Azərbaycanda internatura təhsili bərpa edilə bilər
“İşsizlikdən sığorta mexanizmi yalnız o zaman effektiv ola bilər ki, bütün kateqoriyalarda çalışan şəxslərin əmək statusu dəqiq müəyyənləşdirilmiş olsun”.
AzTehsil.com xəbər verir ki, bunu deputat Rəşad Mahmudov parlamentin bugünkü plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, ölkəmizdə rezident həkimlər faktiki olaraq real əməyin bütün yükünü daşıdıqları halda, onların hüquqi statusu tam tənzimlənməyib.
“Onlar növbələrdə qalır, pasiyent qəbul edir, təcili yardım prosesində iştirak edir, əməliyyatlara girirlər və bu təcrübə onların təhsilinin bir hissəsidir. Faktiki olaraq tibb personalı kimi ölkənin əsas xəstəxanalarında fəaliyyət göstərirlər. Lakin onların böyük bir hissəsi rəsmi əmək müqaviləsi ilə ya tam təmin olunmayıb, ya da yalnız Elm və Təhsil Nazirliyi tərəfindən verilən təqaüd əsasında Səhiyyə Nazirliyinə ayrılmış vəsaitlər çərçivəsində ödəniş alırlar. Bu isə əmək münasibətlərinin rəsmiləşdirilməməsi deməkdir. Nəticədə bu vəziyyət gələcəkdə sosial sığorta ödənişlərinə, işsizlikdən sığorta hüquqlarına, eləcə də pensiya kapitalının yığılmasına mənfi təsir göstərir və sistemdə boşluq yaradır” – deyə R. Mahmudov vurğulayıb.
“Əgər biz bütün sahələrdə işçi hüquqlarının bərpasından, sosial müdafiənin gücləndirilməsindən danışırıqsa, tibb sahəsində real fəaliyyət göstərən gənc həkimlərin hüquqi statusunun qeyri-müəyyən qalması artıq yolverilməz haldır. Unutmaq olmaz ki, bu şəxslər ən yüksək balla tibb universitetinə daxil olmuş, sonra isə daha yüksək imtahan nəticələri ilə rezidenturaya qəbul olunmuş şəxslərdir və hazırda ölkənin aparıcı xəstəxanalarında xalqımıza xidmət göstərirlər”.
Deputatın sözlərinə görə, 2011-ci ildən internatura proqramının ləğvi sistemdə boşluqlar yaradıb. Bu proses Səhiyyə Nazirliyi tərəfindən diqqətlə araşdırılmalı və həll edilməlidir.
“Hazırda səhiyyə sahəsində dövlət büdcəsindən ayrılan vəsait 400 dəfə artırılaraq, son 5 il ərzində 800 milyondan 3,7 milyard manata yüksələn rəqəmlər fonunda, hələ də birinci mərhələli tibbi xidmətdə müşahidə olunan bəzi çatışmazlıqlar və insan kapitalı ilə bağlı boşluqlar, əslində, rezidentura proqramına qəbul olunmayan şəxslərin internatura mərhələsindən keçməməsi ilə bağlıdır.
Beynəlxalq səviyyədə qeyd etmək istəyirəm ki, heç bir nəzarətli praktiki hazırlıq dövrünü,- yəni internatura mərhələsindən keçməmiş şəxsə insan üzərində tibbi müdaxilə hüququ verilmir. Bu həm də gənclərin gələcəyinə, tibbi peşəyə olan marağın davamlılığına da mənfi təsir göstərə bilər”.
Deputat sonda bu sahələri əhatə edən dəyişikliklər də təklif edib:
“Tibbi təhsildə internatura mərhələsinin bərpası və ona ekvivalent praktik ilin yaradılması, rezident həkimlərə əmək müqaviləsinin qanunvericiliklə məcburi şəkildə tətbiqi, rezidentura proqramının məzmununun və klinik yükünün tibb müəssisələrinin real ehtiyaclarına uyğunlaşdırılmalıdır”.![]()








