"Müəllimlərim bu yolla nüfuzu zədələnə bilər" - MÜZAKİRƏ
“Müəllim nüfuzu sosial mediada bir video ilə zədələnə bilər”
“Bəzən müəllimlər şagirdlərlə yaxın ünsiyyət qurmaq, onlara daha müasir və 'dostyana' yanaşmaq niyyəti ilə bu cür trendlərə qoşulurlar”.
AzTehsil.com xəbər verir ki, bu fikirləri təhsil eksperti Əmrah Həsənli açıqlamasında səsləndirib.
Onun sözlərinə görə, müasir müəllim texnologiyadan imtina etməməli, əksinə, onu tədris prosesinə inteqrasiya etməyi bacarmalıdır:
“Son illərdə texnologiyanın sürətli inkişafı və sosial şəbəkələrin həyatımızın ayrılmaz bir parçasına çevrilməsi cəmiyyətin bütün təbəqələrinə, o cümlədən təhsil ictimaiyyətinə də təsirsiz ötüşməyib. Xüsusilə “TikTok” kimi platformalarda trend videolara müəllim və şagirdlərin birgə qoşulması məsələsi geniş müzakirə olunur. Bu proses birmənalı qarşılanmır – bəziləri bunu müasir dövrün tələbi, digərləri isə pedaqoji etikaya zidd bir hal kimi qiymətləndirir".
“Müəllim cəmiyyətin mənəvi sütunlarından biridir,” - deyə müsahibimiz qeyd edib:
“O, yalnız dərs deyən şəxs deyil, həm də davranışı, danışığı və fəaliyyəti ilə nümunə göstərən bir şəxsiyyət olmalıdır. Müəllimin ictimai platformalarda necə görünməsi onun təkcə şəxsi reputasiyasına deyil, həm də təmsil etdiyi təhsil müəssisəsinin və ümumilikdə müəllim nüfuzunun cəmiyyət qarşısında necə formalaşacağına təsir edir.
Bəzən müəllimlər şagirdlərlə yaxın ünsiyyət qurmaq, onlara daha müasir və “dostyana” yanaşmaq niyyəti ilə bu cür trendlərə qoşulurlar. Niyyət nə qədər pozitiv olsa da, bu yanaşma çox həssas çərçivədə dəyərləndirilməlidir. Sosial şəbəkədə yayılan video müəllimin öz şəxsi dost çevrəsi üçün deyil, ictimaiyyət üçün açıq olur. Bu zaman həmin görüntülər təhrif edilə, kontekstdən çıxarıla və müəllim nüfuzuna xələl gətirə bilər. Həmçinin bu, şagirdlər üçün yanlış bir mesaj yarada bilər – yəni müəllimin özü sosial şəbəkələrdə aktivdirsə, şagirdin də bu platformalarda hədsiz zaman keçirməsi təbii qarşılanır”.
Ekspert vurğulayıb ki, hazırda bəzi məktəblərdə daxili qaydalarla müəllim və şagirdlərə mobil telefondan istifadəyə məhdudiyyət qoyulsa da, bu məsələ normativ-hüquqi sənədlərdə açıq şəkildə tənzimlənməyib:
“Gələcəkdə bu məsələ ilə bağlı vahid və aydın yanaşma formalaşması ehtimalı var. Lakin qadağadan daha çox, məsuliyyətli istifadənin təşviqi ön planda olmalıdır. Müasir müəllim texnologiyadan imtina etməməli, əksinə, onu tədris prosesinə inteqrasiya etməyi bacarmalıdır. Amma bu istifadənin məqsədi təhsil olmalı, trendlərə qoşulmaq deyil.
Müəllimlərin TikTok və bənzəri platformalardan tamamilə uzaqlaşdırılması doğru yanaşma olmaz. Problem bu platformaların mövcudluğunda deyil, onlardan necə istifadə olunmasındadır. TikTok-da maarifləndirici, təlimə dəstək verən, nümunəvi və etik videolar paylaşan müəllimlər də var. Əksinə, bu tip kontentlər həm müəllim nüfuzunu artırır, həm də şagird və valideynlərə faydalı məzmun təqdim edir. Amma bayağı və müəllim nüfuzuna xələl gətirən görüntülərin paylaşılması istər-istəməz bu cür platformalarda müəllimlərin iştirakına dair ictimai qınaq formalaşdırır.
Müəllimlər sosial şəbəkələrdəki fəaliyyətlərini hər zaman “Mən bu davranışımla cəmiyyətə, şagirdlərə və həmkarlarıma hansı mesajı verirəm?” sualı əsasında qiymətləndirməlidirlər. Müasir texnologiyaya uyğunlaşmaq vacibdir, lakin müəllim nüfuzu bu uyğunlaşma prosesində qorunmalıdır. Nə mobil telefondan, nə də sosial şəbəkələrdən istifadə birbaşa qadağa ilə tənzimlənməlidir. Bunun əvəzində pedaqoji etika, peşəkar davranış qaydaları və mediada şüurlu iştirak prinsipləri müəllim hazırlığı prosesinin ayrılmaz tərkib hissəsinə çevrilməlidir”.