Müəllimin başlıca silahı - Pedaqoji ustalıqda...
Müəllimin pedaqoji ustalığının çoxlu tərifi vardır. Onların hər birində nə isə yeni bir bacarıq və keyfiyyətlər göstərilir. Bu mənada təlim və tərbiyə sahəsində ustalıq anlayışının məzmunu daim təkmilləşir, yeniləşir və genişlənir.
Öz işinin ustası olan müəllim - pedaqoq ilk növbədə yüksək bilik və ixtisas sahibi, mədəniyyət və ünsiyyət mütəxəssisidir. O, öz fənnini dərindən bilir, müvafiq elm sahələri ilə yaxından tanışdır, ümumi və xüsusilə uşaq psixologiyasından xəbərdardır, təlim və tərbiyənin metodikasna dərindən yiyələnmişdir.
"Müəllimin pedaqoji ustalığı” anlayışının mahiyyəti pedaqoji nəzəriyyədə tarixən iki cür başa düşülür. Birinciyə görə, təlim-tərbiyə işində metodika aparıcı rol oynayır. İkinciyə görə, təlim-tərbiyə işində aparıcı rolu müəllimin şəxsiyyəti oynayır. Əslində isə metodika onu tətbiq edən müəllimin şəxsiyyətindən ayrılmazdır. Ustalığa yiyələnmək üçün çox şeyi bilmək və baçarmaq lazımdır. Təlim-tərbiyənin qanunauyğunluqları və prinsiplərini bilmək, təlim-tərbiyə prosesinin səmərəli texnologiyalarından istifadə etməyi bacarmaq xüsusilə vacibdir. Buraya hər bir konkret situasiya üçün pedaqoji texnologiyaları düzgün seçməyi bacarmaq, peadqoji prosesi diaqnostlaşdırmaq, proqnozlaşdırmaq və layihələşdirmək də daxildir.
Belə bir fıkir mövcuddur ki, yalnız istedadlı insanlar yaxşı müəllim ola bilərlər. Başqa fikirlər də vardır: kütləvi peşə olan müəllim peşəsi xüsusi qabiliyyəti olan insanların imtiyazı ola bilməz. Amma, demək olar ki, əksər insanlara təbiət tərbiyəçi olmaq keyfiyyətlərini, öyrətmək qabiliyyətlərini vermişdir. Vəzifə pedaqoji ustalığı öyrənməkdən ibarətdir.
Tədqiqatlar göstərir ki, ən yüksək istedadlı müəllimlər 12-15 faizdən çox deyildir. Buna baxmayaraq müəllimlərin böyük bir hissəsi təlim-tərbiyə metod və priyomlarına yaxşı yiyələnmiş, öyrətmə metodikasına yaxşı bələd olmuşlar.
Müəllimin pedaqoji ustalığı hər şeydən əvvəl tədris prosesini təşkil etmək bacarığındadır. Usta müəllim hətta ən əlverişsiz şəraitdə belə şagirdlərinin lazımi tərbiyəlilik, inkişaf və bilik səviyyəsinə nail ola bilir. Əsil müəllim hər hansı bir suala qeyri-standart cavab tapа bilir, şagirdə xüsusi qayğı ilə yanaşmağı bacarır. Belə müəllimlər öz ixtisasını, tədris etdiyi fənnin inkişaf perspektivlərini dərindən bilir, o, müasir ədəbiyyata, mədəniyyətə, idman yeniliklərinə bələddir, beynəlxalq hadisələri təhlil etməyi bаcarır. Amma biliklər hələ kifayət deyildir. Müəllim öz fənnini bilir və sevir, amma öz biliklərini şagirdlərə çatdırmaq bacarığına malik deyil, şagirdlərlə "ümumi dil tapa bilmir”, sinifdə münaqişələr və mübahisələr yaranır. Demək, müəllimin pedaqoji ustalığı yoxdur. Pedaqoji ustalığa malik müəllim ixtisasını dərindən mənimsəyərək, pedaqoji qabiliyyətlərə malik, fəal və interaktiv təlim metodlarını, dərindən bilən, ünsiyyət mədəniyyətinə, yeni peadqoji texnologiyalara yiyələnən müəllimdir.
Müəllimin pedaqoji ustalığı həmçinin fənnini şagirdlərə necə öyrətməkdə, fənnini uşaqlara necə sevdirməkdə özünü göstərir. Təcrübəli, bacarıqlı müəllimlər tədris materialını şagirdlərə elə dərsdə mənimsətməyə nail olurlar. Təcrübəli müəllimlərin müvəffəqiyyətinin sirri şagirdlərin fəaliyyətini düzgün idarə еtmək bacarığındadır.
