Məktəb proqramlarının mənimsənilməsi uşaqlardan yüksək əqli aktivlik tələb edir. Bilik əldə etməyə başlayan uşaq nəinki ağır əmək sərf edir, eyni zamanda böyüyür və inkişaf edir. Bütün bunları həyata keçirmək üçün isə ona tamdəyərli qidalanmaq vacibdir. Qida yeganə mənbədir ki, bu yolla uşaq orqanizmi ona vacib olan maddələri və enerjini alır. Orqanizmin və baş beynin normal fəaliyyəti əsasən qəbul olunan qidanın keyfiyyətindən asılıdır.
Məktəblinin düzgün qidalanması necə olmalıdır?
Məktəb dövrü 6-16 yaşları əhatə etməklə, intensiv boy artımı, sümük skeletinin və əzələlərin böyüməsi, maddələr mübadiləsinin, endokrin sistemin fəaliyyətivə baş beynin mürəkkəb funksiyalarında yenidənqurma prosesləri ilə xaraxterizə olunur. Orqanizmin formalaşması prosesi, cinsi yetişkənlik, uşağın şəxsiyyətə çevrilməsi məhz məktəb dövrlərində baş verir. Məktəblilərin düzgün qidalanması isə bu prosesdə böyük rol oynayır.
Nə üçün düzgün qidalanma məktəblilər üçün bu qədər vacibdir?
Etiraf etmək lazımdır ki, mövcud məktəb proqramı uşağı tonlar şəklində məlumatla yükləyir. Müasir məktəb uşaqdan həm fiziki, həm də psixoloji qüvvə tələb edir. Bütün bunlara üstəlik uşağın televizordan, kompüter və İnternetdən aldığı məlumatları da əlavə etsək, o zaman aldığımız mənzərə hər bir kəsdə həyəcan doğurar. Burada sual yaranır: "bəs bütün bu çətinliklərin öhdəsindən gəlmək üçün uşaq haradan qüvvə almalıdır?” Əlbəttə də ki, yalnız öz rasionundan.
Məktəbliyə nə qədər kalori lazımdır?
Uşağa vacib olan kalorinin miqdarı onun fiziki və zehni aktivliyindən asılı olaraq dəyişə bilər. Alimlər müxtəlif yaş qruplarına görə məktəblilərin sərf erdikləri kalorinin təxmini miqdarını hesablamışlar:
Birinci qrup:7-11 yaşda uşaqlara sutkada ən azı 2300 kilokalori tələb olunur.
İkinci qrup:11-14 yaşda uşaqlara sutkada ən azı 2500 kilokalori tələb olunur.
Üşüncü qrup: 14-18 yaşda yeniyetmələrə sutkada ən azı 3000 kilokalori tələb olunur.
Qeyd etmək lazımdır ki, müntəzəm şəkildə fiziki yüklənmələr kaloriyə olan sutkalıq tələbatı ən azı 300 vahidə qədər artırır.
Düzgün cədvəl
Düzgün cədvələ(qrafikə)2 səhər yeməyi, nahar və şam yeməyi daxildir.Birinci səhər yeməyi səhər saat 7 radələrində, ikinci isə 10.30- 11.00-da olmalıdır. Naharın 14.00-15.00 radələrdə olması arzu edilən vaxtdır. Şam yeməyinin 19.00-19.30 müddətində olması isə ideal vaxt hesab olunur.
Lakin onu da nəzərə almaq lazımdır ki, şam yeməyi üçün tərtib olunan cədvəl uşağın yuxu vaxtından asılı olmalıdır. Belə ki, yeməyin qəbulu və yatma vaxtı arasındaki fərq 3-4 saata yaxın olmalıdır. Bu fərq çox olarsa, qidanın çatmamazlığı səbəbindən uşağın orqanizmi stresə nəruz qala bilər, fərq az olarsa, bu zaman kalorinin sərf olunmaması riski çoxalar və nəticədə piylərin yığılmasına gətirib çıxarar.
Məktəblinin qidalanması balanslaşdırılmalıdır. Məktəblinin menyusuna mütləq tərkibində zülallar, karbohidratlar və yağlar, amin turşuları, vitaminlər, bəzi yağ turşuları, minerallar və mikroelementlər olan məhsullar daxil olmalıdır. Bu komponentlər orqanizmdə sərbəst sintez olunmur, buna görə də onları müxtəlif qida məhsullarının tərkibində qəbul etmək inkişafda olan uşaq orqanizmi üçün vacibdir.
