Ali təhsil müəssisələrində təhsilalma formaları əyani və qiyabi olmaqla iki cür müəyyən edilir. Tələbələrin əksəriyyəti əyani təhsil formasına üstünlük verir, lakin buna baxmayaraq qiyabi təhsili seçənlər heç də azlıq təşkil etmir.
Qiyabi təhsil tələbələrə oxumaqla yanaşı hər hansı bir sahədə işləməyə də şərait yaradır. Bu səbəbdən qiyabi təhsil formasına bu gün ölkəmizdə tələbat hələ də davam etməkdədir. Amma qiyabi təhsil forması əyanidən asan görünsə də burada tələbənin üzərinə yük daha çox düşür. Belə ki, əyani təhsil alan tələbələrin bir sessiya üçün 4-5 aya keçdiyi dərs qiyabilərə 1 aya tədris olunur. Bu da təbii olaraq tələbənin materialı tapmağına, mənimsəməsinə və imtahan nəticələrinin yaxşı olmağına çətinlik yaradır.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2014-2015-ci tədris ili üçün 53 ali təhsil müəssisəsində qiyabi təhsil alan tələbələrin sayı 20303 nəfər olubsa, 2015-2016-cı tədris ilində bu rəqəm artıq azalıb. Bu illərdə 54 ali təhsil müəssisəsində qiyabi təhsil alan tələbələrin sayı 16695 nəfər təşkil edib.
Mövzu ilə bağlı olaraq fikirlərini bizimlə bölüşən Bakı Dövlət Universitetində qiyabi təhsil alan 3-cü kurs tələbəsi Nilufər Bağırova düşünür ki, bu təhsil işlədiyinə görə ona sərf edir: "Qiyabi təhsil əslində işləyənlər üçün yaxşıdır deyə vaxt az ayrılır. 1 ay və ya 1 ay yarıma materialı öyrənmək mümkün olduğuna görə belə ediblər. Düzdür, vaxtın az olmağı tələbəyə yük olur. Amma hər sessiyadan əvvəl gedib ədəbiyyat siyahısı almaqla dərsə hazır getməliyik. Buna baxmayaraq bizə siyahı verilmir. Dekanatlığa müraciət edəndə deyirlər ki, "siyahı hazır deyil, bilmirik nə keçəcəksiniz, get, başqa vaxt gəl”. Başqa vaxt getmək də işdə olduğumuz üçün alınmır. Ona görə də əziyyət çəkirik. Sözün düzü, hər sessiyanın müddətin artırıb 2 ay etsələr belə mən şikayətlənərəm. Çünki işə görə qrafiki çatdırmaq çətin olur”.
Digər qiyabi təhsil alan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 1-ci kurs tələbəsi Eşqin Nuruşov da çətinlik çəkdiklərini bildirib: "Öz təhsilimdən razıyam, həmçinin mənim kimi bütün tələbə yoldaşlarım da təhsillərindən razıdır. Çünki qrupda hamımız işləyirik deyə ildə 2 dəfə dərsdə olmağımız bizi qane edir. Bəli, dərslər ağırdır. Əyanilərin 4 aya bölüb keçdikləri dərsi biz 1 dəfəyə götürürük. Çətin və ağır olsa da bu əziyyətə qatlanıb təhsilimizi davam etdiririk. Elə 1 ay ərzində ancaq "kserekopiyalarda” qalırıq ki, materialı əldə edib, oxuyaq”.
Bu barədə açıqlama verən Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev hesab edir ki, artıq qiyabi təhsilə o qədər də ehtiyac yoxdur: "Qiyabi təhsil formalarından biri kimi aktuallığını itirməkdədir. Çünki texnikanın, texnologiyaların inkişafı əyani təhsildən kənar təhsilalma imkanlarını artırıb. Hazırda distant (məsafədən) təhsil yolu ilə təhsillənməyə geniş imkanlar açılır. Nöqsanının olub-olmamasından asılı olmayaraq qiyabi təhsil elektron sistemlər dövründə sıradan çıxır. Buna görə də elektron-texnoloji imkanları olan ölkədə (insanlarda və müəssisələrdə) distant təhsilə ehtiyac qalmır”.