Pedaqoji ustalığın mühüm göstəricilərindən biri şagirdləri fəallaşdırmaq, onların qabiliyyətini, müstəqilliyini inkişaf etdirmək bacarığıdır. Usta müəllim təlim prosesini fəallaşdırmaq üçün müxtəlif metodlardan istifadə etməklə dərsdə şagirdləri düşünməyə, maraqlanmağa istiqmətləndirməyi bacarır.
Müəllimin vəzifəsi öyrənmə prosesinin özündə müsbət emosiyalar aşılamaq üçün yollar axtarıb tapmaqdır. Bunlar аdi priyomlardır: iş metodlarını dəyişmək, müəllimin emosionallığı, müəllimin fəallığı, maraqlı misallar, yerinə düşən iradlar və s. Bu priyomlar təkcə müvəffəqiyyətlərə səbəb olmur, onlar müəllimə rəğbətin artmasına kömək edir, fənnə sabit, daimi maraq aşılayır.
Pedaqoji texnikanın tərkib hissələrindən biri müəllimin özünün və şagirdlərin diqqətini idarə temək bacanğıdır. Müəllim müxtəlif uşaq qrupları ilə işləyir, uşaqlar xeyli tədris əməliyyatı yerinə yetirirlər ki, bütün bunlar müəllimin diqqətindən kənarda qala bilməz.
Müəllim üçün çox vacib olan keyfıyyətlərdən biri də şagirdin zahiri davranışına görə onun daxili vəziyyətini müəyyənləşdirmək bacarığıdır. Pedaqoji priyomlaрı seçən zaman bunu nəzərə almamaq olmaz. Şagirdin həqiqi psixoloji vəziyyətini hər zaman nəzərə almaq pedaqoji məharətin əsasını təşkil edir və pedaqoji fəaliyyətdə mühüm yer tutur.
Pedaqоji hərəkətlərdə temp hissi pedaqoji texnikanın tərkib hissəsidir. Müəllimlərin bir çox səhvlərinin səbəblərindən biri budur ki, onlar tədris əməliyyatlarının tempini gözləmir, məsələlərin həllini pedaqoji cəhətdən düzgün ölçüb-biçmirlər. Bəzən müəllimlər tələsir, bəzən də gecikirlər, bu isə hər hansı bir halda pedaqoji təsirin səmərəsini aşağı salır.
Müəllimin şagirdlərə müraciəti həm xahiş, həm tənbeh, həm təqdir, həm də əmr formasında ola bilər. Bütün bu hallarda müəllim həmişə öz "rolunu" düzgün oynamalı, səsinin tonuna, ahənginə fikir verməlidir.
Müəllim-pedaqoq öz səs tonunu məqamına görə özü idarə etməyi öyrənməli, pauzanı, duruşu, mimikanı, jestləri yerinə görə düzgün işlətməyi bacarmalıdır.
A.S.Makarenko yazır: "Mən "Bura gəl" sözünü 15-20 çalarda deməyi öyrənəndən sonra, üzümün quruluşunda, səsimin qoyuluşunda 20 incəliyi biləndən sonra pedaqoq oldum".
Bəzi Amerika pedaqoqları "Müəllim - şagird münasibətləri"ndə müəllimin "subyektiv" ünsiyyətinin xüsusiyyətlərini təhlil etmişlər. Müəyyən olunmuşdur ki, müəllimlər rəğbət göstərdikləri şagirdlərlə daha çox ünsiyyət və münasibətdə olurlar. Biganə qaldıqları şagirdlər isə müəllimin diqqətindən kənarda qalır. Müəllimlər "intellektuallara", daha intizamlı, sözə baxan, icraçı şagirdlərə daha yaxşı münasibət bəsləyirlər. Passiv şagirdlər ikinci yerdə durur. Müstəqil, fəal və özünə güvənən, tənqidi fikirlər söyləyən şagirdlər isə müəllimin hüsn-rəğbətindən demək olar ki, məhrumdurlar.
Pedaqoji ünsiyyətin üslubundan asılı olaraq müəllimlər üç tipə bölünür: "proaktiv" (fəal), "reaktiv" (az fəal), "sverxaktiv (çox fəal).
"Fəal" müəllim ünsiyyətin təşkilində təşəbbüskardır, şagirdlərlə əlaqələrini fərdiləşdirir, onun mövqeyi, xətti topladığı təcrübəyə uyğun olaraq dəyişir. O, nə istədiyini bilir və öz hərəkətində nəyin məqsədə nail omlağa kömək göstərdiyini başa düşür. "Az fəal" müəllim öz xəttində, mövqeyində çevikdir, amma o, daxilən zəifdir. Onun siniflə ünsiyyətinin xarakterini özü yox, şagirdlər diktə edirlər. "Çox fəal" müəllim öz şagirdlərini yüksək qiymətləndirməyə və qeyri-real ünsiyyət modelləri qurmağa, yaradıcı fəaliyyət göstərməyə meyllidir.
