərbaycan təhsili üçün xeyli yaddaqalan hadisələrin  olduğunu  təsdiqləyən Təhsil Nazirliyi yanında  İctimai  Şuranın məsul  katibi,  fəlsəfə doktoru  İlqar Orucov  ilk növbədə,  yeni məktəb binalarının tikilməsi, təmir edilməsi və bütövlükdə  infrastrukturun yenilənməsi və müasirləşdirilməsi istiqamətində  ciddi işlər görüldüyünü diqqətə çatdırır: "Eyni zamanda  müəllim nüfuzunun artırılması, peşəkarlığın yüksəldilməsi  qeyd olunmalıdır.  Bunun nəticəsidir ki,  2019-cu ildə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə rəqabət  daha da artıb, xeyli gənc müəllim işə qəbul olunub”.

İ.Orucov Azərbaycan Prezidenti İlham Əliyevin "Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı ilə cari ilin mart ayının 1-dən təqaüd alanların sayının xeyli artmasını  xüsusi qeyd edərək  bunu  həm də, dövlət sifarişli yerlərin artması istiqamətində də ciddi addım sayır.  Deyir ki, beynəlxalq olimpiada və bilik yarışlarında məktəblilərimizin göstəriciləri xeyli yaxşılaşıb və bu da özünü qazanılan medalların sayında göstərir.
Cari tədris ilində 6000-dən artıq şagirdi əhatə edən STEAM-ın (Təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ tədrisi) tədrisinə başlanılması da tətbiq olunan yeniliklərdən biridir. Bu, həm də  ümumi təhsil müəssisələrinin yuxarı siniflərində peşə təmayüllü siniflərin yaranması istiqamətində  bir yenilik deməkdir. İcma əsaslı siniflərin yaradılması ilə bağlı  görülən işlər də xüsusi olaraq vurğulanmalıdır.

 Təhsil müəssisələrimizdə əlverişli təlim mühiti formalaşıb

Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə

 

Bakıdakı 244 nömrəli tam orta məktəbin direktoru Yəhya Abbasov bu il təhsil sistemində aparılan uğurlu işlərin çox olduğunu söyləyir. 

- Başa çatmaqda olan 2019-cu il ölkəmizin və xalqımızın həyatında bir sıra əlamətdar hadisələrlə yadda qalacaq.  Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş balanslaşdırılmış müdrik daxili və xarici siyasət, milli təhsil quruculuğu işləri onun siyasi varisi, müasir təfəkkürlü siyasətçi  ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Düşünürəm ki, yola saldığımız il ölkəmizin təhsil tarixində də uğurlu il kimi qalacaq.Çünki məhz bu ildə təhsil quruculuğu sahəsində Dövlət Strategiyasına uyğun olaraq aparılan islahatlar müvəffəqiyyətlə davam etdirilib, bir sıra uğurlara imza atılıb.

Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı ölkə başçısı tərəfindən imzalanan çoxsaylı sərəncamları təhsilin inkişafına davamlı dövlət qayğısının daha bir parlaq nümunəsi hesab etmək olar. Əldə edilmiş ən mühüm nailiyyətlərdən biri ümumi təhsil pilləsi üzrə təhsil qanunvericiliyinin əsaslı şəkildə yenilənməsi ilə bağlı olub, təhsil tarixində ilk dəfə olaraq ayrıca "Ümumi təhsil haqqında” Qanun qəbul edilib. 

