700-dən çox abituriyent və subbakalavr müraciət edib
Azərbaycan Universitetində fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzinə avqustun 11-dən 19-dək aparılan ixtisas seçimi günlərində ümumilikdə 718 abituriyent və subbakalavr müraciət edib.
AzTehsil.com xəbər verir ki, institutdan bildirilib ki, mərkəzin xüsusi təlim keçmiş əməkdaşları tərəfindən I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər, o cümlədən subbakalavrlara elektron ixtisas seçimi ərizəsinin doldurulması və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər haqqında məsləhət xidməti və texniki dəstək göstərilib. Mərkəzə telefonla daxil olan sorğular da cavablandırılıb.
Xatırladaq ki, Azərbaycan Universitetində Abituriyent Məsləhət Mərkəzi 2018-ci ildə Dövlət İmtahan Mərkəzi ilə razılıq əsasında yaradılıb və artıq 8 ildir ödənişsiz əsaslarla fəaliyyət göstərir. Ali təhsil müəssisələrinin boş qalan plan yerləri və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyent və subbakalavrlar da Dövlət İmtahan Mərkəzinin elan edəcəyi ixtisas seçimi günlərində mərkəzə müraciət edə biləcəklər.