Zülallar-uşağın toxuma və orqanlarının qurulmasında əsas material kimi istifadə olunur. Tərkibində azot olduğundan zülalları başqa maddələrlə əvəz etmək olmaz. Zülal defisiti olduqda uşaqlarda baş beyin qabığının funksiyasının pozulmaları qeyd olunur, əmək qabiliyyəti aşağı düşür, tez yorulma halları və təhsildə geri qalmalar yaranır. Uşaq orqanizminin tələbatına südün (digər komponentlərilə birgə)tərkibində olan zülal daha çox uyğun gəlir. Məktəb yaşlı uşaqlar üçün südün sutkalıq norması 500 ml-dir ( 100 qram süd12 q quru südə və ya 25 q qatılaşdırılmış südə uyğun gəlir). Məktəb yaşlı uşaqların qidalanmasında zülüllarla zəngin məhsullardan: yumurta, ət, balıq, qoz, yulaf və qarabaşaq yarmaları üstünlük təşkil etməlidir.
Yağlar- qida komponenti kimi öz vacibliyinə görə ikinci yerdə durur. Sutka ərzindəki ümumi enerji sərfinin 20-30%-i yağların öhdəsinə düşür.
Karbohidratlar (çay, kofe, meyvəli şirin içkilər, bulka, peçenye, konfet) qanı "təzə” qlükoza ilə təmin edir və məktəblilərin zehni aktivliyini stimullaşdırır.
Tərəvəzlər- "C”, "A” və "B” qrupu vitaminlərinin mənbəyidir, onların tərkibində həmçinin çoxlu miqdarda mineral maddələr, orqanik turşular, efir yağları, kalium duzları, mikroelementlər (dəmir, mis, kobalt, sink) vardır.
Meyvələrin tərkibi karbohidratlarla zəngin olduğuna görə şirniyyat əvəzinə onlardan istifadə etmək orqanizm üçün daha faydalıdır. Çəyirdəkli meyvələrdə (ərik, şaftalı, albalı) çoxlu miqdarda qlükoza və saxaroza, tumlu meyvələrdə (armud, alma) isə fruktoza var. Gündəlik rasionda tərəvəz və meyvə 50% təşkil etməlidir. Meyvə və tərəvəzin qəbulu mütləq yeməkdən əvvəl olmalıdır. Çünki yeməkdən sonra meyvə-tərəvəzin istifadəsi qida kütlələrinin uzun müddət ləngiməsinə səbəb olur, qıcqırma prosesini gücləndirir, bu da mədə-bağırsaq orqanlarının xroniki xəstəliklərinə gətirib çıxarır.
Ümumiyyətlə, qidanın tərkibində15-20% zülalların, 20-30% yağların, 50-55% karbohidratların (meyvələr, tərəvəzlər, qoz, fındıq və taxıl məhsullarının tərkibində olan) olması məsləhətdir.
Çörək məmulatlarından çovdar və ya kəpəkli çörəyin istifadəsi daha faydalıdır, çünki bunların tərkibində olan dəmirin miqdarı ağ çörəyə nisbətən 30% ,kalium ikiqat, maqnezium üçqat daha artıqdır.
Balıq sağlam qida olub, tərkibindəki zülal asanlıqla mənimsənilir, hüceyrələrin qurulmasında rol oynayır. Balığın yağlı növlərində (qızılbalığı, siyənək) Omeqa-3 və Omeqa-6 yağ turşuları vardır ki, bunlar artıq piyləri əritmə qabiliyyətinə malikdirlər. Orqanizmdə kalsium və fosfor çatışmadıqda balıq yeməklərindən istifadə bu boşluğu doldurmağa kömək edə bilər.
Uşaq yaşda qida maddələrinin yetərincə qəbul olunmaması fiziki inkişaf, xəstələnmə və təhsil göstəricilərinə mənfi təsir edir, mübadilə pozğunluqlarının və xroniki patologiyaların yaranmasına səbəb olur.
Balanslaşdırılmış qidalanmanın prinsipləri
Karbohidratların qəbulunun məhdudlaşdırılması zülal və yağların yanmasına səbəb olur, bunların parçalanması nəticəsində isə orqanizmin zəhərlənməsi baş verir.
Qidada zülül az olduqda immunitet əziyyət çəkir (daimi soyuqdəymələr!), dəri quru və büzüşmüş, saçlar solğun, dırnaqlar kövrək olur. Arıqlama -əzələlərdə zülal itkisi hesabına yaranır.
Tamamilə yağlardan imtina etmək olmaz, çünki yağlar qaraciyərin işi, vitaminlərin sorulması, yağ ehtiyatlarının yanması üçün vacibdir. Lakin kalori baxımından qidada yağların miqdarı sutka ərzində 25%-dən artıq olmamalıdır. Yağlı ətdə, süddə, qızardılmış məhsullarda, yağlı xəmirdə zərərli yağlar, dəniz məhsullarında və bitki yağlarında isə xeyirli yağlar vardır.
Qidanın hazırlanması prosesi elə aparılmalıdır ki, məhsullarda qida maddələri maksimal dərəcədə saxlanılsın. Bu məqsədlə yeməyin buğda bişirilməsi, qaynadılması və ya pörtlədilməsi daha məqsədəuyğundur.
