Tərbiyəyə etinasız yanaşma -Anaların vəzifəsi...
Anaların vəzifəsi elə əhəmiyyətlidir ki, onun gerçəkləşməsinə mane olacaq heç bir şeyə yol verməməlidir. Əks halda xoşbəxtlik binası uçacaq, bəşəriyyətin özü isə çox saylı xəstəliklərə mübtəla olacaqdır. Uşaqlıq dövrü nə qədər təriflənsə də, gələcək üçün onun böyük əhəmiyyəti vurğulansa da, ilk əvvəl yadda saxlamaq lazımdır ki, bu dövrdə uşağın əxlaq və davranışının əsası qoyulur.
Tez-tez məsuliyyət hissini itirmiş və öz vacib vəzifəsini yaddan çıxarmış valideynlərlə rastlaşmalı olursan. Onlar vaxtlarının çoxunu uşaqlarının təlim-tərbiyəsinə həsr etmək əvəzinə, boş-boşuna sərf edir və yalnız macal tapanda başlı-başına buraxılmış övladlarını xatırlayır və tam laqeydliklə onlardan işlərinin necə getdiyini soruşurlar. Onlar uşaqlarına bir və ya iki, əksər hallarda dəyərsiz, boş və cəfəng məsləhətlər verir, bununla da öz uşaqlarının fiziki və mənəvi tələblərindən tamamilə xəbərsiz olduqlarını nümayiş etdirirlər. Nəzarətə ehtiyacı olan uşaqlar anaları tərəfdən qayğı və diqqətdən məhrumdurlarsa, onlar alaq otları kimi böyüyəcək və inkişaf prosesində tələb olunan keyfiyyətlər əldə etməyəcək və faydalı vərdişlərə yiyələnməyəcəklər.
Məsələn, ana gec yatdığına görə, uşaqlar məktəbə hazırlaşdıqları vaxt yuxudan ayılır. Ananın nəzarətindən kənarda qalmış uşaqlar əl-üz yumağı, dişlərini təmizləməyi, yəni sağlamlıq üçün zəruri olan gigiyenik prosedurları etməyi unudurlar. Ananın öz vəzifəsinə – təlim-tərbiyəyə bu cür laqeyd münasibəti ona gətirib çıxarır ki, uşaqlar səliqəsiz geyinəcək, səhər yeməyini necə gəldi yeyəcək və nəhayət məktəbə gecikəcəklər. Başlı-başına buraxılmış uşaqların düşdüyü çətin vəziyyəti sürücüsüz hərəkət edən avtomobilə bənzətmək olar.
Məktəbdən qayıdan uşaqlar ananın harasa getməyə hazırlaşdığını görürlər. Ayna qarşısında bəzənməklə məşğul olan ana hədsiz "mehribanlıq” və "şəfqətlə” onlara "ana” məsləhəti verir:
"Mənim əzizlərim, atanızla bərabər nahara dəvət olunmuşuq. Bəlkə evə gec qayıtdıq. Ev tapşırıqlarınızı hazırlayın, dəcəllik etməyin, dayənin sözünə qulaq asın. Axşam yeməyindən sonra, tez yatağınıza girin”.
Uşaqlardan kimsə ananın daim evdə olmamasına qarşı öz etirazını bildirərsə, o, həmin an onun səsini kəsərək, öyüdverici tonla deyir:
"Afərin! Nə vaxtdan mənə əmr etməyə başlamısan? Nə vaxtdan uşaqlar böyüklərin işlərinə qarışmağa başlamışlar? Siz məktəbə gedirsiniz, başqa uşaqlarla həyətdə oynayırsınız. Mənsə heç yerə getmirəm. İndi sizə görə mən evdə oturmalıyam”.
Ananın ədalətsiz ittihamı uşağı susdurur və o öz "kobudluğuna” görə peşman olur.
Bu cür ailə şəraiti - suvarılmayan, qulluq edilməyən bağbansız meyvə bağına bənzəyir. Belə bağın ağacları, əlbəttə, bəhrə verməyəcək və göz oxşamayacaq, əvvəl-axır quruyacaq və yalnız sobada yandırılmağa yararlı olacaqdır.
Analar uşaqlarına görə çox şeyi qurban verməli və şəxsi maraqlarını və istəklərini uşaqlarının xoşbəxtliyinə tabe etməyi bacarmalıdırlar. Övladın təlim-tərbiyəsindən, kamilləşdirilməsindən ən böyük vəzifə ola bilməz. Anaların bu böyük vəzifəsinin öhdəsindən heç kim, nə müəllimlər, nə də qohumlar gəlmək gücündə deyillər.
Öz məsuliyyətinə biganə yanaşan valideynlər bir gün uşaqlarının kobud, savadsız, insani məziyyətlərdən xəbərsiz böyüdüklərini aşkar edəcək və bundan da ilk növbədə əziyyət çəkən də valideynlərin özləri olacaqdır.