Məktəblilərə sosial bəlanın zərərli cəhətlərindən danışıblar
Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Bakıxanov qəsəbəsindəki 74 nömrəli tam orta məktəbdə "Narkomaniya bəşəriyyətin faciəsidir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Aztəhsil.com azərtac.az-a istinadən xəbər verir ki, Rayon icra hakimiyyətindən verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları narkotik vasitələrindən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən videoçarxı izləyiblər.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirinin müavini Ədalət Teymurov çıxış edərək müasir dövrün sosial bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə geniş məlumat verib.
Sabunçu Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev və Respublika Narkoloji Dispanserinin həkim-narkoloqu Qalib Məmmədov çıxış edərək respublikada narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olanların müalicə edilməklə sağlam həyata qaytarılması tədbirlərinin səmərəliliyi haqqında danışıb, gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürüblər.
Sonra şagirdləri maraqlandıran suallara cavablar verilib.