Evdə təhsil sistemi- Azərbaycanda da mümkünmü?
Valideyn uşağının adını məktəbə yazdırır, müəllimlər isə gəlib evdə dərs keçir. Beləcə, uşaq yorulmur və əlavə dərnəklərə də vaxt ayıra bilir. Bu sistem dünyanın bir çox ölkələrində mövcuddur.
Valideynin istəyi ilə uşaq məktəbə yalnız imtahan vermək üçün gedir. Onun bilik səviyyəsi isə sinifdə dərs keçən uşaqlardan qat-qat yuxarı olur. Sərbəst qrafiklə keçirilən bu dərslərdə uşaq yorulmur, hətta əlavə dərnəklərə də gedə bilir. Azərbaycanda isə bu cür ev təhsili yalnız fiziki qüsurlu uşaqlara tətbiq edilir. Evdə təhsili yalnız somatik, nevroloji, cərrahi, dəri, psixonevroloji xəstəlikləri olan uşaqlar ala bilər.
Hər kəsə məlumdur ki, hazırkı dərs proqramının ağırlığı, fənlərin çoxluğu uşaqların yorğunluğuna, əlavə məşğuliyyətlərə vaxt tapa bilməməsinə və zehninin zəifləməsinə səbəb olur.
Uşaqların dərs yükünü azaltmaq üçün bir çox dünya ölkələrinin istifadə etdiyi bu praktikadan Azərbaycanda da istifadə etmək mümkün ola bilərmi? Əgər bu sistem ölkəmizdə tətbiq edilsə, bunun hansı müsbət nəticələri ola bilər?
Təhsil eksperti Etibar Əliyev sinifdə uşaqların sayının 15-20 nəfərdən ibarət olması istiqamətində ciddi işlər aparıldığını dedi:
"Azərbaycanda Rusiyadakı kimi ev şəraitində təhsil təhsildən kütləvi şəkildə yayınmaya səbəb ola bilər. Yəni hər bir ölkənin təhsil sistemi öz spesifikliyi ilə fərqlənir. Bütün dünyada şagirdlərin daha az sayda komplektləşdirilməsi yönündə ciddi addımlar atılır. Təhsili inkişaf etmiş ölkələrdə bu mümkündür. Komplektləşdirmə 10-15 nəfər şagirddən ibarət olaraq aparılır. Bu da fərdi təhsilə yaxınlaşmanı ehtiva edir. Əlbəttə ki, ola bilsin hansısa valideynin imkanları yüksəkdir və o, övladını fərdi də hazırlaşdırır. Heç kim inkar etmir ki, fərdi hazırlıq üstünlük təşkil edir.
Zaman baxımından da, müəllimin məsuliyyətli yanaşması baxımından da fərdi təhsil qrup halında təhsili üstələyir. Ancaq bizim təhsil sistemində bu mümkün deyil. Yaxşı olar ki, konkretləşdirmədə rasional addımlar atılsın. Yəni uşaqların sayı siniflərdə azalsın. Bu, təhsilin keyfiyyətinə yüksək təsir göstərə bilər. Onsuz da indiki şəraitdə yuxarı sinif şagirdlərinin dərsdən yayınma halları çoxdur. Yəni onlar evdə fərdi hazırlıqlara gedirlər. Əgər evdə fərdi hazırlıq sistemi də bizdə tətbiq olunsa, uşaqların məktəbdən daha çox ayrılmasına səbəb ola bilər. Hər halda, dünyada uşaqların təfəkkürünün inkişafında məktəbdən güclü sosiallaşma məkanı hələlik müəyyənləşdirilməyib”.