Mən xüsusilə,  son illər Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müəllimlərin işə qəbulu müsabiqəsini təhsil sistemində atılan ən müsbət bir  addım kimi qiymətləndirirəm.  Cari tədris ilində  8 mindən çox  müəllim işə qəbul edilib. Məhz ildən-ilə daha da təkmilləşən bu müsabiqədə müəllimliyə namizədlərin böyük həvəs və inamla iştirakının şahidiyik. Bu da müəllim nüfuzunun artmasında, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində, istedadlı gənclərin müəllim peşəsinə cəlb edilməsi istiqamətində mühüm rol oynayır. Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlərin sayının artması, təbii ki, prosesin şəffaflığından və obyektiv keçirilməsindən soraq verir. 2019-cu ildə 500 və daha artıq bal toplayan məzunlar arasında müəllimlik ixtisasını seçənlərin  sayı xeyli artıb. Daha dəqiq desək, ali məktəbə qəbul imtahanlarında 500-dən çox bal toplayanların 25 faizi müəllimliyi seçib. O cümlədən rəhbərlik etdiyim təhsil ocağının məzunları arasında da müəllimlik peşəsinə marağın artdığını və bu ixtisası seçənlərin sayının çoxaldığının şahidiyəm. Məsələn,  məktəbin məzunu  Rəşidə Həqiqətli 666 balla  Azərbaycan Dillər Universitetinin "İngilis dili müəllimliyi” ixtisasına qəbul olub.
Aparılan məqsədyönlü işlərin nəticəsidir ki, təhsil müəssisələrimizdə əlverişli təlim mühiti formalaşıb, təlim göstəricilərinin yaxşılaşdırılmasına ciddi diqqət artırılıb, şagirdlərə keyfiyyətli təhsil imkanları yaradılıb. Bu il təhsilverənlərin də bilik və bacarıqlarının artırılması istiqamətində mühüm işlər həyata keçirilib.  Artıq təhsil ocaqlarımız öz fəaliyyətlərində  daha innovativ,  müəllimlər isə daha yaradıcı  olmaları, kreativ  fikirləri ilə  seçilirlər. Təbii ki, bütün bu imkanları bizlərə Təhsil Nazirliyi yaradır. Təhsildə  inkişaf və  innovasiyalar  üzrə qrant  müsabiqəsi nazirliyin həyata keçirdiyi uğurlu layihələrindəndir. Artıq 3-cü ildir ki, keçirilən müsabiqənin əsas məqsədi də məhz təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdır. Bir təhsil işçisi olaraq mən bu müsabiqənin məhz yaradıcı müəllimlərin tanıdılmasında, eyni zamanda müasir dövrün tələblərinə uyğun öz işini quran təhsil müəssisələrinin maraqlı layihələr  işləyib təqdim etməsində xüsusi əhəmiyyəti olduğunu vurğulamaq istərdim.

Respublika olimpiadalarında iştirak edənlərin  sayı artmaqda, beynəlxalq olimpiadalarda şagirdlərimizin uğurları ildən-ilə yaxşılaşmaqdadır
 

Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə

 

31  illik pedaqoji staja malik Lalə Abdullayeva Bakıdakı 220 nömrəli məktəb-liseyin riyaziyyat müəllimidir. Özü də Əməkdar müəllimdir. Deyir ki, təhsil işçisi kimi ölkənin təhsil həyatında baş verənləri çox diqqətlə izləyir. Təhsil Nazirliyi tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin bilik, bacarıq və  peşəkarlıq səviyyələrinin  artırılması istiqamətində reallaşdırılan tədbirlər ürəyincədir. Bu gün  hər bir müəllimə  özünü tanıtmaq, bilik səviyyəsini göstərmək üçün əlverişli şərait və imkanlar  yaradılıb. Sözlərinə onu da əlavə edir ki, istedadlı uşaqlarla iş sahəsində görülmüş işlər nəticəsində həm respublika olimpiadalarında iştirak edənlərin  sayı artmaqda, həm də beynəlxalq olimpiadalarda şagirdlərimizin uğurları ildən-ilə yaxşılaşmaqdadır. Bu yarışların qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbul hüququ əldə etməsi olimpiada hərəkatının daha da genişlənməsinə səbəb olacağına əmin olduğunu söyləyir. Təhsil Nazirliyinin həyata keçirdiyi xüsusi siniflər layihəsinin paytaxt Bakı ilə yanaşı, bir sıra bölgələri də əhatə etməsini orada təhsil alan şagirdlərin də istedadlarının müəyyənləşdirilməsində, onların akademik potensialının inkişaf etdirilməsi istiqamətində  əhəmiyyətli rol oynadığını bildirir.  