Məsələ ilə əlaqədar təhsil məsələləri üzrə ekspert Kamran Əsədov təəssüflə qeyd edib ki, 2009-cu ildən yeni Təhsil haqqında qanun qəbul edilsə də bu qanunda nəzərdə tutulmuş təhsil formaları tam şəkildə reallaşmayıb: "Hələ də ali təhsil müəssisələrində sovetlər dönəmindən qalan üsul və vasitələrdən istifadə edərək tədris prosesini qururlar. Ciddi problemlərdən biri də məhz qiyabi təhsil alan tələbələrin tədris yükdür. Danılmaz faktdır ki, onların tədris proqramı hədsiz dərəcədə yükləmiş vəziyyətdədir. Təhsil haqqında qanunda nəzərdə tutulur ki, qiyabi təhsil həm də distant formada həyata keçirilsin. Belə olan halda qiyabi təhsil alan tələbələrin dərs yükü azalar. Çünki indiki halda onlar universitetlər tərəfindən verilmiş dərs yükünü təkbaşına mənimsəyirlər. Əgər distant təhsil tətbiq olunsa onlar həmin dərsləri onlayn rejimində və ya texnologiyalardan istifadə edərək dinləyə, izləyə biləcəklər. Məhz bu səbəbdən də əmək bazarında qiyabi təhsil alan şəxslərin işlə təmin olunması problemə çevrilib. Çünki onlar tam şəkildə proqramı mənimsəyə bilmirlər. Bu sonda gələcək nəsillərin qiyabi təhsil almağa marağını azaldır”.
Ekspert hesab edir ki, bu sahədə dünya təcrübəsindən istifadə etmək lazımdır: "Bütün dünyada qiyabi təhsil forması var. Amma Azərbaycanda olduğu kimi aşağı səviyyədə deyil”.
Mövzu ilə bağlı Azərbaycan Respublikası Təhsil İnstitutu Beynəlxalq Əməkdaşlıq və İnformasiya şöbəsinin müdiri, əməkdar müəllim Almaz Həsrət də münasibət bildirib. O, qeyd edib ki, qiyabi təhsil elə bir təhsil formasıdır ki, burada tələbələr real olaraq auditoriyada az iştirak edirlər: "Əsasən onlar ixtisaslarına uyğun olan və ya olmayan sahələrdə mütəxəssis kimi praktik olaraq çalışmağa daha çox üstünlük verirlər. Yəni buna artıq dərəcədə diqqət etdiklərinə görə onlar təhsildən uzaq qalırlar. Onların cədvəli və yaxud öncədən veriləcək olan materiallar, proqramlar hazır olmadıqda onlar auditoriyada oturmadıqlarına və ildə iki dəfə oxuduqları ali təhsil müəssisələrinə baş çəkdikləri səbəbindən öz hüquqlarını tələb etmək haqqı yaranmır. Ancaq həmin tələbələr qiyabi təhsil almaqlarına baxmayaraq təbii ki, imtahan verməmişdən bir neçə ay öncə əllərində material olmasını tələb etməlidirlər”.
A. Həsrət əlavə edib ki, onlar tapşırıqları və sualları əvvəlcədən bilməlidirlər ki, o üzrə imtahana hazırlaşsınlar: "Əgər qiyabi təhsil alan tələbəyə 10 gün ərzində elan verilirsə ki, həftənin sonu imtahanın olacaq və sualları gəlib universitetdən aparın. Bu artıq indiki dövrə heç uyğun gəlməyən bir yanaşmadır. Çünki XXI əsrdəyik. Hansı ki, bu əsr elektron hökumətdən danışdığımız bir dövrdür. Ona görə də həmin ali təhsil müəssisələrinin saytlarında bununla bağlı bir bölmə olmalıdır. O bölmələrdə qiyabi təhsil alan tələbələr üçün mütəmadi olaraq elanlar verilməli və tez-tez informasiyalar yenilənməlidir. Həmçinin materiallar və suallar orada onlayn formada yerləşdirilməlidir ki, tələbə universitetə gəlib auditoriyada iştirak edə bilmədiyi halda çalışdığı müəssisədə və ya rayonda sayta baxmaqla bütün məlumatları əldə etsin. Ən əsası öncədən imtahana hazırlaşa bilsinlər. Belə olan halda təbii ki, çox rahat şəkildə imtahana hazırlaşıb mükəmməl biliyə sahib olan tələbə yüksək nəticə əldə edəcək”.
azadinform.az