AzTehsil.com


Xəbərlər
01 yanvar 2020
3 893


Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi



Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

 

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.

1.2. Agentlik Azərbaycan Respublikası Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir.

1.3. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

1.4. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları) və bələdiyyələrlə, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.6. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.7. Qanuna uyğun olaraq, Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Agentlik məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.8. Agentlik Bakı şəhərində yerləşir.

2. Agentliyin fəaliyyətinin məqsədi və fəaliyyət istiqamətləri

2.1. Agentliyin fəaliyyətinin məqsədi Azərbaycan Respublikasında effektiv keyfiyyət təminatı sisteminin fəaliyyətini təşkil etməkdən, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin formalaşdırılmasından, müasir dövrün tələblərinə uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik rəqabətqabiliyyətli mütəxəssislərin əmək bazarına çıxışına dəstək göstərilməsindən ibarətdir.

2.2. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.2.1. təhsil müəssisələrinin akkreditasiyasını həyata keçirmək;

2.2.2. xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirmək;

2.2.3. peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınmasını həyata keçirmək;

2.2.4. təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək;

2.2.5. təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək;

2.2.6. təhsil sisteminin və bu sahədə dövlət standartlarının davamlı inkişafını, təhsil müəssisələrinin nüfuzunun və mütəxəssis hazırlığının keyfiyyətinin artırılmasını təşviq etmək;

2.2.7. təhsil fəaliyyətinin lisenziyalaşdırılması məqsədilə rəy verilməsində iştirak etmək;

2.2.8. müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və tətbiq etmək.

3. Agentliyin vəzifələri və hüquqları

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin aşağıdakı vəzifələri vardır:

3.1.1. müvafiq sahədə qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.2. akkreditasiya məqsədilə təhsil müəssisələrinin qiymətləndirilməsini təşkil etmək;

3.1.3. təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı hesabatların Nazirlik tərəfindən yaradılan və ictimai əsaslarla fəaliyyət göstərən Akkreditasiya Şurasında müzakirəsini təşkil etmək və qəbul olunmuş qərarları dərc etmək;

3.1.4. xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı ekspertizanı təşkil etmək;

3.1.5. peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınmasını təşkil etmək;

3.1.6. peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması ilə bağlı, habelə qiymətləndirmə nəticəsində onların peşə standartlarına uyğunluğunu müəyyən edən metodikaları hazırlamaq və tətbiqini təmin etmək;

3.1.7. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;

3.1.8. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

3.1.9. hüquqmüəyyənedici sənədlər vermək, müvafiq məsələlərə münasibət bildirmək;

3.1.10. müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək;

3.1.11. fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirildiyi qiymətləndirmə və ekspertizanın nəticələrinə dair məlumat bazasını formalaşdırmaq və yenilənməsini təmin etmək;

3.1.12. dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;

3.1.13. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Agentliyin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

3.1.14. Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.15. "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmaq;

3.1.16. Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.17. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.18. müvafiq sahədə elektron xidmətləri "Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;

3.1.19. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı "İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.20. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə "Vətəndaşların müraciətləri haqqında”, "İnzibati icraat haqqında” və "İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.21. fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə işi aparmaq;

3.1.22. Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;

3.1.23. bu Nizamnamədə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır:

3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;

3.2.2. təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması ilə bağlı Nazirlik qarşısında vəsatət qaldırmaq;

3.2.3. təhsil müəssisələrinin akkreditasiyasını həyata keçirmək üçün komissiyalar yaratmaq, akkreditasiya ilə bağlı müvafiq sənədlər əldə etmək, müsahibələr təşkil etmək, əlaqələndirmə və digər zəruri tədbirlər həyata keçirmək;

3.2.4. təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin fəaliyyətini dəyərləndirmək və onların təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

3.2.5. təkrar akkreditasiyadan keçməyən təhsil müəssisələri və təhsil proqramları barədə rəy vermək;

