Hesabat tədbirləri davam edir
2024–2025-ci tədris ilinin yekunlarına həsr olunmuş hesabat tədbirləri davam edir
AzTehsil.com xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən regional təhsil idarələrində təşkil edilən hesabat xarakterli tədbirlər çərçivəsində Quba-Xaçmaz və Şəki-Zaqatala Regional Təhsil İdarələrində görüşlər keçirilib.
18-21 iyul tarixlərində Quba-Xaçmaz və Şəki-Zaqatala Regional Təhsil İdarələrində keçirilən tədbirlərdə Agentliyin direktoru Eşqi Bağırov, Regional Təhsil İdarələrinin nümayəndələri, rayon təhsil sektorlarının əməkdaşları və ümumtəhsil müəssisələrinin direktorları iştirak ediblər.
Görüşlərdə cari tədris ili ərzində regionlarda təhsilin inkişaf göstəriciləri, əldə olunmuş nəticələr və qarşıda duran hədəflər barədə ümumi fikir mübadiləsi aparılıb. Tədrisin keyfiyyəti, müəllim fəaliyyətinin səmərəliliyi, infrastrukturla bağlı yeniliklər və gələcək planlar tədbirin əsas müzakirə mövzuları olub.
Eyni zamanda kadr hazırlığı, monitorinq və qiymətləndirmə nəticələri, o cümlədən innovativ yanaşmaların tətbiqi və rəqəmsallaşma kimi aktual məsələlərə də toxunulub.
Tədbirin sonunda iştirakçılar arasında tədris prosesinin təşkili ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb və növbəti tədris ili üçün ortaq məqsədlər müəyyənləşdirilib.