Boloniya təhsil sektorunda xüsusi istiqamətdir. Bu sistem ilk dəfə İtaliyanın Boloniya şəhərində tətbiq edildiyindən belə adalandırılır.
Prosesin rəsmi tarixi isə 1999-cu il iyunun 19-u hesablanır. Həmin vaxt Boloniya şəhərində müxtəlif Avropa ölkələrindən olan iyirmi doqquz təhsil nazirinin iştirak etdiyi xüsusi konfransda "Avropa Ali təhsil məkanı” və ya Boloniya bəyannaməsi qəbul olunub.
Hazırda bu sistem qırx altı ölkədə tətbiq olunur. Onların sırasında Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya və s. var. Dövlətlər Boloniya sisteminə könüllü olaraq, müvafiq bəyannamənin imzalanmaqla qoşula bilərlər. Bu zaman bəzi öhdəlikləri üzərilərinə götürürlər. Bəyannaməyə əsasən, universitetlər Avropa düşüncəsinin daşıyıcısı hesab olunur. Burada ikipilləli təhsil, onun keyfiyyətinin artırılması, kredit sisteminin tətbiqi, diplomların Avropa ölkələri tərəfindən tanınması və digər müddəalar əksini tapıb.
2005-ci il mayın 19-da Norveçin Berqen şəhərində keçirilən konfransda Azərbaycanın Boloniya prosesinə qoşulması ilə bağlı rəsmi sənəd imzalanıb. O vaxtda ölkəmizdə bu sistemin tətbiqinə başlanılıb. İlk dəfə Azərbaycan Dillər Universitetinin 2006-2007-ci tədris ilinin birinci kurslarına şamil olunub.
Baloniya sisteminin əsas xüsusiyyətləri bunlardır: Tələbənin fənn və müəllim seçimində müstəqilliyi, tədris prosesinin bütün çap və elektron vəsaitlərlə təmin olunması, diplomların xaricdə tanınması, rüşvətin qarşısının alınması və s.
Azərbaycanda artıq on iki ildir ki, Boloniyanın tətbiq edilməsinə baxmayaraq, hələ də tələbələr kifayət qədər məlumatlandırılmır və müəyyən nöqsanlar var. Bəzi universitetlər onu formal qəbul edib.
Məsələn, dünyəvi Boloniya sisteminə görə, tələbə istədiyi vaxt mühazirədə iştirak etməyə bilər. Amma bizdə bu dərslərdə iştirak etmək məcburidir. Əks halda qayıb yazılır. Hətta, bəzi universitetlərdə müəllimlər tələbənin mühazirəyə görə dəftər tutmasını da tələb edirlər.
Bundan əlavə, əslində, fərdi iş zamanı müəllim tələbəni maraqlandıran, başa düşmədiyi suallara cavab verməlidir. Bizdə isə bu proses tam başqa cür tətbiq olunur.
Boloniya sistemində hər kursda tələbənin semestr ərzində 30 saat dərs buraxma izni var. Əgər dərs saatının buraxılması çox olarsa, tələbəyə öncə xəbərdarlıq edilməlidir, daha sonra onu azad edə bilərlər. Bu zaman həmin tələbə bütün proqramı ödəməli olur.
Boloniya dünyanın bir çox ölkələrində müzakirə mövzusu olub. Hətta, "Neue Zurcher Zeitung” alman qəzetinin yazdığına görə, yeni sistemə birinci keçən Sankt-Qallens universitetində professor və dosentlərin əksəriyyəti dəyişikliyin təhsil prosesinə mənfi təsir göstərdiyini deyiblər. Təhsilin standartlaşdırılmasının və ECTS bal sisteminə girişin daha çox humanitar sahəyə nəzərə çarpan zərbə vurulduğunu deyirlər.
Məsələ ilə bağlı aztehsil.com xəbər verir ki, AZEDU-ya danışan sabiq təhsil naziri, professor Firudin Cəlilov boloniya sisteminin tələblərinə əsasən, rektorun, əslində, kollektiv tərəfindən seçilməli olduğunu bildirib:
"1992-ci ildə yazılmış təhsil qanunumuzda bu sistemin maddələri yer almışdı. Məsələn, universitetlərə rektorun kollektiv tərəfindən seçilməsi, aspiranturanın ləğv olunması, onun əvəzində magistratura sisteminin gətirilməsi, təhsildəki pillələrin Avropa təhsil sisteminə uyğunlaşdırılması, yəni bakalavr, magistr, doktorantura və s.”
O, həm də təhsil sistemimizdə boloniyanın iyrənc tərəflərinin hökm sürdüyünü vurğulayıb:
"Boloniya sisteminin müsbət və mənfi tərəfləri var. Müsbət tərəflərindən biri müəllimin 4-5 tələbəyə dərs deməsidir. Köhnə sistemdə auditoriyada, hardasa, otuz tələbə olurdu. Amma fənlər konkret bölmələr üzrə tədris olunurdu. Məsələn, filologiyada oxuyan tələbə əvvəl fonetikanı, sonra ardıcıl olaraq leksikanı, morfologiyanı və s. öyrənirdi. İndi isə çox qarışıq durum yaranıb. Tələbəyə dilçiliklə bağlı məlumat vermək əvəzinə, ondan oxuyub bilmədiyi məsələlər haqda elmi iş yazmaq tələb olunur. O da, məcburən internetdən və ya digər mənbələrdən köçürür. Hazırda təhsilimizdə həmin sistemin iyrənc tərəfləri hökm sürür”.