3.2.6. təhsil fəaliyyətinin lisenziyalaşdırılması məqsədilə rəy verilməsində iştirak etmək;

3.2.7. təhsil müəssisələrinə tələbə qəbulu proqnozunun formalaşdırılması prosesində iştirak etmək;

3.2.8. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

3.2.9. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.10. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.11. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə əlaqələndirmə və öz daxilində məşvərət orqanları, işçi qrupları yaratmaq, digər təşkilatlarda yaradılmış orqanların və işçi qrupların fəaliyyətində iştirak etmək;

3.2.12. yerli və xarici müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

3.2.13. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

3.2.14. fəaliyyət istiqamətlərinə aid olan məsələlər və keyfiyyət təminatı mövzusunda fərdlərin səriştələrinin artırılması üzrə xarici ölkələrdən mütəxəssislər də cəlb etməklə konfranslar, müşavirələr, seminarlar, təlimlər keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.15. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.2.16. xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) sahəsində xarici ölkələrin aidiyyəti qurumlarına Azərbaycan Respublikasının qanunvericiliyi və təhsil sistemi barədə məlumatların verilməsini təmin etmək;

3.2.17. ixtisaslı işçi qüvvəsinin hazırlanması sahəsində mövcud problemlərin araşdırılması məqsədilə tədqiqat işlərinin aparılmasına dair sifarişlər vermək, bu istiqamətdə analitik və metodik materiallar hazırlamaq;

3.2.18. icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn digər tədbirlər görmək;

3.2.19. fəaliyyət istiqamətlərinə uyğun olaraq ödənişli xidmətlər göstərmək;

3.2.20. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.21. təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

3.2.22. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiya Çərçivəsinin həyata keçirilməsini dəstəkləmək və dövlət təhsil standartlarının təkmilləşdirilməsi barədə təkliflər vermək;

3.2.23. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

3.2.24. bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq digər hüquqları həyata keçirmək.

4. Agentliyin idarə olunması

4.1. Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti beş üzvdən ibarət İdarə Heyəti həyata keçirir. İdarə Heyətinin üzvlərini (sədr və sədr müavini daxil olmaqla) Azərbaycan Respublikasının Təhsil naziri vəzifəyə təyin və vəzifədən azad edir.

4.3. İdarə Heyətinin sədri və sədr müavini müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.

4.4. İdarə Heyəti aşağıdakı vəzifələri yerinə yetirir:

4.4.1. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Nazirliyə təkliflər vermək və sənədlər (o cümlədən Agentliyin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;

4.4.2. Agentliyin inkişaf istiqamətlərini, strateji məqsəd və planlarını müəyyən etmək;

4.4.3. Agentliyin fəaliyyətinə nəzarət etmək;

4.4.4. Agentliyin strukturunun, işçilərinin say həddinin və əməkhaqlarının (o cümlədən əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiq edilməsi üçün Nazirliyə təkliflər vermək;

4.4.5. Agentliyin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;

4.4.6. Nazirliyin razılığı ilə Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Agentliyin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;

4.4.7. Agentliyin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;

4.4.8. Agentliyin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, törəmə təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;

4.4.9. Agentliyin fəaliyyətinə dair illik hesabatı təqdim etmək;

4.4.10. Agentliyin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;

4.4.11. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

4.4.12. Agentliyin daxili audit bölməsi yaradıldığı halda, həmin bölmənin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

4.4.13. Nazirliyin razılığı ilə Agentliyin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.4.14. Agentliyin fəaliyyətini təşkil etmək;

4.4.15. aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.4.16. Agentliyin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;

4.4.17. Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

4.4.18. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.4.19. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;

4.4.20. İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.

4.5. İdarə Heyətinin üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

4.6. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.7. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.

4.8. İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün) səsi həlledicidir.