Pedaqoji ustalıqda müəllimin başlıca silahı sözdür. Bundan başqa, onun ehtiyatında xеyli qeyri-verbal (nitqsiz) ünsiyyət vasitələri də vardır.
1. Ekspressiv - mənalı hərəkətlər. Ekspressiv-mənalı hərəkətlər müəllimin davranışının özünün görmə orqanı vasitəsilə özünü müşaiyət etməsidir. Burada duruş, mimika, əl-qol hərəkəti, baxış, yeriş xüsusi rol oynayır. Tədqiqatçılar göztərirlər ki, məsələn, müəllimin hərəkətsiz duruşu, yaxud müəllimin üzü görünməzsə, ya az görünərsə, şagirdlərə verilən informasiyanın 10-15 faizə qədəri itir. Şagirdlər мüəllimin gözünə, baxışına çox həssasdırlar. Gözlərin vasitəsilə vəziyyət haqqında ən düzgün məlumatlar verilir, ona görə ki, göz bəbəklərinin daralması və genişlənməsi şüurlu nəzarətə tabe olmur. Müəllimin əsəbi, bədbin vəziyyəti bəbəkləri daralmağa məcbur edir. Onun üzü mehriban, səmimi olmur, şagirdlər özlərini diskomfort hiss edirlər, işin səmərəsi aşağı düşür.
Müəyyən olunmuşdur ki, müəllimin "qapalı" duruşu (bədəninin ön hissəsini kürsü vasitəsilə, masa vasitəsilə örtməyə və məkanda mümkün qədər az yer tutmağa çalışması və ya qollarını qoy-nuna qoyması, yaxud da oturaraq iki əlini çənəsinin altına dayaması) inamsızlıq, etibarsızhq, razılaşmamaq, əks təsir göstərmək, tənqid kimi başa düşülür.
"Sərbəst" duruş, təbii danışıq, jestlərdən, mimikalardan istifadə etmək, şagirdərlə göz təması yaratmaq etibar, inam, razılıq, xeyirxahlıq, psixoloji komfort kimi başa düşülür. Bütün bunları şagirdlər mexaniki olaraq qavrayırlar.
2. Prosodika və ekstralinqvistika (intonasiya, səsin ucalığı, tembri, nəfəsalma, gülüş, öskürək). Səsin xarakteristikaları prosodik (nitqdə vurğulu və vurğusuz, uzun və qısa hecaların tələffüzü sistemi) və ekstralinqvistik (linqvistikadan kənar) hadisələrə daxildir. Şövq, ruh yüksəkliyi, sevinc hissləri adətən yüksək səslə deyilir. Narazılıq adətən yumşaq və batıq səslə deyilir.
Nitqin sürəti də müəllimin hisslərini əks etdirir. Həyəcanlılıq və ya rahatlıq sürətli nitqdə özünü əks etdirir.
Aramla, yavaş-yavaş danışmaq yorğunluq və ya təkəbbürlülük əlamətidir.
3. Takesik ünsiyyət vasitələri. Başı sığallama, toxunma, əl-ələ verib görüşmə, tərifləmə takesik ünsiyyət vasitələrinə aiddir. Sübut olunmuşdur ki, onlar xüsusi ilə tam olmayan ailələrdən olan uşaqlar üçün bioloji cəhətdən zəruri stimulyator formalarıdır. Şıltaq və ya inciyən uşağın başını sığallamaqla çox şeyə nail olmaq olur. Hər pedaqoqun buna ixtiyarı yoxdur. Bunu ancaq uşaqların etibarını qazanmış müəllimlər edə bilərlər.
4. Proksemik vasitələr. Bunlara təlim zamanı müəllim və şagirdlərin oriyentasiyası və оnlar аrаsında distansiya aiddir. Pedaqoji distansiyanın normaları aşağıdakı məsafələr kimi müəyyən olunmuşdur:
1) Müəllimin şagirdlərlə fərdi ünsiyyəti – 50 sm-dən 120 sm-dək; 2) sinifdə şagirdlərlə rəsmi ünsiyyət - 120-400 sm; 3) auditoriya qarşısında çıxış edən zaman açıq ünsiyyət 400-750 sm.
Ünsiyyət distansiyasının müntəzəm dəyişməsi pedaqoji əməyin xüsusiyyətidir. Bu, müəllimdən dəyişən şəraitə dəfələrlə uyğunlaşmağı tələb edir.