Professor həm də təhsil sistemimizdə vəziyyətin qənaətbəxş olmadığını qeyd edib:
"Boloniyanı ləğv etmək yox, sistemə uyğunlaşdırmaq lazımdır. Hər şeyi kor-koranə təhsilimizə tətbiq etmək olmaz. Mütəxəssislər götür-qoy etməlidirlər. Fikrimcə, təhsil proqramları yuxarıdan hazırlanmamalıdır. Hər universitet nəyi özünə uyğun bilirsə, onu da keçməlidir. Bu dəqiqə təhsilimizdə aləm bir-birinə qarışıb. Dünyanın inkişaf etmiş universitetlərinin təcrübəsini öyrənmək, tətbiq etmək lazımdır”.
Təhsil eksperti Əjdər Ağayev isə bildirib ki, boloniya sisteminin tam tətbiq edilə bilməməsi problemi təkcə Azərbaycanda deyil:
"Boloniya sistemi yalnız təhsil mahiyyəti daşımır. O, Avropa təhsilinin bütün dünyaya yayılması xarakteri daşıyır. Bu sistem çox böyük hərəkatla meydana gəlib və geniş tətbiq olunmağa başlayıb. Amma indi o qədər də səs-sorağı yoxdur. Çünki, bunun tətbiqi zamanı hər ölkə öz ənənə, təcrübə və milli koloritlərinə üstünlük verib.
Azərbaycanda boloniyanın şərtlərinə ən yaxşı əməl edən ali təhsil müəssisəsi Bakı Mühəndislik Universitetidir. Buradakı elektron sistem vasitəsilə hər hansı tələbənin Avropada yaşayan yaxınları sistemə daxil olub onun davamiyyəti, nailiyyəti, imtahan qiymətlərini görə bilirlər”.
O, boloniyanın əsas şərtləri və əhəmiyyəti barədə danışarkən deyib:
"Vaxtilə kəsri olan tələbələr göndəriş alardılar. İndi isə belə bir şey yoxdur. Proqram ödənilməlidir. Tələbənin universiteti dörd ilə bitirməsi məcburi deyil. Universitetdən xaricolunma məsələsi yoxdur. Proqramı ödəyəndən sonra imtahan verib, diplomunu ala bilər.
Boloniyada proqramın mənimsənilməsi üçündə müasir təlim texnologiyalarından, ağıllı lövhələrdən istifadə şərtdir.
Bu sistemdə tələbə ali varlıq hesab olunur. Müəllimin borcu onun bilik ehtiyaclarını ödəməkdir. Tələbə istədiyi vaxt sual verə, cavab ala bilər. Ona qarşı böyük hörmət, ehtiram olmalıdır”.
Ekspert bu sahədə ali təhsil müəssisələrindəki əsas çatışmazlıqları da dilə gətirib:
"Təəssüf ki, bizim ali məktəblərin çoxu bu sistemin dəyərlərindən lazımınca yararlanmır. Hələ də köhnə tədrisdə qalıblar. Mən bir mütəxəssis kimi bütün ali məktəblərdə bu sistemin tətbiqini yüksək səviyyədə görmürəm. Ali məktəblərimizin bir neçəsində, məsələn, ADNSU, İqtisad Universiteti, Azərbaycan Diplomatiya Akademiyasında maddi texniki bazalar var. Amma digərlərində bu baza yoxdur. Müəllim öz hazırladığı materialı müasir qaydalarla, elektron formada tətbiq etmək istəsə də, şərait buna imkan vermir, kompüter, ağıllı lövhələr belə yoxdur.
Bəzi ali məktəblərdə müəllim-tələbə münasibətləri hələ də köhnə qaydadadır. Bu münasibətlərin demokratik olması, tələbəyə şəxsiyyət kimi davranılması onun cəsarətini artırır.
Yaşlı müəllimlər elektrondan, müasir metodlardan istifadə edə bilmir. Ən azından onların müasir texnologiyalarla işləyə bilən köməkçisi olmalıdır”.
Ə. Ağayev boloniya sistemindən imtina edilməsi ilə bağlı təkliflərin yanlış olduğunu bildirib. O hesab edir ki, bu sistemdən imtina yox, onu inkişaf etdirmək barədə düşünülməlidir:
"Maddi texniki imkanlarımız çox zəifdir. Amma boloniya sistemi ləğv oluna bilməz. Məncə, boloniya sistemi müasir təhsil texnologiyalarının tətbiqinə, təhsil yanaşmalarına, yalnız bir ölkə üçün yox, dünya üçün formalaşdırılan insanın hazırlanmasına bərabərdir.
Bizdə boloniya ad olaraq qalıb. Bunun içində müasir innovasiyalar, yeni texnologiyalar var ki, texnikanın inkişafı da bunu məcburi edir. Texniki imkanlar artdıqca təhsilə də təsir göstərir. Ona görə də daim yeniliklər aparılmalıdır. Tələbə başa düşməlidir ki, onun oxumaqdan başqa inkişaf yolu yoxdur. Boloniya müasirlik deməkdir. Müasirlik olmadan inkişafdan söz belə gedə bilməz.
Ən əsası isə müəllimlərimiz kütləvi şəkildə formalizmdən imtina etməlidirlər. Formalizm həmişə bizim bəlamız olub, indi də elədir. SSRİ-dən qalma məsələlər hələ də davam edir. Biz sözdə varıq, əməldə isə yox”.Lamiyə Süleymanlı//