Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Orxan Şamilzadə və Günel Musayeva ilə görüş keçirib.
AzTehsil.com xəbər verir ki, görüşdə qaliblərin qazandığı təcrübələr, əldə etdikləri uğurlar geniş müzakirə olunub. Emin Hüseynov Mentorluq Proqramının peşəkar kadrların inkişafında oynadığı rola toxunaraq bu proqram vasitəsilə qaliblərin peşəkar bilik və bacarıqlarının artırılması üçün yeni imkanlar yarandığını vurğulayıb.
Orxan Şamilzadə və Günel Musayeva müsabiqədə əldə etdikləri uğurlardan, həmçinin dövlət rəsmiləri və mütəxəssislərlə sıx əməkdaşlıq şəraitində reallaşdırdıqları layihələrdən danışıblar. Onlar Mentorluq Proqramının gedişində qazandıqları bilik və təcrübənin gələcək karyeralarında mühüm rol oynayacağını qeyd ediblər.
Sonda Emin Hüseynov qaliblərə uğurlar arzulayaraq onların inkişafını davamlı şəkildə dəstəkləmək üçün müxtəlif layihə və təşəbbüslərin həyata keçiriləcəyini, bu çərçivədə mütəmadi görüşlərin təşkil olunacağını bildirib.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.