4.9. İdarə Heyətinin sədri:

4.9.1. Agentliyin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

4.9.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;

4.9.3. öz təşəbbüsü ilə, İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

4.9.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

4.9.5. Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.9.6. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.9.7. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.9.8. müəyyən edilmiş struktur, əməkhaqları və işçilərin say həddi daxilində Agentliyin ştat cədvəlini və xərclər smetasını Nazirliklə razılaşdırmaqla təsdiq edir;

4.9.9. Agentliyin işçilərinin əməkhaqlarının, əməkhaqlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;

4.9.10. bu Nizamnamədə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir;

4.9.11. Agentliyin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.9.12. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Agentliyin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.9.13. Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;

4.9.14. Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.9.15. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.9.16. Agentlikdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.

4.10. İdarə Heyətinin üzvləri:

4.10.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

4.10.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.10.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

4.10.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;

4.10.5. İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.11. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

 5. Agentliyin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1. Agentliyin nizamnamə fondu 100.000 (yüz min) manatdır.

5.2. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər mənbələrdən əldə edilən vəsaitdən formalaşır.

5.3. Agentlik öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Agentlik qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Agentliyin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

5.5. "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş hallarda Agentliyə ödənilən ödənişlərin məbləğləri tənzimlənən qiymətlərə aiddir.

 6. Agentliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1. Agentliyin fəaliyyətinə nəzarəti Nazirlik, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirirlər.

6.2. Agentliyin fəaliyyətinə dair illik hesabat Nazirliyə təqdim edilir.

 7. Agentlikdə uçot və hesabat

7.1. Agentlik "Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Agentlik "Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik uçot aparır, statistik hesabatları tərtib və təqdim edir.

7.3. Agentlik idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

 8. Agentliyin ləğvi və yenidən təşkili

Agentliyin ləğvini və ya yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.



Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

İlham Əliyev çox vacib FƏRMAN imzaladı-RƏSMİ

İlham Əliyev çox vacib FƏRMAN imzaladı-RƏSMİ

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Nostrifikasiya İdarəsi ləğv edildi , Tİİ və Pİ birləşdirildi

Nostrifikasiya İdarəsi ləğv edildi , Tİİ və Pİ birləşdirildi

Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında  Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Əldə  edilən  gəlirin 40 faizi müəllimlərin maaşına əlavə olunacaq

Əldə edilən gəlirin 40 faizi müəllimlərin maaşına əlavə olunacaq

Məktəb rəhbərlərinin əsas vəzifələri

Məktəb rəhbərlərinin əsas vəzifələri

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası

İşəgötürənin əsas hüquqları , əsas vəzifələri və məsuliyyəti

İşəgötürənin əsas hüquqları , əsas vəzifələri və məsuliyyəti

“Təhsil haqqında” qanunda dəyişikliklər edildi - FƏRMAN

“Təhsil haqqında” qanunda dəyişikliklər edildi - FƏRMAN

Məktəb  direktoru   BİLMƏLİDİR

Məktəb direktoru BİLMƏLİDİR

Nadir İsrafilov: “Təhsil Nazirliyi yanında İctima Şura cəmiyyətə açıqdır və maraqlı tərəflərlə dialoqa hazırdır”

Nadir İsrafilov: “Təhsil Nazirliyi yanında İctima Şura cəmiyyətə açıqdır və maraqlı tərəflərlə dialoqa hazırdır”

Azərbaycan Dillər Universiteti yenidən təşkil edilir

Azərbaycan Dillər Universiteti yenidən təşkil edilir

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Əməyin mühafizəsi haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Əməyin mühafizəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ

Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ

“Peşə təhsili haqqında” qanun layihəsi 2-ci oxunuşda qəbul edildi

“Peşə təhsili haqqında” qanun layihəsi 2-ci oxunuşda qəbul edildi

Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır

Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır

Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi

Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında

Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında

Təhsil müəssisələrində Pedaqoji Şura

Təhsil müəssisələrində Pedaqoji Şura