Dietoloqların fikrincə məktəbli uşaq gündə 4 dəfədən az olmayaraq yeməlidir və səhər yeməyi, nahar və şam yeməyində hökmən isti xörək olmalıdır. İnkişafda olan orqanizmə kəsmik, pendir, kalsium və zülal mənbəyi olan ağartı məhsulları mütləq lazımdır. Gün ərzində məktəblilər ən azı 1-1,5 litr maye qəbul etməlidirlər. İçilən maye qazlaşdırılmış sular deyil, meyvə və ya tərəvəz şirələri olmalıdır.
Qidalanma rejimi
Qidalanma rejimi inkişafda olan uşaq orqanizmi üçün xüsusən vacibdir. Əfsuslar olsun ki, məktəblilər düzgün qidalanmanın sağlam həyat tərzinin tərkib hissəsi olması barədə zəif təsəvvürə malikdirlər.Məktəblilərin qidalanmasında əsas problemlər uşaqların məktəbdən kənarda qidalanma rejimini pozmaları, çipslər, fast-fud yeməkləri, suxarilər, konfetlər, şokoladlı batonlar və s-dən sui-istifadə etmələridir. Bu, adətən məlumatın yetərincə olmaması və ya valideynlərin belə hallara yol vermələri ilə əlaqədardır.
Müasir insanın qidalanması çox vaxt mədə-bağırsaq traktının bir sıra xəstəliklərinin, endokrin sistemin, ürək-damar sisteminin və onkoloji proseslərin əsas risk faktoruna çevrilir. İnsan orqanizmində elə bir orqan və ya sistem yoxdur ki, onun normal fəaliyyəti qidalanmanın xarakterindən asılı olmasın. Düzgün qidalanma orqanizmin inkişafının hər bir mərhələsində böyük rol oynayır.
Təhsil müəssisələrində qidalanmanın təşkili
"Məktəb yeməyi- gənc nəslin sağlamlığının zəminidir”. Məktəbdə olduğu müddətdə uşaqlar üçün isti yemək sağlamlığın qorunmasının və uşaqların daha keyfiyyətli təhsili üçün vacib şərtlərdəndir. Məktəbdə qidalanmanın düzgün təşkili əhalinin və ilk növbədə uşaqların (vaxtlarının böyük hissəsini məktəbdə keçirdikləri üçün) sağlamlıq göstəricilərinin yaxşılaşmasına gətirib çıxarır. Təəssüf ki, məktəblilərin qidalanması mövzusuna diqqət hələ də yetərincə deyil, məktəb proqramı və orta təhsildə tətbiq olunan standart sağlam qidalanma prinsiplərinə tam cavab vermir. "Qidalanmanın təşkili” mövzusu pedoqoji təhsil müəssisələrində də keçilmir. Sağlam qidalanmanın təbliği həm də ona görə vacibdir ki, uşaqlıqda qazanılan qida vərdişləri insanın yaşlanma dövrünə qədər saxlanılır. Bu istiqamətdə təhsil müəssisələrində şagirdlərin qidalanmasının təşkilinə və fasilənin davam etmə müddətinin nəzərdən keçirilməsinə xüsusi diqqət yetirilməlidir. Məktəb yeməkxanası- inkişaf edən insanın sağlam qidalanmaya alışdığı əsas məkandır. Mütəşəkkil məktəb yeməyi sanitar qaydalar və normalarla tənzimlənməli, rasional qidalanma prinsiplərinə cavab verməlidir. Məktəblilərin tamdəyərli isti yeməklərlə təmin olunması əhalinin sağlamlığının qorunub saxlanılması ilə bilavasitə əlaqədardır.
Məktəblilərin qidalanmasının düzgün təşkili məhz yeniyetmə dövrdə meydana çıxan bir çox problemlərin həllində kömək edə bilər. Bu dövrdə orqanizmi yalnız boy artımı və inkişaf üçün deyil, eyni zamanda getdikcə artan məktəb tapşırıqlarının yerinə yetirilməsi və cinsi yetişkənlik üçün lazım olan bütün resurslarla təmin etmək xüsusən vacibdir. Məhz bu illər, demək olar ki,10 yaşdan başlayaraq uşaq daha məsuliyyətli və müstəqil olmağı, yeni qaydalarla insanlarla münasibətlər qurmağı öyrənir. Uşağın qida rejiminə sərbəst riayət etməyi öyrənməsi, böyüklərin nəzarətindən asılı olmayaraq rasional qidalanması böyümənin məhz bu dövründə həmçinin vacibdir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tərifinə görə "Sağlamlıq-təkcə xəstəliyin xə fiziki qüsurların olmaması deyil, həmçinin mənəvi və sosial rifah halıdır.”