Lalə müəllim bu ilin yeniliklərindən birinin də dərslik hazırlığı sahəsində olduğunu deyərək Təhsil İnstitutu nəzdində Tədris Resursları Mərkəzinin  yaradıldığını  və yeni məzmun konsepsiyası əsasında ümumtəhsil məktəbləri üçün ehtiyat dərsliklərin hazırlanmasına başlanmasını da müsbət hal kimi qiymətləndirib.
Təcrübəli müəllim xüsusilə bu ilin onun üçün ən yaddaqalan olduğunu,   məhz  başa çatmaqda olan 2019-cu ildə  Azərbaycan   Respublikasının  Prezidenti  İlham  Əliyevin  müvafiq sərəncamı ilə "Əməkdar  müəllim”   fəxri  adına layiq  görüldüyünü bildirib. Artıq üzərinə daha böyük məsuliyyət düşdüyünü söyləyən Lalə Abdullayeva dövlət başçısı İlham Əliyevin hər zaman  təhsil işçilərinə diqqət və qayğı göstərdiyini xüsusi qeyd edib.
 muallim.edu.az 



Загрузка...
Həmçinin oxuyun:
2018- ci il təhsilimizdə nələr ilə yadda qaldı - 2019-cu ildən nələr gözləməliyik...

2018- ci il təhsilimizdə nələr ilə yadda qaldı - 2019-cu ildən nələr gözləməliyik...

Təhsildə inqilab edən strategiya 6 yaşında

Təhsildə inqilab edən strategiya 6 yaşında

"Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər" mövzusunda konfrans

"Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər" mövzusunda konfrans

Mikayıl Cabbarovun qazandığı etimadın sirri...

Mikayıl Cabbarovun qazandığı etimadın sirri...

Təhsilin inkişafını əsaslandıran Strategiya

Təhsilin inkişafını əsaslandıran Strategiya

Təhsilin keyfiyyəti və aparılan islahatlar ekspertin gözü ilə...

Təhsilin keyfiyyəti və aparılan islahatlar ekspertin gözü ilə...

Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin keçirdiyi iclasda vacib məqamlara toxunaraq məruzə edib

Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin keçirdiyi iclasda vacib məqamlara toxunaraq məruzə edib

Təhsil Nazirliyində vacib TOPLANTI - Bu il 41 rayonda...

Təhsil Nazirliyində vacib TOPLANTI - Bu il 41 rayonda...

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

2018-ci ildə Azərbaycan təhsilində əsas - YENİLİKLƏR

2018-ci ildə Azərbaycan təhsilində əsas - YENİLİKLƏR

Təhsil naziri yüksək bal toplayan müəllimliyə namizədlərlə görüşüb

Təhsil naziri yüksək bal toplayan müəllimliyə namizədlərlə görüşüb

Cəzaçəkmə müəssisələrində peşə təhsili

Cəzaçəkmə müəssisələrində peşə təhsili

Yeni dərs ilinin əsas hədəfləri.  Ən vacib məsələlərdən biri .

Yeni dərs ilinin əsas hədəfləri. Ən vacib məsələlərdən biri .

Azərbaycan müəllimləri prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

Azərbaycan müəllimləri prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

Azərbaycan təhsili və elminin qarşısında duran ən mühüm vəzifələrdən biri yüksəkixtisaslı kadrlar hazırlanmasıdır

Azərbaycan təhsili və elminin qarşısında duran ən mühüm vəzifələrdən biri yüksəkixtisaslı kadrlar hazırlanmasıdır

Mikayıl Cabbarov təhsil naziri kimi necə yadda qaldı...

Mikayıl Cabbarov təhsil naziri kimi necə yadda qaldı...

Təhsil naziri İsmayıllıda Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb

Təhsil naziri İsmayıllıda Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb

Təhsil naziri İsmayıllıda Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb

Təhsil naziri İsmayıllıda Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb

“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans

“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsil işçilərinin respublika konfransı davam edir

Təhsil işçilərinin respublika konfransı davam edir

Kurikulum təhsilimizə nə verir? -EKSPERT RƏYİ

Kurikulum təhsilimizə nə verir? -EKSPERT RƏYİ

12 illik təhsilə keçidi reallaşdırmaq mütləqdir-TƏKLİF

12 illik təhsilə keçidi reallaşdırmaq mütləqdir-TƏKLİF

Təqaüdlərin əsaslı şəkildə artırılması tələbələrin motivasiyasını gücləndirəcək

Təqaüdlərin əsaslı şəkildə artırılması tələbələrin motivasiyasını gücləndirəcək