MDU-nun rektoru “İnnostart Grand Final Demo Day” tədbirində iştirak edib
MDU-nun rektoru “İnnostart Grand Final - Demo Day” tədbirində iştirak edib
2025-ci il avqustun 20-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və SUP.VC şirkətinin tərəfdaşlığı ilə “İnnostart Grand Final - Demo Day” tədbiri keçirilib.
AzTehsil.com xəbər verir ki, layihənin yekun mərhələsinə ölkənin müxtəlif regionlarından innovativ gənclər, universitet nümayəndələri, startap komandaları və biznes təmsilçiləri qatılıb. Bakı Konqres Mərkəzində keçirilən tədbirdə Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.
Tədbir çərçivəsində çıxış edən rektor A.Eminov layihənin əhəmiyyətindən söhbət açaraq “İnnostart”ın regionlarda innovasiya ekosisteminin inkişafına xidmət edən mühüm təşəbbüslərdən biri kimi qiymətləndirib. Rektor Azərbaycanın rəqəmsal inkişaf və innovasiya sahəsində atdığı addımların xüsusən regionlarda gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, onların yeni ideyalar əsasında təşəbbüslər irəli sürməsinə mühüm şərait yaratdığını bildirib. A.Eminov, “Innostart” layihəsinin qısa müddətdə 35 yeni innovativ layihənin dəstəklənməsinə səbəb olmasının bu istiqamətdə əldə olunan uğurların bariz göstəricisi olduğunu diqqətə çatdırıb. O, MDU olaraq bu təşəbbüsləri yüksək qiymətləndirdiklərini və gənclərin biliklərinin, ideyalarının ölkənin gələcək inkişafına töhfə verəcəyinə inandıqlarını vurğulayıb.
Çıxışının sonunda A.Eminov layihədə iştirak edən bütün komandaları təbrik edib, təşkilatçılara təşəkkürünü bildirib və gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbir çərçivəsində SUP.VC şirkəti tərəfindən keçirilən Təlimçilər üçün Təlim proqramını uğurla başa vuran MDU-nun əməkdaşlarından Faiq Yusifli və Müşfiq Hüsenyov sertikatla təltif edilib.
Qeyd edək ki, “İnnostart” layihəsi 2024-cü ilin sentyabr ayından icra olunmağa başlayıb. Layihə çərçivəsində maarifləndirmə tədbirləri, hakatonlar və inkubasiya proqramları həyata keçirilib, ümumilikdə 35 yeni innovativ layihə dəstəklənib. Həmin layihələrdən 17-i isə final mərhələsinə keçərək “Demo Day”də təqdim olunub. Yekun mərhələdə isə 50 000 AZN mükafat fondu uğrunda “Grand Final - Demo Day” təşkil olunub.