Evdə, məişətdə uşaqlarla başqa dillərdə danışmayın! - Bu problemlər qaçılmazdır
Evdə, məişətdə uşaqlarla başqa dillərdə danışılması gələcəkdə ana dili ilə bağlı ciddi problemlər yarada bilərmi?
Aztəhsil.com xəbər verir ki, deputat, professor Nizami Cəfərov bu məsələdə problemin bir tipli olmadığı fikrindədir:
"Bu fikirdəyəm ki, bizim uşaqlarımız orta məktəbi Azərbaycan dilində bitirməlidirlər. Bunun əhəmiyyəti var. Azərbaycan dilində orta məktəbi bitirən uşaq istər-istəməz milli mühitin yetirməsi olur. Çünki burada tək dil məsələsi deyil. Müxtəlif elmlər var ki, hamısı bir yerdə təzahür edir. Bu gün Azərbaycanda çox ailə uşaqlarını azərbaycandilli məktəblərə verir. Orta məktəbə gedən uşaqlara müxtəlif dilləri öyrətməyə çalışırıq. Dünyanın beynəlxalq dillərinin öyrənilməsi qaçılmaz məsələdir. Bu da bəzi ailələrdə belə təsəvvür yaradır ki, uşaqlar onsuz da evdə Azərbaycan dilində danışırlar və Azərbaycan dilini bilirlər. Qoy, rus və ingilis dillərində danışsınlar. Amma ana dilini sonradan öyrətmək heç də hər ailəyə müyəssər olmur. Elə ailələr var ki, uşağa ana dilini öyrədə bilir, amma bu halda da tam öyrənmək mümkün deyil. Bir var dili ailədə məişət dili səviyyəsində, bir də var orta məktəbdə öyrənəsən. Bu problem bizim reallığımızdır. Çalışmalıyıq ki, övladlarımız ana dilini, dövlətin dilini yaxşı bilsinlər. Bu, həm mənəvi hadisədir, həm də siyasi-ideoloji.
Xarici dilli məktəblərdə tədrisin səviyyəsi yüksək olur. Bu isə balaca məsələ deyil. Həmin məktəblərdə müəllim, şagird seçimi xüsusi aparılır. Dünya artıq qloballaşıb. Sən ona etiraz etməklə nəyəsə nail ola bilməzsən. Onun qaydaları ilə hərəkət etməyi bacarmalısan. Sənin azərbaycandilli məktəbin ingillisdilli məktəbin qədər güclü olmalıdır ki, uşaqlar həm də Azərbaycan dilində oxusunlar. Biz birinci növbədə ana dilini, ikinci sırada ingilis, rus dilini bilməliyik. Gələcəkdə bu dünyada darıxmayan, dünyanın miqayasında olan insanlar yetişdirmək istəyiriksə, bunlar olmalıdır".
Nitqimizdə rus sözlərinin yer almasının əsas səbəbini deputat, milli sözlərimizin yerinin möhkəm olmamasında görür:
"Yazı dilimizdən fəqrli olaraq, şifahi dilimizdə külli miqdarda rus sözləri var. Bunların da əksəriyyəti köməkçi sözlərdir. "Zato", "uje", "znaçit", "tak çto", "voobşe" və s. belə sözlər çoxdur. Deyək ki, "mühərrik" əvəzinə "motor", "mühəndis" əvəzinə "injener" kimi külli miqdarda belə sözlər işlədirik. Əvvəla, rus dili mühitinin dilimizə təzyiqi olub. Başqa bir tərəfdən bizim dilimizdə müəyyən sözlər var ki, yeri möhkəm deyil. Dilimizdə "ümumiyyətlə" sözünün yeri möhkəm deyil. Həmin sözün yeri milli dil təfəkkürümüzdə möhkəm olsaydı, yerinə "voobşe" gələ bilməzdi".